Alman hərbçilərinin səs yazısı NATO-da böyük narahatlıq doğurub
Almaniya Müdafiə Nazirliyi etiraf edib ki, yüksək rütbəli alman zabitlərinin Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlərin tədarükü perspektivlərini müzakirə etdikləri səs yazısı həqiqidir. Həmin səs yazısında Krım körpüsünün partladılması ehtimalından da danışırlar. Almaniya kansleri Olaf Şolts belə həssas məlumatların sızmasını “hərtərəfli, intensiv və qısa zamanda” araşdırmağa söz verib. Rusiya isə Almaniyadan izahat tələb edib. Moskva israr edir ki, Bundesver zabitləri arasındakı söhbətin məzmunu “kansler Şoltsun Almaniya Federativ Respublikasının münaqişədə əsaslı şəkildə iştirak etməməsi ilə bağlı bəyanatlarını tamamilə təkzib edir”.
Məlum səs yazısı Almaniyada siyasi zəlzələyə səbəb olub. Vəziyyət o həddə gəlib çatıb ki, kansler Olaf Şolts da məsələyə münasibət bildirib. O, hadisəni “çox ciddi problem” adlandırıb. Bununla yanaşı, cənab Şolts məsələni “çox diqqətlə, çox intensiv şəkildə və qısa zamanda” araşdıracağına söz verib. Bazar günü axşam saatlarında Almaniyanın müdafiə naziri Boris Pistorius hadisə ilə bağlı danışıb. O, insidenti “Putinin informasiya müharibəsinin bir hissəsi” adlandıraraq qeyd edib ki, hərbçilər “müxtəlif ssenariləri müzakirə ediblər” və onların sözləri “Taurus” raketlərinin Ukraynaya çatdırılmasına yaşıl işıq yandırıldığı anlamına gəlmir.
Bundan əvvəl də Almaniya Müdafiə Nazirliyi jurnalistlərə “hava qüvvələrindəki söhbətin ələ keçirildiyini” və onlayn yayımlanan audio yazının həqiqi olduğunu təsdiqləyib. Federal Hərbi Əks-Kəşfiyyat İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb. Eyni zamanda alman mətbuatının məlumatına görə, yoxlama təkcə Hərbi Hava Qüvvələrində deyil, bütün Müdafiə Nazirliyində, eləcə də Almaniya Federativ Respublikasının digər hüquq-mühafizə orqanlarında aparılacaq. Alman hərbi əks-kəşfiyyatı ehtiyat edir ki, Rusiya kəşfiyyat xidmətləri sadalanan qurumları da dinləyə bilər.
Bundestaq insidentin araşdırılması üçün xüsusi komitənin yaradılmasını tələb edir. Deputatları iki əsas məsələ narahat edir. Birincisi, həm hakim koalisiyadakı partiyaların siyasətçilərini, həm də müxalifəti narahat edir: Almaniyanın yüksək rütbəli hərbçiləri arasında son dərəcə həssas məsələlərlə bağlı söhbət Rusiya tərəfindən necə ələ keçirilə bilər və bunun bir daha baş verməməsi üçün nə edilməlidir? Bundestaqın kəşfiyyat xidmətlərinin fəaliyyətinə nəzarət komitəsinin sədri Konstantin fon Notz sual verib ki, bu, təcrid olunmuş insidentdir, yoxsa struktur təhlükəsizlik problemidir?” O, problemin dərhal aydınlaşdırılmasını gözlədiyini açıqlayıb. Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermann isə vurğulayıb ki, Almaniya təcili olaraq təhlükəsizliyini və əks-kəşfiyyatını gücləndirməlidir. Müxalifət kansleri Bundestaqa bu məsələ ilə bağlı izahat verməyə çağırıb.
Parlament müxalifəti də hadisənin baş vermə şəraitinin hərtərəfli araşdırılmasında israrlıdır. Xristian Demokratlar İttifaqının xarici siyasət sözçüsü Norbert Röttgen “Funke” media qrupuna deyib ki, söhbətin sızması zamanı hansı təhlükəsizlik tədbirlərinə əməl edilib-edilmədiyini mümkün qədər tez aydınlaşdırmaq lazımdır. Alman mətbuatının yazdığına görə, söhbət zamanı Almaniya Hərbi Hava Qüvvələrinin zabitləri qapalı rabitədən deyil, “Cisco WebEx” konfrans zəngləri üçün kommersiya platformasından istifadə ediblər. Eyni zamanda söhbətdə iştirak edənlərdən biri Sinqapurdan adi mobil telefon vasitəsilə qoşularaq görüşdə iştirak edib.
“The Wall Street Journal” (WSJ) yazır ki, səs yazısının ictimailəşməsi Almaniya və NATO arasında münasibətlərdə gərginlik yarada bilər. Danışıqdan belə nəticə çıxır ki, Böyük Britaniya, Fransa və ABŞ hərbçiləri Ukraynadadır və Kiyevə müasir Qərb texnikasını saxlamaqda kömək edirlər. Lakin sadalanan ölkələr Ukraynada öz ordusunun olmasını inkar edir. WSJ-nin fikrincə, bu, Almaniya ilə NATO arasında münasibətləri çətinləşdirə bilər. Qəzetə müsahibə verən ekspertlər hesab edirlər ki, söhbətin yayılması ilə bağlı insident “Taurus” raketlərinin Kiyevə çatdırılma ehtimalını daha da aşağı salıb. Almaniya kansleri Olaf Şolts daha əvvəl Ukraynaya raket tədarükündən imtinanı onunla izah etmişdi ki, mərmiləri proqramlaşdırmaq və onları hədəfə almaq üçün alman mütəxəssislərə ehtiyac olacaq. “Focus” yazır ki, səs yazısı Ukraynanın silahları təkbaşına idarə edə biləcəyini göstərir.
Səs yazısının yayılmasından sonra Qərbdə raketlərin Ukraynaya çatdırılması mövzusunda narahat olmağa başlayıblar. Böyük Britaniyanın “Times” qəzeti yazır ki, Rusiya kəşfiyyatı SCALP və “Storm Shadow”un Ukraynaya göndərilməsini izləyə bilər. Qəzet qeyd edib ki, Britaniya və NATO-nun digər üzvləri mühüm məlumatların açıqlanmasına səbəb olan təhlükəsizlik pozuntusundan çox narahat olmalıdırlar. Məqalədə xəbərdarlıq edilir ki, alman hərbçilərinin səs yazısındakı məlumatlar Rusiya kəşfiyyatına onları izləməyə və lokallaşdırmağa kömək edəcək, potensial olaraq Avropa və Ukraynada bu cür avtomobilləri hədəf alacaq. Səs yazısının stenoqramına görə, Fransa “Audi Q7” krossoverlərində SCALP göndərir, Britaniya tərəfi isə “Storm Shadow” raketlərinin daşınması üçün “Ridgeback” zirehli maşınlarından istifadə edir.
S.ELAY
XQ