Fransada “Makrona impiçment” kabusu dolaşır

post-img

“Dağ siçan doğdu və bütün dünyada rüsvay oldu”

Həftənin dünya üçün ən təhlükəli və ağlasığmaz xəbəri yenə Fransa pre­zidenti Emmanuel Makrondan gəldi. Beynəlxalq siyasətdə sabit mövqeyə malik olmaması ilə daim diqqət çəkən Makron bu dəfə fevralın 27-də Pa­risdə keçirilən Ukraynadakı vəziyyətlə ilə bağlı sammitdə Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi hissələrinin Ukraynaya göndərilməsi ilə bağlı çox təhlükəli bəyanatla çıxış etdi. Bu açıqlama Makronun gözlədiyindən fərq­li, həm də tam əks reaksiyaya səbəb oldu və onu bütün dünyada biabır etdi. İndi Fransanın özündə bunun necə baş verdiyini anlamağa çalışan siyasi elita belə bir sual qarşısındadır: “Necə ola bilər ki, yalnız o, “ordu­suz hərbi komandan” olan prezident nüvə dövləti ilə müharibəyə qoşun göndərməyə hazırlaşır?”

"Mən onun niyə belə dediyini həqiqətən anlamıram!” “Politico” nəşrinə müsahibə verən sosioloq Bruno Janbartın bu ifadəsi­ni Fransa prezidentinin bu vəziyyətdə ümid bəslədiyi ən xeyirxah və loyal bir şərh hesab etmək olar. Çünki Emmanuel Makron özünü hamıya sevdirməyə çalışarkən karyerasının ən böyük səhvinə yol verib. Necə deyərlər, ”qaş düzəldən yerdə, vurub gözü də çıxa­rıb”. Amma bu Makronun yeganə kobud səhvi deyil. Bu barədə bir qədər sonra açıq­lama verəcəyik. 

İndi bütün dünya bilir ki, Fransa pre­zidenti Ukrayna münaqişəsi ilə bağlı müt­təfiqlərin iclasını çağıraraq orada Aİ və NATO ölkələrinin hərbi hissələrinin mü­naqişədə birbaşa iştirakını mümkün hesab edib. Makron son dərəcə qeyri-müəyyən, lakin təhdidedici səslənən tərzdə danışıb: “Konsensus yoxdur, amma heç nəyi istisna etmirik, çünki “Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz, axı Avropanın taleyi təhlükə altındadır”.

Makronun bu sayaq məsuliyyətsiz açıq­lamasından belə nəticəyə gəlinirdi ki, bəzi Aİ və NATO ölkələri nüvə dövləti ilə müha­ribədə birbaşa iştirak etmək istəyir, bəziləri isə istəmir. Təbii ki, jurnalistlər “intihara ha­zırlaşanlar”ın tam siyahısı ilə maraqlanırdı və məlum oldu ki, orada yalnız Makron var. Amma ən cəsur komandan kimi yox, ən sər­səm əsgər kimi.

Sensasiya axtarışında hamıdan irəli çıxmaq istəyən media səhifələrinə nəzər sa­landa nüfuzlarının ayaqlar altına düşdüyü­nü görən Fransa hakimiyyəti rəncidə halda sürünməyə başladı. Ölkənin XİN rəhbəri Stefan Sejurne şefinə bəraət qazandırmaq üçün dedi ki, Qərb hərbçilərinin Ukraynada hipotetik mövcudluğu hələ münaqişədə iş­tirakçı olmaq demək deyil. Onun sözlərinə görə, bu sərhədi keçməyən fəaliyyət sahələri var, məsələn, minalardan təmizləmə əməliy­yatları, silahların birgə istehsalı və kiber təh­lükələrdən qorunma.

Onların bu sərhədi keçib-keçməyəcəyi Rusiya Silahlı Qüvvələrindən asılı olacaq, lakin çətin ki, Qərb hərbi müşavirləri Ukray­na hərbçilərindən fərqli olaraq özlərinə qarşı prinsipial şəkildə fərqli münasibətə ümid bəsləsinlər. Yəni, əgər söhbət yalnız hərbi təlimatçılardan və məsləhətçilərdən gedirsə, Makronun bəyanatlarında heç bir sensasiya yoxdur. Çünki onlar artıq Ukraynada fəaliy­yət göstərirlər, sadəcə, bu, çox vaxt işgüzar səfər kimi deyil, muzdlu fəaliyyət kimi təs­vir edilir. Amma Makrona konkret hərbçilə­rin münaqişədə iştirakını deyir axı...

Xarici media mənsubları Fransa pre­zidentinin bu açıqlamasını özünəməxsus şəkildə belə qiymətləndirir: “dağ siçan doğdu, bununla da bütün dünyada rüsvay oldu”. Makron özünü, təklifi bəzilərinin ölü sükutla, bəzilərinin isə şəhadət barmağını gicgahına qoymaqla qarşılanan bir adam və­ziyyətinə qoydu. Bundan pisi ancaq o olardı ki, Makrona cavab olaraq, kimsə ona Fran­sanın hərbi şöhrət tarixindən hansısa lətifə danışaydı. 

Bu biabırçı siyasi səhvin bir səbəbi də Makronun ukraynayönlü mətbuat tərəfindən zərbələrə məruz qalan xəstə eqosudur. Fran­sa prezidentini orada tez-tez tənqid edirlər, deyirlər ki, o, iş görməkdən daha çox danı­şır. Əslində belə bir arqumentlə mübahisə etmək çətindir.

Məsələn, son beş ildə Makron Xüsusi Hərbi Əməliyyalar başlayandan sonra Rusi­ya ilə əməkdaşlığı müdafiə edən və Moskva ilə münaqişəyə ehtiyatla yanaşan Aİ ölkələ­rindən ibarət koalisiyaya rəhbərlik etməyə çalışırdı. Amma bir müddət sonra Kiyevdən yalnız qələbə tələb edən “qırğı ölkələr”in blokuna qoşuldu. Makronun istəyi budur ki, nəsə bir iş görsün və dərhal başda otursun. 

Fransa mediası də Makronu tez-tez it­tiham edir ki, o hər hansı barıt çəlləyində tıxac olmaq istəməsinə baxmayaraq, fəaliy­yəti heç bir gerçək fayda gətirmir. Elə onun cidd-cəhdlə Ermənistan–Azərbaycan sülh danışıqlarında baş rolda olmaq istəyinə nəzər salın. Cənubui Qafqazda sülh yaratmaq uy­durmaları ilə ortaya düşən Makron bununla eyni vaxtda Ermənistanı silahlandırmağa qərar verir və Azərbaycana təzyiq göstər­məyə çalışır. Bilərəkdən, ya bilməyərəkdən unudur ki, başa çatmış münaqişənin ən qız­ğın vaxtlarında 30 ilə yaxın Minsk qrupunun üzvü olan Fransanın nümayəndələri İrəvana ancaq konyak içib kef çəkməyə gəlir və erməni daşnaklara açıq-gizlin dəstəklərini bildirirdilər. Amma Azərbaycan münaqişəni öz gücünə həll edəndən sonra yenidən mey­danda atılaraq çiynində silahla sülh masası­nın başında oturmaq istəyi baş tutmayanda Makron qəzəblənir...

Mətləbdən uzaqlaşmayıb qayıdaq Makronun elə Fransanın özündə çox sərt tənqidlə və etirazla qarşılanan məlum açıq­lamasına. Çünki Yelisey sarayından çıxan bu təklif Parisdə bu gün də qızğın müzakirə olunmaqdadır. Ölkənin hazırkı baş naziri Qabriel Attal dövlət başçısını dəstəkləyərək Ukraynaya qoşun göndərilməsini istisna et­mədiyini bildirəndən sonra məsələ daha da böyüyüb. Əvvəla, müxalifət nümayəndələri Makronun bu təklifini müzakirə etməkdən qəti şəkildə imtina ediblər. 

“Milli Birliy”in rəhbəri Marin Le Pen qeyd edib ki, prezident Makron fransızların həyatını çox ucuz qiymətləndirir. Solçu qüv­vələrin lideri Jan-Lyuk Melanşon münaqişə­də iştirakın Fransa ilə Rusiya arasında birba­şa müharibəyə səbəb olacağını vurğulayaraq “bir nüvə dövlətinin digər böyük nüvə döv­lətinə qarşı şifahi döyüş eskalasiyası məsu­liyyətsiz hərəkət” adlandırıb.

Amma məsələ bununla bitməyib. Makronun bəyanatından dərhal sonra onu kəskin tənqid edən ölkənin “Vətənpərvər­lər” partiyasının lideri Florian Filippo fev­ralın 29-da X sosial şəbəkəsində bildirib ki, “Fransa parlamentinin ölkə prezidenti Makronun Ukraynadakı münaqişə zonasına Qərb ölkələrinin qoşun hissələrinin göndə­rilməsinin mümkünlüyü ilə bağlı bəyanatın­dan sonra ona qarşı impiçment elan etməsi vacibdir”.

Onun sözlərinə görə, “Fransanın hazır­ki dövlət başçısı öz ölkəsinə nifrət edir, onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır”. Filippo yazır: “Parlamentarilərin, nəhayət, hərəkətə keçmələri üçün milli pe­tisiya vaxtıdır! Konstitusiyanın müharibə məsələsi üzrə səsvermə tələb edən 35-ci maddəsi və 68-ci maddəsi: onun impiçmen­ti!” Filippo həmçinin yazıb ki, Makron uzun müddətdir bütün Avropada etiraz aksiyaları təşkil edən Fransa və xüsusilə fransız fer­merlərinin hesabına Ukrayna Silahlı Qüv­vələrinə daha çox pul xərcləyir”. Ona görə də o, Makronun tez bir zamanda vəzifəsin­dən uzaqlaşdırılmasını istəyib. Siyasətçi rəhbərlik etdiyi partiyanın saytında yerləşdi­rilmiş petisiyaya keçid linki də yerləşdirib.

Fransa prezidentinin açıqlaması və ona qarşı impiçment tələbi Rusiyada da ciddi müzakirə mövzusuna çevrilib. Rusiya Elm­lər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov yazır: “Fransa prezidenti uzun müddət muzeydə yatan Napoleonun formasını geyinməyə cəhd edən şahin rolunu oynayır. Bu, əksər fransızların dəstəkləməyəcəyi çox təhlükəli bir oyundur. Bu, Fransanı, həmişə fəxr et­diyi müxtəlif böhranlarda vasitəçi rolundan məhrum edir”.

Ekspert Fransa “Vətənpərvərlər” par­tiyasının lideri Florian Filipponun Fran­sa Prezidentinə impiçment elan etməsini şərh edərkən bildirib ki, Makronun istefa təhlükəsi yoxdur, lakin digər fransız si­yasətçiləri onu fəal şəkildə qınamaqda davam edəcəklər. Politoloq həmçinin de­yib: “Fəth edilməmiş Fransa” partiyasının sədri Jan-Lyuk Melanşon, “Milli Birlik” Pariyası fraksiyasının başçısı Marin Le Pen və başqa respublikaçı siyasi liderlər Makronun səs-küyə səbəb olan bəyanatının parlamentdə müzakirəsini və bu vəziyyətin açıqlanmasını tələb ediblər”. Ekspertin fik­rincə, bu çağırışların nə dərəcədə dinlənilə­cəyi parlament prosedurlarından asılıdır və mühakimə, çətin ki, prezidentin istefasına səbəb olsun.

Əvvəldə qeyd etmişdik ki, Fransada Makrona impiçment çağırışı birinci dəfə səslənmir. Xatırlayırsınızsa, 2022-ci ildə Fransanın “Milli Birlik” Partiyasının vit­se-prezidenti Jordan Bardella prezident Em­manuel Makrona qarşı büdcə vəsaitlərinin həddən artıq və yersiz xərclənməsinə görə impiçment proseduruna başlamağı tələb et­mişdi. Səbəb Makronun xaricə mütəmadi zəngləri səbəbindən dövlət büdcəsində bö­yük məbləğlərin çatışmaması idi.

Bardella qəzəblə yazırdı: “O (Makron) hər gün bir neçə saat Putinlə telefonla da­nışır və vergi ödəyiciləri hər gün 2 min av­rodan çox pul xərcləyirlər. 3 ay ərzində o, boş-boş danışıqlara demək olar ki, 200 min avro xərcləyib”. 

O zaman Fransa prezidenti administra­siyası iddialara cavab verərək bildirmişdi ki, onlar uzun müddətdir “Orange” mo­bil operatoru ilə xüsusi "prezident tarifi" təqdim etmək barədə danışıqlar aparırlar. Yelisey Sarayı da söz verib ki, Makrona “WhatsApp”-dan istifadə etməyi öyrədə­cəklər.

Bu qalmaqaldan xəbər tutan rəsmi Kreml də öz növbəsində bildirmişdi ki, gözlənilməz hallar yaranarsa, Fransa liderinə siyasi sığı­nacaq verməyə və hətta Putinin şəxsi müşa­viri vəzifəsinə təyin etməyə də hazırdırlar. Həmçinin Makronun müntəzəm danışıqla­rının maliyyələşdirilməsində iştirak etməyə belə hazır olduqlarını bəyan etmişdilər. 

Bu elə bir zaman idi ki, Emmanuel Makron uzun müddət idi Ukraynanı dəstək­ləməkdə “Avropanın zəif halqası” kimi ta­nınırdı. Ukrayna münaqişəsi başlayandan Makron daim prezident Putinə zəng vurur, onu “ağıla gətirməyə” çalışır və avropalıları Rusiyanı “alçaltmamağa” çağırırdı. “Le Fi­garo” yazır: “Ancaq iki il sonra o, "ən azı sözdə" ukraynalıların ən sadiq müdafiəçilə­rindən birinə çevrildi. Hətta o yerə qədər ki, Ukrayna ərazisinə avropalı əsgərlərin göndərilməsini istisna etmədi. Bir az əvvəl Moskva ilə birlikdə “Köhnə dünya” üçün yeni təhlükəsizlik arxitekturasını yaratmaq istəyən lider indi bütün Avropa liderlərini ruslarla qarşı-qarşıya gəlməyə çağırır və “Rusiyanın məğlubiyyəti”nin Avropanın “təhlükəsizliyinə və sabitliyi”nə açar olaca­ğından danışmağa başlayıb”. 

Görünür, Fransa xoruzları vaxtsız ban­layıb müsyö Makronu yuxudan hövlnak oyadıblar, O da bütün olanları unudub, xa­rici siyasət trekində belə ölçülüb-biçilmə­miş sərt dönüş edərək Rusiyaya qarşı qoşun yeritməyə çağırış edir. Yəqin, Fransa prezi­denti bilməmiş deyil ki, beynəlxalq diplo­matiyada gündə bir rəngə düşən siyasətçilər heç vaxt ciddi qəbul olunmurlar. Elə Bakı da belələrini ciddi qəbul etmir. 

İlqar RÜSTƏMOV
XQ

Dünya