Azərbaycan rəqsləri Moskvadan dünyaya yayılır

post-img

Qarabağ müharibəsini döyüşdə udduğumuz kimi, mədəniyyət, informasiya savaşında da bədxahlarımıza qarşı ciddi mübarizə aparmalıyıq ki, nailiyyətlərimizi mənimsəməsinlər. İndiyədək ağ ləkə kimi görünən belə boşluqlardan daha biri dolmaq üzrədir. 

Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Eteri Cəfərova neçə vaxtdır ki, Moskva Dövlət Xoreoqrafiya Akademiyasında staj keçir və 250 illik ta­rixə malik bu sənət ocağında tələbələrə Azərbaycan milli rəqslərini öyrədir. Eteri xanımın Moskva dövrü yaradıcılığına keçməzdən onu oxucularımıza tanıdaq: 

1996-cı ildə Bakı Xoreoqrafiya Mək­təbini ansambl artisti ixtisası üzrə bi­tirib və Filarmoniyanın Dövlət Rəqs Ansamblında əmək fəaliyyətinə başla­yıb. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb, magistratura pilləsini də fərqləmə diplo­mu ilə bitirib. 2018-ci ildə Moskva Dövlət Mədəniyyət institutunda müasir xoreoq­rafiyanın ixtisasartırma kursunu keçib. 

On ildir ki, Bakı Xoreoqrafiya Aka­demiyasının milli rəqslər kafedrasında müəllimdir. Hazırda baş müəllim və doktorantdır. E. Cəfərova 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2010–2015-ci illərdə Prezident mükafat­çısı olub. 2019-ci ildə Milli rəqs sənətinə verdiyi töhfəyə görə “Humay” mükafatına layiq görülüb, 2021-ci ildə Beynəlxalq Xoreoqrafiya Akademiyasının “Fəxri aka­demik”i adına layiq görülüb. 

Moskva Dövlət Xoreoqrafiya Akade­miyasında assistent-stajor kimi oxuyub çalışan Eteri xanımın sayəsində hələ ötən tədris ilində xalq-səhnə rəqsləri ka­fedrasının müəllimi, baletmeyster, Ru­siya Dövlət Akademik Böyük Teatrının balet truppasının repetitoru Anna Ant­ropovanın sinfinin dövlət imtahanında Azərbaycan musiqisi səsləndirilib və Ete­ri xanımın quruluşunda bizim milli rəqslə­rimiz ifa olunub. 

Cahangir Cahangirovun musiqi­si əsasında “Süzən qızlar” rəqsi Eteri Cəfərovanın quruluşunda 3-cü əcnəbi kursun – Cənubi Koreya, İtaliya və Yapo­niyadan olan tələbələrinin ifasında təq­dim edilib. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Qızlar rəqsi”ndən bir fraq­menti (SSRİ Xalq artisti Qəmər Almasza­dənin quruluşunda) isə yapon tələbə qız ifa edib. 

Eteri xanım həmin çıxışları xatırla­yarkən belə deyir: 

– Əcnəbi tələbələr solo çıxışları za­manı mənim Bakıdan apardığım sarı rəngli səhnə libasımda səhnəyə çıxırdı­lar. Mən həmin libasda “Sarı gəlin”i rəqs edirəm. Dövlət imtahanında çıxış edənlər əla qiymət alanda çox sevindik. Çünki bu akademiyada ən yüksək qiymət almaq çox çətindir. İmtahandan sonra qızlar onlara Azərbaycan rəqsi öyrətdiyim üçün mənə təşəkkür etdilər. Onların öz ölkələ­rinə qayıtdıqdan sonra müxtəlif səhnələr­də bizim rəqslərmizi oynayacaqlarını, Azərbaycan rəqs sənətinə məhəbbət ya­radacaqlarını düşünmək xoşdur. 

Eteri xanım Moskva akademiyasında 1-ci və 2-ci kurs tələbələri ilə də çalışır. Gənclər Azərbaycan rəqslərinə, eləcə də ornamental tikməli rəqs geyimlərinə heyranlıqlarını gizlətmirlər. Hətta bizim səhnə geyimlərimizin muzey eksponatı olduğunu zənn edirlər. 

– Eteri xanım, bəs, bu vaxta kimi Moskvada Azərbaycan milli rəqslərin­dən niyə xəbərsiz olublar? 

– Uzun illər öncə balet artisti, pe­daqoq, xalq-səhnə rəqsləri üzrə tədqiqat­çı Tamara Tkaçenkonun “Xalq rəqsləri” (1967) kitabında dünya rəqsləri içində Azərbaycan rəqsləri barədə də yazılıb. O zaman bizim rəqslərə aid bölmənin yazıl­masında müəllifə SSRİ Xalq artisti, mər­hum Qəmər Almaszadə kömək etmişdi. O ki qaldı sizin soruşduğunuz məsələyə, biz öz proqramlarımızı Moskva, Peter­burq xoreoqrafiya məktəblərinin tədris proqramları əsasında qururuq. Şəxsən mənə həmişə toxunurdu ki, niyə həmin proqramlara Pamir xalq rəqsinədək ən müxtəlif xalq rəqsləri salınır, amma Azər­baycan xalq rəqsləri yox?

– Niyə? 

– Məsələ ondadır ki, bu akademi­yada uzun illər kafedra müdirləri, bədii rəhbərlər bizim xəyanətkar qonşuların nümayəndələri olublar. Ona görə də Azərbaycan rəqslərinin Moskva Döv­lət Xoreoqrafiya Akademiyasının tədris proqramına və səhnəsinə yolu bağlı olub. İnanırsınız, bu gün Akademiyada Azər­baycan rəqslərinə nə qədər böyük maraq var?! Hər müəllim məni öz qrupuna çəkir ki, onun tələbələri ilə məşğul olum, öy­rədim. Bu akademiya Böyük Teatr üçün kadr hazırlayır. Mən də çalışıram ki, mü­raciət edənləri razı salım: kimin üçünsə konsertdə çıxışdan ötrü rəqs qururam, bir başqası müsabiqədə Azərbaycan rəqsi ilə çıxış etmək istəyir, hansısa tələbəyə hazır, qurulmuş rəqsimizi öyrədirəm, kim isə etüd ilə kifayətlənir. 

– Siz özünüz də nələrisə öyrənirsi­niz?

– Əlbəttə! Moskva akademiyasının çox təməlli tədris ənənələri var, mən həm də assistent kimi biliyimi artırıram. Necə deyərlər, həm öyrədirəm, həm də öyrə­nirəm. 

– Eteri xanım, sizə Moskvada hə­mişəlik qalmaq və Azərbaycan rəqs sənətini tədris etmək təklif olunubmu?

– Bəli, belə bir təklif var. Hətta vətən­daşlığımı dəyişib həmişəlik Moskvada qalmağı da təklif edirlər. Mən isə qəra­rımda qətiyəm: assistenturanı bitirən kimi Vətənə qayıdacağam. 

Gülcahan MİRMƏMMƏD

Mədəniyyət