“Qarabağ” muğam qrupu Gəncədə

post-img

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti uğurla keçib.

Qədim Nizami yurdu tarixən sözə, sənətə bağlı diyardır və Azərbaycanın mədəni həyatında hər zaman xüsusi rol oynayıb. Burada muğam Şərq poeziya­sının daimi yol yoldaşı olub. Gəncə bir çox milli musiqi xadimi yetişdirib. Təkcə Fikrət Əmirovun adını çəkmək kifayətdir ki, bu barədə təsəvvürlər daha da zən­ginləşsin. 

Xatırladaq ki, vaxtilə tanınmış muğam ustası, Xalq artisti Arif Babayev və Nə­zakət Teymurova UNESCO-nun dəstəyi ilə Gəncədə 3 gün muğamsevərlər qar­şısında çıxış etdikdən sonra şəhərin bir neçə musiqi məktəbində açıq dərslər ke­çiblər. 

Cəncəlilər fitri istedad sahibi Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” mu­ğam qrupunun konsertini böyük coşqu ilə qarşılayıblar. Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdər artistlər kamança ifaçısı Elnur Əhmədo­vun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları, xalq mahnıları sənətsevər­lərdə böyük heyranlıq doğurub. Görkəmli sənətkarın torpaqlarımızın müstəqilliyi uğrunda canını, qanını əsirgəməyən şəhid və qazilərimizə həsr etdiyi "Zəfər" mahnısını tamaşaçılar ayaq üstə alqışla­yıblar.

Konsert proqramında Xalq artistinin yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova da çıxış ediblər.

XQ

Mədəniyyət