Bakının Qarabağ rayonundakı şəhid Elxan İsmayilov adına 253 nömrəli məktəbdə I Qarabağ müharibəsində itkin düşən cəbrayıllı şəhid polislərin xatirəsinə həsr olunmuş “Unutmadıq” adlı xatirə gecəsi keçirilib.
Mərasimdə qeyd edilib ki, 1993-cü il oktyabrın 25-də Cəbrayıl rayonunun Dərzili kəndi yaxınlığında qanlı döyüşlərdə həlak olduqları güman edilən şəhidlər İsmayıl Barat oğlu İsmayılov, Elşad Əvəz oğlu Nərimanov, Möhlət Bəhmən oğlu İsmayılov, İlham İmamqulu oğlu Quliyev, Aqil Mehralı oğlu Quliyev, Sabir Əziz oğlu Paşayev və Fazil Arif oğlu Bəşirovun xatirəsi ölkəmizdə daim böyük ehtiramla yad olunur.
Tədbirdə şagirdlər şeir və mahnılar səsləndirib, səhnəciklər göstəriblər. Türkiyəli polis-şair Cahit Günayın, azərbaycanlı igid həmkarları barədə çıxışı unudulmaz təsir bağışlayıb. Qardaş ölkədən olan sənətçi İbrahim Cankardeşler isə “7 fədai igid” kitabının müəllifi Zəminə Cavadlının və Lalə İsmayılın “Məzarsızlar”, “Bayraq oldu”, “Durnalar” adlı şeirlərini ifa edib. Şəhidlər haqqında məlumat verilib, onların nadir döyüş kadrları izlənib.
Şəhidlərin ailə üzvlərindən Gülüzə İbadova, Bikəxanım Quliyeva, Gülnarə Quliyeva, Rafael İsmayılov, Mürvət Qocayev, Tamaşa Quliyeva, məktəbin adını daşıdığı şəhid Elxanın bacısı Nailə İsmayılova əzizlərinin xatirəsinə göstərilən yüksək ehtirama görə razılıqlarını ifadə ediblər. Şəhid polislərin məslək və döyüş yoldaşı Süleyman Rəhimov silahdaşları haqqında xatirələrini paylaşaraq məhz onların hünəri sayəsində çoxsaylı dinc əhalinin xilas edildiyini vurğulayıb. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlının çıxışı da qədirbilənlik duyğuları kimi qarşılanıb.
XQ