Ədalət Nicatı 20 ildir ki, tanıyıram. 1993-cü ildə bizim Sumqayıta pənah gətirən Qubadlı məcburi köçkünlərindəndir. Şəhər ədəbi cameəsinin tədbirlərində çıxışları, almanaxlarda dərc olunan şeirləri diqqətimi cəlb edib. Amma qazi olduğunu uzun müddət bilməmişəm. Bu da mənim diqqətsizliyimdən deyil, onun təvazökarlığından və döyüş xatirələrini danışmağı sevməməsindən irəli gəlib.
Doğrudur, Ədalətin “Gəl axtar məni” və “Dərdin də öz dərdi var” adlı kitablarındakı şeirlərində “barıt qoxulu” sətirlər də az deyil, amma oxuyub düşünmüşdüm ki, yəqin, vətənpərvərlik ruhlu şeirlər olduğu üçün belə yazıb. Nəhayət, tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin ondan bəhs edən məqaləsini oxuyanda bildim ki, sən demə, Ədalət Nicat da I Qarabağ müharibəsində doğma yurdun nicatı uğrunda silahlı mübarizə aparanlardandır.
Qələm dostum Ədalət 1966-cı ildə Qubadlının Hacılı kəndində doğulub. 1984 cü ildə Qara İlyasov adına orta məktəbi bitirib. Sovet ordusu sıralarında xidmətdən sonra qaz idarəsində işə düzəlib. 1988-ci ildən ermənilərin sərhəd zonasında başlatdığı silahlı toqquşmalar səbəbindən ov tüfəngi ilə doğma kənd-kəsəyin keşiyində dayanıb. Ağır döyüşlərdə də yaxından iştirak edib, ölüm-dirim mübarizəsindən zərrəcə çəkinməyib.
Vaqif Yusifli yazır: “ Ədalət Nicat 1988–1993-cü illərdə Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edib, qanı axıb torpağa, şəhid olan igidlərimizin son dəfə Vətən göylərinə baxdığını görüb. İçindəki dərdləri, harayları 20 ildir ki, şeirə çevirir. Şeir onun üçün dərdlərini ovutmaq, nisgillərini ünvanına çatdırmaq, qələbəyə, sabaha inamını qorumaq üçün lazımdır...”
Bu sətirlər yazılanda torpaqlar hələ düşmən tapdağında idi. Ədalət şəhid olan döyüşçü dostlarından, yurddaşlarından, həm də bulaqlardan, qəribsəmiş yamaclardan, çöllərdən, şəhid çiçəkləri də nəzmə çəkirdi:
Mən səni tək qoyub gəldim,
Yurdda sən qaldın, çiçəyim.
Gələndə qoxlayammadım,
Kövrəlib doldun, çiçəyim.
Gülləyə vermədim sinə,
Layiq dost olmadım sənə,
Məndən yurda, yurddan mənə,
Son ümid oldun, çiçəyim.
Artıq o ümid göyərib. Qarabağ da, Şərqi Zəngəzur və o cümlədən, Qubadlı da işğaldan azad olunub. Ədalətin yurd həsrəti toxdayıb, amma hələ ki, bu barədə tərənnüm şeirləri yazmır. Deyir, bunu birdəfəlik Qubadlıya qayıdandan, o yerlərin daşlarını doyunca öpüb, güllərini qoxlayandan sonraya saxlamışam. Çünki hələ də yuxularında özünü səngərlərdə görür. Səngər həyatı isə kino lenti kimi gözləri önündən keçir.
...Özünümüdafiə batalyonları yaranmağa başlayanda yenicə ailə qurmağına baxmayaraq, kənarda qalmağı şəninə sığışdırmayıb, öz kəndlərindən üç nəfərlə birlikdə könüllü olaraq 2-ci batalyona yazılıb.
– Bir qədər sonra batalyonumuzun kəşfiyat bölməsi “OMON”a keçdi, – deyə Ədalət xatirələrə dalır. – Bölmə komandirimiz bizim kəndən olan Şirin idi, həmkəndlilərim Elşad, Elçin, bir də mən onun hər əmrinə müntəzir durmuşduq. Sumqayıtdan gəlmiş, əslən rayonumuzun Mollu kəndindən olan Ənvər, Ramiz, Qayalı kəndindən Cənnət, Fail, Coşqun, Mənsur, Hal kəndindən Ədalət də var idi sıralarımızda. Ona qədər Qubadlının ancaq bizim Hacılı ilə qonşu olan kəndlərini tanıyırdım. Orduda olanda isə nəinki Qubadlının bütün kəndlərini, hətta Laçınının çox kəndini tanıdım. Sərhəd kəndlərinin hamısında keşikdə durmuşuq.
Bir dəfə tapşırıq verildi ki, Qafanın Zeyvə kəndində yerləşən düşmən texnikaları haqqında məlumat gətirsinlər. Toran düşənə qədər gözlədilər. Axşamüstü Zor kəndi tərəfdən Ağa çayını keçib kəndin yaxınlığına yerləşdilər. Yavaş-yavaş sürünərək erməni postuna yaxınlaşdılar. Birdən düşmən hər tərəfdən çaqqal sürüsü kimi ulaşa-ulaşa kəşfiyyatçılarımızın üstünə axışdılar. Heç demə, Ədalətgili əvvəldən görüblərmiş.
– Bizi diri tutmaq üçün 3 tərəfdən mühasirəyə aldılar, – deyə o xatırlayır. – Ancaq bircə tərəfdə sıldırım qayalıq var idi, ətəyi də sıx qaratikan kolları. Bircə çıxış yolu ora idi. O istiqamətdə geri çəkilməli olduq. Ermənilərin ağlına gəlməzdi ki, sıldırıma, qaratikanlığa tərəf gedərik. Bizimsə başqa yolumuz yox idi. Özümüzü sıldırıma vurduq, üzümüz, əllərimiz al qana boyansa da, ordan sağ çıxdıq. Dığalar bunu gec anladılar. Atışma düşdü və biz artıq hündürə qalxmışdıq deyə, heç kim gülə yarası almadan sağ-salamat geri qayıda bildik. Sabahısı yanımıza Daxili İşlər Nazirliyindən yüksək rütbəli zabit gəlmişdi. Batalyon komandirimiz bizim sücaətimiz barədə ona məlumat verdi. O da bizi sıradan qabağa çıxarıb şəxsən əlimizi sıxdı, təşəkkür etdi, pul mükafatı da verdi.
Ədalətgil o zaman Seytasda, Cibiklidə, Topağacda, Göyyalda, Davudluda, Əyində, Çardaxlıda – bütün sərhəd kəndlərində postlarda durublar. Laçında gedən döyüşlərdə iştirak ediblər. Bu barədə danışanda deyir ki, güllə kimi sevdisə, Tanrı yanında şəhadətə qovuşdu. Şair isə qəlpə yarası alsa da, sağalaraq ayağa durub. Ölə də bilərdi, çünki ölümü gözünə alıb silah götürmüşdü. Qismətində bugünkü Böyük Zəfəri görmək varmış.
2015-ci ildən AYB nin üzvü olan qazi-şair Ədalət Nicat 6 şeir kitabının müəlifidir. Onun Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevə həsr etdiyi “Zəngəzur pələngi” epik poemasında qələbəyə inam, igidliyin tərənnümü üstünlük təşkil edir. Poemada Əlyar Əliyevin doğumundan ölümünə qədər keçdiyi yol gözlərimiz qarşısında canlanır. Məlum olur ki, Əlyar Əliyevi qəhrəmanlığa səfərbər edən amillər illər boyu onun xasiyyətində, xarakterində boy atırmış, ucalırmış. Müharibə başlananda Əlyar da özünümüdafiə dəstələrindən birini yaradıb, dəstəsi kiçik olsa da, düşməni əzib, tezliklə onun igidliyinin sorağı bütün Azərbaycana yayılıb. İndi Əlyarın da, digər ölməz qəhrəmanlarımızın da ruhu şaddır – qəvi düşmən torpaqlarımızdan tamamilə kürünüb atılıb. Əlyargillə səngərlərdə dəfələrlə görüşmüş döyüşçü-şair bu gün onları vəsf etməkdən qürur duyur:
Fəxr ilə yad edir onu könüllər,
Unutmaz nə Vətən, nə də ki, ellər.
Gəlib ömrümüzdən keçsə də illər,
Həmişə bizimlə qalacaq Əlyar!
Əli NƏCƏFXANLI
XQ