Assanja bəraət sözə azadlıqdır

post-img

Vaşinqtonun “WikiLeaks”-in təsisçisi Cu­lian Assanjın Birləşmiş Ştatlara ekstradisiya edilməsi tələbi ilə bağlı uzun müddətdir davam edən məhkəmə mübahisələrinə bu günlərdə son qoyula bilər. Bunun hansı nəticə ilə başa çatacağına isə London Ali Məhkəməsi qərar verəcək. 

C.Assanj ömrünün 1776 gününü Britaniya­nın ciddi rejimli həbsxanasında keçirib. Bundan əvvəl isə ona sığınacaq verən Ekvadorun Lon­dondakı səfirliyində yeddi il faktiki olaraq təc­riddə olub. Ekvador Assanjın siyasi sığınacaq hüququnu ləğv edəndə, o, Britaniya polisi tərə­findən həbs edilib. Britaniya məhkəməsi ötən il onun ABŞ-a ekstradisiyasına icazə verib, mü­dafiə tərəfi isə apellyasiya şikayəti verib.

İndi “WikiLeaks” platformasının ya­radıcısı ilə onun ABŞ-a ekstradisiyasını tələb edən Amerika hakimiyyəti arasında uzunmüddətli hüquqi mübarizənin fina­lı yaxınlaşır. Fevralın 21-də London Ali Məhkəməsi Assanjın ABŞ-a ekstradisiya edilməməsi üçün bütün qanuni vasitələ­rinin tükənib-tükənmədiyinə dair qərar çıxarmağa hazırlaşırdı. Əgər London ha­kimləri bu suala müsbət cavab versəy­dilər, o zaman ABŞ-da Assanj daha 175 il həbs cəzasına məhkum edilə bilərdi.

Beləliklə, bu, Assanjın özünü dünya­ya söz azadlığı və demokratiya çarçısı kimi təqdim edən ABŞ-a ekstradisiya­sı ilə bağlı qərara qarşı son mümkün appellyasiya müraciətidir. Məlum olduğu kimi, ABŞ dövləti Assanjı “WikiLeaks” platformasında dərc etdirdiyi materialla­ra görə casusluqda ittiham edir. 

Müttəhimin vəkili Edvard Fitcerald bildirib ki, “WikiLeaks”-in qurucusu səh­hətinin pis olması səbəbindən, onun ABŞ-a ekstradisiya qərarından şikayə­tinə baxan London Ali Məhkəməsində keçirilən məhkəmə iclasında onlayn iş­tirak edib. 

E.Fitcerald bildirib ki, cənab Assanj həqiqətə uyğun və ictimai maraqlara cavab verən məxfi məlumatların əldə edilməsi və dərc edilməsi kimi adi jurna­list peşəsi ilə məşğul olduğu üçün mü­hakimə olunur”. Onun sözlərinə görə, Assanj ilə bağlı vəziyyət “dünyada jurna­listlərin haqlı narahatlığına” səbəb olub.

Vəkil xatırladıb ki, Assanj ABŞ-a eks­tradisiya olunarsa, o, Vaşinqtonun Əfqa­nıstan və İraqdakı müharibələrə dair rəs­mi sənədlərini, habelə 2010 və 2011-ci illərdə diplomatik məktubları açıq şəkildə dərc etdiyinə görə casusluqda ittiham olunacaq, yəqin ki, ona 30–40 il həbs cəzası kəsiləcək. Assanj isə bunu ci­nayət hesab etmir.

Culianın 2022-ci ildə Britaniya həbsxanasında evləndiyi həyat yoldaşı Stel­la Assanj dinləmədən əvvəl ərini “siyasi məhbus” adlandırıb və onun həyatının təhlükədə olduğunu bildirib.

“Bloomberg” Stellanın söylədiyi belə bir fikri də dərc edib: "Jurnalistlərin hö­kumətlərin və korporasiyaların gizlətmək istədikləri faktları bildirmək hüququ ol­malıdır, əks halda, həqiqi azad mətbuat ola bilməz". 

“DW” nəşri yazır ki, ABŞ-da Assan­jı 100 ildən də çox əvvəl qəbul edilmiş qanun əsasında mühakimə etmək niyyə­tindədirlər. Bu qanun Birinci Dünya Mü­haribəsi zamanı satqınları və casusları məsuliyyətə cəlb etmək üçün qəbul edilib və ondan heç vaxt jurnalistləri mühakimə etmək üçün istifadə olunmayıb. Assanj isə ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatları ilə bağlı məxfi məlumatları oğurlamaqda və ictimaiyyətə açıqlamaq­da ittiham olunur. Onların dediyinə görə, Assanj Amerika vətəndaşlarının həyatını təhlükəyə atıb.

Nəşr yazır ki, əslində, bu məlumat­ların tam şəkildə dərc edilməsinə görə Assanj məsuliyyət daşımır. 2010-cu ildə “WikiLeaks” platforması onun poçtuna daxil olan məxfi məlumatları işləmək və dərcə hazırlamaq üçün “The New York Times”, “The Guardian”, “Le Monde”, “Der Spiegel” və “El País” kimi media nəşrləri ilə əməkdaşlıq etmişdir. Qapalı məlumatlar bazasının parolunu jurnalist­lərdən biri öz kitabında açıqlayıb və bun­dan sonra “WikiLeaks” platforması hər kəsin əldə edə biləcəyi bütün məlumat­ları dərc edib. Bundan əlavə, Amerika səlahiyyətliləri məxfi məlumatların dərci­nin kiməsə zərər vurduğuna dair hələ də sübut təqdim etməyiblər. 

Yazılanlardan aydın görünür ki, “WikiLeaks”in dərc etdiyi materiallar ABŞ hökumətini çox qıcıqlandırırmış. Yüz minlərlə gizli sənəd dünyaya Ame­rika hərbçilərinin hərəkətlərinin fərqli, toxunulmamış, qanlı tərəfini göstərirdi. Sənədlərdə müharibə cinayətlərindən, mülki itkilərdən danışılır və itkilərin sayı Pentaqonun bəzəkli hesabatlarından göstərdiklərindən çox olduğu əks olunur­du.

Beynəlxalq Amnistiya Təşkilatından tutmuş Sərhədsiz Reportyorlara qədər söz və vicdan azadlığının müdafiəçiləri kimi insan haqları və jurnalist təşkilat­ları belə düşünür ki, “demokratiya belə həqiqətə tab gətirməyi bacarmalıdır”. Ona görə də Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalist­lər Federasiyası (EFJ) fevralın 14-də yaydıqları birgə bəyanatda xəbərdarlıq ediblər: “C.Assanja qarşı davam edən mühakimə bütün dünyada media azad­lığını təhdid edir”.

EFJ prezidenti Maya Sever deyir: "Jurnalistlər və onların həmkarlar ittifaq­ları əvvəldən başa düşürdülər ki, Assanj bir çox jurnalistin gündəlik işinin bir his­səsi olan - məlumat əldə etmək və ci­nayətləri ifşa etmək kimi vəzifələri yerinə yetirdiyi üçün hədəfə alınıb".

Dünyada ABŞ-ın Assanja qarşı təqib­lərinə və onun azadlığa buraxılmasına qarşı çıxan insanların sayı getdikcə artır. Londonda məhkəmə prosesinin başla­masına cəmi bir həftə qalmış Avstraliya Parlamenti bu ölkənin vətəndaşı Assan­jın azad edilməsini tələb edən qətnamə qəbul edib. Roma ona İtaliya paytaxtının fəxri vətəndaşı adını verib. 35 amerikalı hüquq professoru ABŞ Baş Prokuroru­na açıq məktubda xəbərdarlıq edib ki, Assanjın mühakimə olunması Amerika Konstitusiyasının birinci düzəlişini – mət­buat və fikir azadlığının qorunmasını təhlükə altına qoyur.

Beynəlxalq Amnistiya Təşkilatının Al­maniya bölməsinin baş katibinin müavini Kristian Mir də hesab edir ki, Assanjın işi media azadlığı və insan haqları ilə bağlı fundamental məsələləri gündəmə gətirir. "C.Assanj heç bir cinayət törətməyib, “WikiLeaks” platforması insan hüquqları­nın pozulmasını ifşa edib və bu cinayət deyil", - deyə Mir “DW”-ə şərhində belə açqlama verib.

ABŞ hakimiyyətinin Assanja qarşı ittihamları alman siyasətçiləri tərəfindən də sərt tənqid olunur. “Union 90/Yaşıl­lar” partiyasının Bundestaqdakı deputatı Maks Luks “DW” ilə söhbətində Assan­jı siyasi məhbus adlandırır və “Wikile­aks”-in təsisçisinin ABŞ-a ekstradisiya ehtimalı ilə təxminən beş il yüksək təh­lükəsizlik həbsxanasında saxlanmasını belə qiymətləndirir: "Orada baş verənlər işgəncədir. Assanjı belə şəraitdə saxla­maq üçün ağlabatan səbəb yoxdur. Bu qərar siyasi motivlidir."

Məktubu imzalayanlar arasında FDP fraksiyasının insan haqları üzrə eksper­ti Peter Heidit də var. Artıq bir neçə ildir ki, o, Bundestaqdakı çıxışlarını eyni fi­kirlə bitirir: “Yeri gəlmişkən, mən hesab edirəm ki, Culian Assanj dərhal azadlığa buraxılmalıdır”.

Həm Peter Haidit, həm də Maks Luks Almaniyada hakim partiyaların nümayəndələridir. Amma Almaniya hö­kumətinin özündən Assanj haqqında çox az şey eşidilib. Açıq məktubdan cəmi bir neçə həftə sonra, 2022-ci ilin yayın­da Bundestaq jurnalistin “siyasi təqibini” mətbuat azadlığına hücum kimi pisləyən qətnamə qəbul edib. Bundestaq, həm­çinin federal hökuməti Assanjın azad edilməsinə və ABŞ-a ekstradisiyasının qarşısını almağa çağırıb.

Almaniya hökumətinin Assanja qarşı məhkəmə prosesinin tənqidinin zirvəsi Xarici İşlər Nazirliyinin mətbuat katibinin ötən il dekabrın əvvəlində verdiyi bəya­nat sayıla bilər: “Bizim mətbuat azadlığı ilə bağlı Birləşmiş Ştatlarda qəbul edilən­dən fərqli anlayışımız var. Biz Assanjın etdiklərini cəzalandırıla bilən hərəkət he­sab etməzdik”.

Materialı hazırlayarkən izlədiyimiz media səhifələrində məlumat verilirdi ki, Asanjın həyat yoldaşının başçılıq etdiyi yüzlərlə nümayişçi jurnalistə dəstək nü­mayiş etdirmək üçün Londondakı Kral Ədalət Məhkəməsi qarşısında toplaşıb.

Assanjın həyat yoldaşı Stella Assanj Qərb mediasına verdiyi müsahibəsində deyib: “Bu, bütün dünyada jurnalistlərə qarşı hücumdur. Bu, həqiqətə hücum­dur. Bu, həm də ictimaiyyətin xəbərdar olma, bilmək hüququna hücumdur. As­sanj siyasi məhbusdur və həyatı təhlükə altındadır...”

Britaniya Ali Məhkəməsinin ABŞ hakimiyyətinin xeyrinə qərar verəcə­yi təqdirdə, təsəlliverici məqam ondan ibarətdir ki, Assanjın vəkili Avropa insan hüquqları məhkəməsinə müraciət edə­cək. Sonra nə baş verəcək, onu zaman göstərəcək.

İlqar RÜSTƏMOV
XQ

Dünya