“Köç” müəllifi əbədiyyətə köçdü

post-img

Vida sözü

Dünən axşam xəbər gəldi ki, Xalq yazıçı­sı, Əməkdar incəsənət xadimi Mövlud Süley­manlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bir neçə gün əvvəl insult keçirən M.Süleymanlı xəstəxanaya yerləşdirilmişdi. O, əməliyyat olunsa da, vəziyyəti ağır idi. Hamımız dua edirdik ki, sağalıb aya­ğa qalxsın. Amma…

Mövlud Süleymanlı 1943-cü il martın 18-də Er­mənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Yaradıcılığa lirik şeirlərlə başlayan istedadlı qələm sahibinin “Əllə­rim” adlı ilk şeiri 1964-cü ildə tələbə ikən “Azərbaycan gəncləri” qəzetində çap edilib. Sonra “Bir ünvan” adlı şeir kitabı da nəşr olunub.

Daha sonra nəsr yaradıcılığına keçən ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. “Ayın aydınlığında” hekayələr kitabı güclü nasir olaca­ğından soraq verib. Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun “Köç”, “Ceviz qurdu”, “Səs”, “Günah duası”, “Erməni adında­kı hərflər”, “Dəyirman” romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.

Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbər­lik etmiş Mövlud Süleymanlının əsas təşkilatçılığı ilə “Respublika”, “Dan yeri”, “Dünəndən bu günə”, “Biz­dən sonra”, “Sarıtel”, “Xeyrə qənşər”, “Bulaq başı”, “Mövqe”, “Аxtarış”, “Dövran”, “Qürbətdə qalan Vətən”, “Gündoğandan günbatana”, “Qonaq eldən gələr”, "Var səsimlə", "Çiyin-çiyinə", "Tanrı duaları" və s. son dərəcə maraqlı verilişlər efirə çıxıb və dinləyicilərin ru­hunu oxşayıb.

1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mövlud Süleymanlı “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Ötən il iyulun 28-də ad günü ilə bağ­lı ona zəng edib haqqında yazmaq istədik. Əvvəl istəmədi. Sonra birtəhər razılığını alıb, “Ulu sözün uca dəyəri” rubrikası ilə onun haqqında “”Şöhrət”li yazıçının “Şərəf” yolu” adlı məqalə yazıb qəzetimizdə çap elədik. Fikrimiz vardı ki, onunla evində görüşüb “XalqTV” üçün veriliş hazırlayaq. Təəssüf ki, alınmadı.

Allah rəhmət eləsin...

XQ

Sosial həyat