Qlobal siyasətdə yeni yaxınlaşma: Türkiyə və ərəb dünyası

post-img

Son illər Qahirəyə rəsmi səfərlər edən dövlət və hökumət başçılarının heç biri bu ölkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qədər “sıcaq” qarşılanmayıb. Əhalisinin sayına görə ən böyük ərəb dövlətinin başçısı Əbdül Fəttah əs-Sisi ali qonağı birbaşa aeroporta qarşılamaqla, sayın R.T.Ərdoğana, onun şəxsiyyətinə və təmsil etdiyi dövlətə dərin hörmət və ehtiramını izhar edib. 

Bu fakt həm Şərqdə, həm də Qərbdə diqqətdən yayınmayıb. Nəzərə alsaq ki, Misirdə son hakimiyyət dəyişikliyindən keçən 10 il ərzində bu iki ölkə arasın­da münasibətlər, yumşaq desək, kifayət qədər soyuq olub. Vəziyyətin belə kəs­kin surətdə müsbətə doğru dəyişəcəyini isə çoxları gözləmirdilər. 

Nə baş verib ki, dünənki rəqiblər bü­tün inciklikləri unudaraq dosta çevrilmək üzrədirlər? Bu və oxşar suallara cavab vermək üçün yaxın tarixə qısa ekskurs etməli olacağıq. 

Məlumdur ki, “soyuq müharibə” dönəmi qlobal müstəvidə siyasi və hər­bi ittifaqlar dövrü idi. NATO və Varşava Müqaviləsi Təşkilatı arasında kəskin rəqabət təxminən yarım əsr davam etdi. Sonra Sovet İttifaqı süqut etdi və yerin­də 15 müstəqil dövlət yarandı. Bundan başqa Şərqi Avropa ölkələri “qırmızı im­periya”nın caynağından qurtuldular və üzlərini Qərbə doğru çevirdilər. 

Fürsətdən yararlanan Vaşinqton təkqütblü dünya nizamı quraraq dünya­nı istədiyi və arzu etdiyi kimi idarə et­məyə başlaşdı. Lakin artıq 2010-ci ilin sonlarında ABŞ-ın dirijorluğu ilə start götürən “Ərəb baharı” artıq Kremli Ağ evə qarşı asi saldı. Beləcə, ABŞ, Rusi­ya, İran, Fransa və digər aktorların işti­rakı ilə vəkalət müharibəsi başladı. 

Bu ərəfədə Türkiyə dövləti yeni ça­ğırışlarla üz-üzə qaldı. Belə ki, 2011-ci ildə Suriyada başlanan vətəndaş müha­ribəsinin ilk günlərindən ABŞ-ın Suriya və İraqda, həmçinin Türkiyə kimi ölkələr də daxil olmaqla, daha geniş bir bölgə­də sabitliyi pozmağa meyilli olduğu bəlli oldu. Ankara istər-istəməz, Suriyanın gələcək taleyi ilə bağlı ABŞ ilə fikir ay­rılığına düşdü. 

Vaşinqton qlobal səhnədə digər xalqların maraq və narahatlıqlarını nəzərə almadan öz gələcək hədəflə­rini formalaşdırmaq niyyətində idi və bu hədəflər bu gün də qüvvədədir. Bu zaman o, keçmiş tərəfdarlarını “qur­ban verməyə” hər an hazır olduğunu gizlətmək belə istəmirdi. Ankara keç­miş müttəfiqinin onun milli maraqlarına etinasızlığı ilə barışa bilməzdi və qə­tiyyətlə öz prinsipial mövqeyini ortaya qoymalı oldu. 

Eyni vaxtda bir neçə mənbədən qaynaqlanan terror hücumları Türkiyəni sınağa çəkdi. Dünyanın ən məşhur üç terror təşkilatı qardaş ölkəyə qarşı hü­cumlarını gücləndirdi. Birincisi, FETÖ terror qruplaşması Türkiyəni qlobal şəbəkənin maraqlarına tabe etmək məqsədi ilə ölkə daxilində pozuculuq fəaliyyətini gücləndirdi. FETÖ-nün hü­cumları 2016-cı il iyulun 15-dəki uğur­suz dövlət çevrilişi cəhdinə qədər da­vam etdi.

İkincisi, PKK terror təşkilatı Türkiyə ilə regiondakı kürd icmaları arasında sülh danışıqlarının davam etməsinə baxmayaraq, Qərbin göstərişi ilə An­karaya qarşı kəskin təxribatlar həyata keçirdi. Niyyət ölkə daxilində etnik zə­mində nifaq salmaq, iqtidar əleyhinə etirazları körükləmək və nəticə etibarilə Türkiyəni xaosa sürükləmək idi. 

Bunlar azmış kimi, eyni zamanda, İŞİD terror qruplaşması Türkiyəyə qarşı hücumlara başladı. İŞİD-i maliyyələş­dirən qüvvələrin əsas niyyətlərindən biri də bu ölkəni parçalamaq idi. Ankaranın bu təzyiqlərə davam gətirə bilməyəcəyi­ni düşünən bir çox bölgə dövlətləri Tür­kiyəyə qarşı dişlərini qıcamağı özlərinə rəva gördülər. Lakin müdrik türk xalqı­nın dəstəyilə ölkə lideri və onun koman­dası daxildən və xaricdən gələn bütün təhdidlərə sinə gərməyi bacardı. 

Sonrakı illərdə Türkiyə Cümhuriyyəti sağlam milli qüvvələri səfərbər edərək dövləti gücləndirdi, ordunun yenidən qurulmasını tamamladı, müdafiə səna­yesini inkişaf etdirdi və xüsusilə, bu üç terror təşkilatına meydan oxumaq və onları məhv etməkdə qlobal miqyasda ciddi uğurlar əldə etdi.

Həmin çətin illərdə Ankaranın Bir­ləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiy­yə Ərəbistanı, Misir və hətta İran kimi böyük region ölkələri ilə ziddiyyətləri üzə çıxdı. Lakin Türkiyə öz gücünə gü­vənərək, öz güclü və xarizmatik lideri ətrafında səfərbər olunaraq daha da möhkəmləndi və ayaqda qaldı. R.T.Ər­doğan, dünyada xalqın dəstəyi ilə hərbi üsyana qalib gələn rəhbər kimi adını ta­rixə yazdırdı. 

Türkiyə bundan sonra Səudiyyə Ərəbistanı, Misir, hətta Suriya ilə mü­nasibətlərini bir-bir bərpa etdi. 2023-cü il prezident seçkiləri görkəmli dövlət xadimi R.T.Ərdoğanın xeyrinə başa çat­dıqda, Avropa İttifaqı (Aİ) ölkələri bunu o qədər də istəməsələr belə, Türkiyə ilə işləmək məcburiyyətində qaldılar.

İndi qayıdaq Türkiyə Prezidenti­nin Misirə rəsmi səfərinə. Sözümüzün canı bundadır. Düşünürük ki, Misir və Türkiyənin yaxınlaşması regional geo­siyasətə ciddi təsir göstərəcək. Çünki Türkiyə və Misir bir-birinə tarixən bağlı ölkələrdir. Onların münasibətlərindəki boşluqları tezliklə aradan qaldırmaq elə də çətin deyil. 

Yaxın Şərqdə və Afrikada Tür­kiyədən başqa, heç bir dövlət özünü ABŞ-dan təhlükəsiz hiss etmir. Səudiy­yə Ərəbistanı və Misir yalnız ABŞ və Qərb güclərinə güvənməklə salamat qalmayacaqlarını bilirlər.

Türkiyənin öz gücü ilə var olmaq mübarizəsi Səudiyyə Ərəbistanı, Misir və digər bölgə dövlətlərini ruhlandırır. Məlumdur ki, hər bir ölkənin öz gücü ilə mövcud ola bilməsi onun region ölkələri ilə tərəfdaşlıq və həmrəyliyindən asılı­dır. Türkiyə Cümhuriyyəti Misirlə əl-ələ verərsə, nəinki müsəlman Şərqində, eləcə də qlobal müstəvidə bir çox müş­küllərin ədalətli həllinə nail olmaq müm­kün olacaq. 

Xatırladaq ki, cəmi iki əsr əvvəl Misir və Türkiyə eyni imperiyanın tərkibində idi. Bu gün onlar öz geosiyasi mövqelə­rini və dövlət qüdrətlərini yüksəltmək məqsədi ilə tarixi əlaqələrinə əsaslanan ittifaq və ya tərəfdaşlıq qurmağa hazırla­şırlar. Bu uzlaşmanın hər iki xalq və döv­lət üçün iqtisadi nəticələrindən heç də az olmayan geosiyasi faydaları olacaq. 

Qərb, əlbəttə, Türkiyə ilə ərəb, bü­tövlükdə, müsəlman dünyasının yaxın­laşmasını istəmir. Lakin qlobal səhnəyə hazırda müstəqil regional güclər çıxır və onlar öz milli maraqlarını axıradək qo­rumaq və müdafiə etmək əzmindədirlər. 

Şahbaz ŞAMIOĞLU, 
Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi 

– Çağdaş dünya siyasətin­də yeni oyun qaydaları forma­laşır. Əvvəllər planetin siyasi mənzərəsi belə idi: bir qütbə ABŞ başda olmaqla özlərini demokratik adlandıran dövlət­lər qrupu, o biri qütbə isə keç­miş Sovet İttifaqının rəhbərliyi ilə sosialist ölkələri daxil idi. Bunların arasında gərgin siya­si, iqtisadi və ideoloji mübarizə gedirdi. 

1991-ci ildə keçmiş SSRİ-nin süqutu ilə mövcud nizam po­zuldu və planetdəki siyasi və hərbi proseslərə Vaşinqton təkbaşına dirijorluq etməyə başladı. Son illər isə vəziyyət yenidən dəyişir. Özünü keçmiş ittifaqın varisi hesab edən Ru­siya yenidən liderlik iddialarını ortaya qoyub. Ən başlıcası isə, Çin ABŞ-ı bütün istiqamətlərdə daban-dabana izləyir və hət­ta ötüb keçmək niyyətindədir. Vaşinqton isə belə bir variantı özünün qorxulu yuxusu hesab edir. 

Anqlosakslar dünya lider­liyini heç kəslə bölüşmək istə­mirlər. Böyük ehtimalla, plane­timiz əvvəlki qaydalarla idarə olunmayacaq və yeni siyasi güc mərkəzləri meydana çıxa­caq. Belə bir taleyüklü məqam­da müsəlman ölkələrinin bir araya gəlmələri və milli ma­raqlarını birgə səylərlə qoruya bilmələri son dərəcə vacibdir. Bu mənada, Türkiyənin Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər ərəb dövlətləri ilə siyasi, iqtisa­di və hərbi əlaqələrinin güclən­məsi mühüm əhəmiyyət kəsb edir. 

Prezident R.T.Ərdoğanın liderliyi ilə müstəqil xarici si­yasət xətti yürüdən Ankaranın nümunəsi bir çox ərəb dövlət­lərini ruhlandırır. Türkiyənin si­yasi çəkisi Afrikanın müsəlman dövlətləri arasında da artır.

Paşa ƏMİRCANOV,
Məsaim ABDULLAYEV
XQ



Dünya