“Köhnə qitə”nin siyasi mədəniyyətində tətillər və etirazlar qeyri-adi hadisə deyil, sadəcə cəmiyyətin orqanik hissəsidir. Avropa İttifaqının (Aİ) aparıcı dövlətləri, inteqrasiyanın “mühərrikləri” sayılan Almaniya və Fransa buna bariz nümunədir.
Fransada zəhmətkeşlərin öz hüquqlarının müdafiəsi uğrunda mübarizə forması kimi tətillərin populyarlığı belə bir faktla təsdiq olunur ki, 1791-1849-cu illərdə bu ölkədə həmkarlar ittifaqlarını və tətilləri qadağan edən 4 qanun qəbul edilib. Fransada ilk dəfə tətilləri 1864-cü ildə leqallaşdırıblar, 1946-cı ildə isə tətil hüququ IV Respublikanın Konstitutsiyasına daxil edilib. Buna baxmayaraq, fəaliyyətdə olan 1958-ci il Konstitutsiyasında tətil hüququ xatırlanmır. Düzdür, bu, nə dövlət qulluqçuları üçün, nə özəl sektorda çalışanlar üçün qadağan edilir, lakin onun keçirilməsi 1963, 1979, 1982, 1983-cü illərdə qəbul edilmiş bir sıra qanunlar və hakimiyyət orqanlarının qərarları ilə tənzimlənir.
Almaniya qanunvericiliyində isə tətil hüququ tənzimlənmir, lakin ölkənin 1949-cu il Əsas Qanunu peşə assosiasiyalarının, həmkarlar ittifaqlarının yaradılmasına və iş şəraitinin yaxşılaşdırılması uğrunda mübarizəyə icazə verir ki, bu da tətillərin keçirilməsi hüququ kimi şərh olunur. Sonralar isə məhkəmə presedentləri əsasında muzdlu işçilərin “kollektiv şəkildə razılaşdırılmış məqsədlərə nail olmaq üçün” tətil edə bilməsi qərara alınıb. Dövlət qulluqçuları bu hüquqdan məhrumdurlar.
2023-2024-cü illərin qış mövsümündə Aİ ölkələrindən mütəmadi olaraq fermerlərin, dəmiryolçuların və digər sektorlarda çalışanların genişmiqyaslı tətilləri ilə bağlı xəbərlər yayıldı. Bunların eyni bir xəstəliyin simptomları olduğu barədə yanlış təsəvvürdə bulunanlar da var. Ancaq bu, belə deyil: həm Almaniyada, həm də Fransada fermerlərin etirazları dəmiryol tətillərindən fərqli xarakter daşıyır. Fermerlərin çıxışları bütün aqrar sahənin maraqlarını ifadə edən peşəkar birliklər tərəfindən təşkil edilir. Onların etirazları siyasi və iqtisadi xarakter daşıyır və hökumətlərin və qismən Aİ-nin qərarlarından narazılıqların açıq ifadəsidir. Həmkarlar ittifaqlarının rəhbərlik etdikləri dəmiryolçuların tətilləri isə dövlətə qarşı deyil, işəgötürələrin - şirkət rəhbərliyinin (Almaniyada “DeutscheBahn”, Fransada “SNCF”) hərəkətlərinə qarşıdır. Bu hərəkətlər siyasi xarakter daşımır, üstəlik hökumət münaqişəyə birbaşa müdaxilə etməməlidir.
Avropada fermerlərin etiraz dalğası Fransa və Almaniya ilə məhdudlaşmır və getdikcə bütün qitəyə sirayət edir. Bağlanan magistral yollar, küçələrdə axan şərab, şəhər meydanlarından sürülən qoyun sürüləri, müxtəlif dövlət idarələrinin qarşısına tökülən peyinlər artıq Almaniya və Fransanın hüdudlarından çox kənara çıxır. Etirazlarda Belçikadan olan fermerlər də fəal iştirak edirlər, İspaniya və Portuqaliyadan olan kəndlilər isə artıq aksiyalara hazırlaşırlar. İğtişaşların bir çox səbəbləri hamı üçün ümumidir, lakin hər bir ölkədə fermerlərin narazılığının özəl səbəbləri var.
Əlbəttə, fermerlərin etirazları, ilk növbədə hökumətin kənd təsərrüfatı sahəsində tədbirlərindən narazılığı əks etdirir. Almaniyada fermerlərin etirazına səbəb hökumətin kənd təsərrüfatına subsidiyaları 2,5 milyard avro azaltmaq qərarı olub. 2022-ci ildə Ukrayna münaqişəsinin başlaması ilə Berlin iqtisadiyyatın zərər çəkmiş sektorlarını dəstəkləmək üçün xərclərin artırılması, maaşların və pensiyaların indeksləşdirilməsi, Bundesverin yenidən silahlanması və Kiyevə yardım ehtiyacı ilə üzləşdi. Bundan əlavə, 2023-cü ilin sonunda Almaniya Konstitusiya Məhkəməsi dövlətin bu vəsaiti Pandemiya ilə Mübarizə Fondundan Transformasiya və İqlim Dəyişikliyi Fonduna köçürmək qərarını qanunsuz hesab edərək, 60 milyard avronu blokladı. Üstəlik ötən ilin sonunda məhkəmə əlavə büdcə borcları üçün xüsusi hüquqlardan istifadəni qadağan etdi və hakim koalisiya çətin maliyyə vəziyyəti ilə üzləşdi. Bu qərar 2024-cü il büdcəsində 17 milyard avroluq defisit yaratdı. Belə olanda, xərcləri ödəmək üçün hakim koalisiya 2024-cü ildə kənd təsərrüfatı texnikasına vergi tətbiq etmək və “kənd təsərrüfatı dizelinə” subsidiyaları ləğv etmək qərarına gəldi. Məqsəd büdcəyə əlavə 1 milyard avro gəlir gətirmək idi.
Nəticədə alman fermerləri indi həddindən artıq bədbinləşdilər. Sənayenin vəziyyətini ölçən iqtisadi barometr 2023-cü ilin sonunda 9,2 səviyyəsinə düşüb. Bu, son onilliklər ərzində ən pis göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu illər ərzində iqtisadi barometr 20-30 bal aralığında dəyişib. Son vaxtlar Almaniyada təsərrüfatların sayı hər il 1 faiz azalır. Təəccüblü deyil ki, subsidiya hekayəsi onsuz da tez alışan benzin tökülmüş ocaq üçün bir qığılcım oldu. Ona görə də adətən çılğın etirazlara meylli olmayan Almaniyanın təmkinli fermerləri ayağa qalxdılar.
Fermerlərin peşəkar assosiasiyaları qısa müddətdə kütləvi etiraz aksiyaları təşkil edə bildilər: traktoru olan kənd təsərrüfatı işçiləri paytaxta gedib, yolları bağladılar. Muxalifət partiyaları öz mövqelərini gücləndirmək ümidi ilə etirazçıların tələblərini dəstəklədilər. Yəqin ki, etirazlar nəticəsində ən böyük siyasi kapitalı ənənəvi elektoratı fermerlər olan sağçı mühafizəkar Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku qazandı.
Nəticədə hakim koalisiya güzəştə getməyə məcbur oldu. Dövlət kənd təsərrüfatı texnikası vergisindən imtina etdi. “Kənd təsərrüfatı dizelinə” subsidiyalar, 2024-cü ildə birdən-birə yox, 2026-cı ilə qədər tədricən ləğv ediləcək. Lakin kompromis tədbir bütün fermerləri qane etmir, qatı radikal qüvvələr ölkədə güzəştli yanacağın qiymətlərinin gələcəkdə də saxlanmasını tələb edərək öz çıxışlarını davam etdirirlər.
Bu ilin yanvarından Fransada da oxşar vəziyyət yaranır. Etirazların əsas səbəbi bu ölkədə kənd təsərrüfatının iqtisadi problemləridir.
Fransızlar nəyi sevmirlər? Birincisi, Almaniyada olduğu kimi, hökumət subsidiyaları məhdudlaşdırmaq qərarına gəlib. Fransada kənd təsərrüfatına böyük həcmdə subsidiyalar ayrılır və ildə təxminən 9 milyard avro təşkil edir. İkincisi, məmurların ərzağın qiymətlərini məhdudlaşdırmaq cəhdi fermerlərdə qıcıq yaradıb. Hələ avqust ayında maliyyə naziri Bruno Le Maire ölkədə təxminən 13 faizə çatan ərzaq inflyasiyasının qarşısını almaq üçün pərakəndə satış şəbəkələrinə təzyiq göstərirdi.
Satış şəbəkəçiləri buna qulaq asdılar və təchizatçılar üçün bütün qiymət məhdudiyyətlərini aşağı saldılar. Yeri gəlmişkən, əgər başqa ölkələrdə qiymətlər az-çox sərbəst dəyişirsə, Fransa kimi paternalist dövlətdə ərzağın qiymətləri ildə yalnız bir dəfə - dekabrdan mart ayına qədər tənzimlənə bilər. İndiyə qədər ərzaq mağazaları 2024-cü ildə qiymətləri 10 faiz artırmağa razılaşıblar, lakin bu artımın hansı hissəsinin fermerlərə və pərakəndə satışçılara çatacağı bəlli deyil.
İdxal Fransa aqrar-sənaye kompleksinin işçilərini və sahibkarlarını narahat edən üçüncü problemdir. Aİ Cənubi Amerikanın MERKOSUR bloku ilə azad ticarətlə bağlı danışıqları bərpa edib və onlar uğurlu olarsa, Argentina, Braziliya və Uruqvaydan daha ucuz məhsullar Fransa bazarına daxil olacaq. Çox güman ki, minlərlə yerli təsərrüfat onlarla rəqabətə tab gətirə bilməyəcək və fəaliyyətini dayandıracaq. Bundan əlavə, Ukraynadan, hətta Cənubi Amerika ilə müqayisədə daha ucuz olan məhsulların idxalı ilə bağlı narazılıqlar davam edir. Həmçinin Aİ daxilində, Fransa mağazalarının rəflərini şərabla dolduran qonşu İspaniya ilə də rəqabət var.
Daha bir problem, fransız fermerlərin xərclərinin artmasıdır - 2022-ci ildə Ukrayna münaqişəsinin təsiri altında elektrik enerjisinin, kimyəvi maddələrin qiymətləri artıb. Fransa hökuməti, Almaniya kimi, dizel yanacağının qiymətlərini tədricən artırmağa məcburdur.
Nəhayət, Fransanın aqrar-sənaye kompleksi “yaşıl siyasət”lə bağlı daha ciddi problemlə üzləşir. Burada sudan istifadədən tutmuş çoxsaylı məhdudiyyətlərə və usandırıcı bürokratiyaya qədər çox problemlər yığılıb. Fermerlər buğda və üzüm yetişdirmək əvəzinə blankları doldurmaqla və məktublar yazmaqla məşğuldurlar.
Aqrar sahə sahibkarlarının daha ciddi problemi Brüsselin 2030-cu ilə qədər qeyri-ekoloji pestisidlərin həcmini 50 faiz azaltmaq siyasəti və 14 tənzimləyici standartdan ibarət yeni paketin tətbiqi ilə əlaqədardır. Fransız fermerlərinin dincə qoyulmuş əkin sahələrini becərməyə icazə vermək tələbləri rədd edilir. Bütün bunlar təbii olaraq kəndliləri qəzəbləndirir.
Amma fermerlərin etirazları bu ölkələrlə məhdudlaşmır. “Reuters” agentliyi xəbər verir ki, Polşada siyasətçilər Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovskini istefaya çağırıblar. Etiraz edən fermerlər ölkənin yollarını və Ukrayna ilə sərhəd keçidlərini traktorlarla bağlayıblar.
Xəbər verilir ki, hazırda ölkə üzrə 250-dən çox yol bloklanıb. Sosial mediada yayımlanan görüntülərdə yolları bağlayan traktor karvanları və “Biz olmasaq siz ac, çılpaq və ayıq olacaqsınız” kimi şüarlar yazılmış plakatlar əks olunub.
İtaliya və İspaniyada da fermerlər əmək haqlarının artırılmasını və ədalətsiz rəqabətə qarşı mübarizə tədbirləri görməyi tələb edirlər. Məsələn, fermerlər avtomobil karvanında polisin müşayiəti ilə Romanın tarixi mərkəzindən keçiblər. Baş nazir Corciya Meloni dəfələrlə hökumətin fermerlərin əsas istəklərini qismən təmin etdiyini desə də, etirazların davam etdirilir.
İspaniyada isə fermerlər dördüncü gündür ki, tətil edirlər. Ölkə ictimaiyyətinin fəalları fermerləri şənbə günü Sosialist Partiyasının qərargahı yaxınlığında keçiriləcək etiraz aksiyası üçün gecə yarısı Madridə yürüş etməyə çağırıblar. Telekanalın məlumatına görə, etirazlar daha bir neçə həftə davam edəcək və onların ən böyüyü fevralın 21-də Madriddə keçiriləcək.
Belçika da fermerlərin qızğın etirazları ilə üzləşib. Hazırda Brüsseldə mağazalarda ərzaq qıtlığı var. Buna qədər fevralın 2-də Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirən fermerlərin törətdiyi dağıntıların nəticələri aradan qaldırılmışdı. Həmin aksiyada XIX əsrdə ucaldılmış 200 kiloqramlıq tuncdan hazırlanmış fəhlə heykəlini postamentindən aşırmışdılar.
Fermer tətillərinin intensivləşməsi, Almaniya, Fransa, İspaniya, Portuqaliya və İtaliyanın spesifik inkişafına baxmayaraq, ilk növbədə, Aİ ölkələrində artan iqtisadi gərginliyin göstəricisidir. Əsas odur ki, bu etirazlar daha böyük problemləri üzə çıxarır: Ukrayna münaqişəsi ilə bağlı artan xərclər – inflyasiya, enerji qiymətlərinin artması, Kiyevə yardım və s.
Vaxt isə gözləmir. Aİ-yə üzv ölkələrin hökumətləri bu çətin iqtisadi problemləri həll etməlidirlər: ya müxtəlif iqtisadi sektorları dəstəkləmək üçün büdcə borcunu artırmalı, ya da büdcə vəsaitlərini yenidən bölüşdürməlidirlər. Amma nə Berlin, nə Paris, nə də adlarını çəkdiyimiz digər ölkələr büdcə kəsirini artırmağa hələlik hazır deyillər. Almaniyanın "svetofor" koalisiyası artıq borc intizamına sadiqliyini təsdiqləyib – ölkədə büdcə kəsiri ÜDM-in 0,35 faizindən çox ola bilməz. Büdcə kəsirinin ÜDM-in 4,9 faiz – 173,3 milyard avro təşkil etdiyi Fransaya gəlincə, Maliyyə Nazirliyi bu kəsiri azaltmaq üçün 12 milyard avro tapmağı hökumətin prioritetlərindən biri olduğunu açıqlayıb.
“Azad” vəsaitlərin az olduğu şəraitdə onların paylanması üçün rəqabət təbii olaraq artır. Almaniya, Fransa və digər Aİ ölkələrindəki fermerlər mütəşəkkil qüvvə olduqlarını sübut etdikcə, hökumətlər qiymətli pula qənaət etmək üçün başqa sahələr axtarıb tapmalı olacaqlar. Bu axtarış uzandıqca, Avropa fermerlərinin birləşməsi prosesi daha da güclənəcək və o zaman “köhnə qitə” etiraz və tətillərə çətin tab gətirə bilsin.
İlqar RÜSTƏMOV
XQ