Dünya 2024-cü ildən niyə qorxmalıdır?

post-img

“UnHerd”: Bu il daha təhlükəli olacaq

2023-cü il dünya üçün hər günü qana bələnmiş və insan iztirabları hopmuş çox ağır bir il oldu. Çoxsaylı münaqişələr və böhranlar planetimizi sanki didirdi. Kim deyə bilər ki, bu il yaxşı olacaq? Hələ ki, 2024-cü il üçün siyasi analitiklərin və iqtisadçı ekspertlərin proqnozları 2024-cü ilin daha da pis olacağını vəd edir. 

2020-ci ildə Mişel Uelbekdən soru­şanda ki, koronavirus pandemiyasından sonra dünyanı necə təsəvvür edirsiniz, o, çox sərrast bir cavab verdi: “Eynən belə, ancaq bir az daha pis”. 2024-cü ildə də oxşar bir şeyin bizi gözlədiyini qabaqca­dan görmək üçün falçı olmaq lazım gəl­mir. 2023-cü ildə dünyada 1945-ci ildən bəri görünməmiş qlobal münaqişələr baş verdi. Bu il isə daha da pis olacaq. Əlbəttə, dünya müharibəsi hələ uzaqda olsa da, planeti qəddar düşmənçilik bürü­yüb: birqütblü ABŞ imperiyasından qalan qənimətlərin bölüşdürülməsinin böyük post-qlobalizm dövrü başlayıb. 1940-cı illər Böyük Britaniya üçün və ya 1991-ci il Rusiya üçün necə olubsa, qarşıdan elə bu cür epoxal bir dövr yaxınlaşmaqdadır. 

Keçmişdə qalan iki dünya mühari­bəsindən fərqli olaraq, hazırkı rəqiblər fövqəldövlətləri birbaşa qarşıdurmaya ça­ğırmırlar - ən azından hələlik. Eyni zaman­da, Amerika hegemonluğu dolayısı ilə çox ciddi çağırışla üzləşib: zəif satellit-dövlət­ləri hədəfə alan rəqiblər onun imperiya­sının ucqarlarını yavaş-yavaş gəmirirlər. Çünki əmindirlər ki, bugünkü Amerika öz nizamını dünyaya sırımaq üçün kifayət qədər logistik potensiala və daxili siyasi sabitliyə sahib deyil. 

1990-2000-ci illərdə, özünün birqütb­lü dövrünün zirvəsində olan ABŞ, demək olar ki, dünyanın qalan hissəsini özünün satellitinə çevirmişdi. Sonra onlar hesab göstərənlərə, səxavətlə indi çox çətinliklə nağdlaşdırılan təhlükəsizlik çekləri ver­dilər: eynən iflas kimi, tənəzzül də əvvəlcə tədricən, sonra isə birdən-birə yerə gəlir. Tarixə keçən 2023-cü il kimi, 2024-cü ilin əsas mövzusu da qlobal hökmranlığın sonunu sürətləndirən imperiyanın gər­ginliyinin həddini aşması olacaq. Hələ ki, Amerika təhlükəsizlik xidmətləri Qırmızı dənizdən Donbasa, Cənubi Amerikanın cəngəlliklərindən Uzaq Şərqə qədər dün­ya miqyasında alovlanmaq təhlükəsi ya­radan lokal yanğınları çılğınlıqla söndürə bilirlər.

Ancaq işlər necə pis olursa-olsun, on­lar həmişə daha da pisləşə bilər. Bəlkə də biz çox tələsdik və unutduq ki, cəmi altı ay əvvəl Priqojinin ildırımsürətli və gözlənilməz üsyanından dərhal sonra Rusiya təhlükəsizlik xidmətləri hərarətlə və yüksək səslə – ya Qərbə xəbərdarlıq olaraq Ukraynaya, ya da birbaşa Qərbin özünə, nüvə zərbəsi endirməyin məqsə­dəuyğunluğunu müzakirə edirdilər. İstər qlobal, istərsə də daxili böhran hissi gün­dəlik həyatda o qədər dərin kök atıb ki, “soyuq müharibə”dən bəri ən təhlükəli nüvə eskalasiyası faktiki olaraq diqqətdən kənarda qalıb. Biz şükür etməliyik ki, bu an keçdi, lakin bu, özü-özlüyündə Ameri­kanın qlobal mövqeyinin zəiflədiyinin sü­butudur. Nüvə narahatlığının qısa müddət ərzində alovlanması Kremlin həm daxildə görünməmiş təhlükə gördüyü, həm də Uk­rayna Silahlı Qüvvələrinin çoxdan gözlə­nilən yay əks-hücum əməliyyatı ərəfəsin­də döyüş meydanında məğlubiyyət riski ilə üzləşdiyi bir vaxtda baş verdi. Ancaq əks-hücum, indi bildiyimiz kimi, bütün göz­ləntiləri alt-üst etdi və Ukrayna üçün ağrılı uğursuzluğa çevrildi. İndi bəlli olur ki, nüvə müharibəsi riskini azaltmaq üçün Kiyev ən yüksək qiyməti ödəməli olacaq.

Sanki anlaşılmaz şahmat oyununda olduğu kimi, Ukraynada cəbhə xəttləri bu il demək olar ki, dəyişməyib - amma gözləntilər tamamilə dəyişib. Bir il əvvəl hamı razılaşdı ki, Xüsusi Hərbi Əməliyya­tın özü artıq Putin üçün strateji məğlubiy­yətə çevrilib: onun ordusu gözlənilmədən zəif, döyüş meydanında səmərəsiz olub və 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinin şimal-şərqdəki hücumları nəticəsində dağılıb. Amma NATO alyansı nəinki daxili fikir ayrılıqları səbəbindən da­ğılmadı, həm də səfərbər olmaq üçün yeni məqsəd tapdı: Rusiya təhlükəsinə qarşı birləşmək və Ukraynanın hərbi qələbəsi üçün artıq mövcud olan və hələ planlaş­dırılmamış böyük miqdarda hərbi texnika göndərmək. İndi bu zəfər hissi çoxdan ötüb geçib. Qərbin qələbə naminə vəd etdiyi sursat istehsalında sıçrayış baş tut­madı və Rusiya nəinki iqtisadiyyatını mü­haribə vəziyyətinə keçirdi, həm də Qərb şirkətlərini ələ keçirməklə Qərbin sank­siyalarına tutarlı cavab verdi. Yəni nəti­cə gözləntilərin tam əksinə oldu: Rusiya hücum imkanlarını gücləndirdi və iqtisadi bum yaşadı. Qərb Rusiyaya özünün ümid etdiyi hərbi stimul verdi. Nəticədə, indi Uk­raynanı qaranlıq və sərt qış gözləyir. Bu il ötənilkindən daha da pis olacaq.

2023-cü ildə Kiyev və onun Qərbdəki himayədarları ölkənin cənub-şərqində bir güclü həmlə ilə münaqişəni uğurla başa vurmağa ümid edirdilər. Gözlənilirdi ki, o, Rusiyanın müdafiə xəttini yarıb Krım və Qara dəniz sahilləri üzərində nəzarəti ələ alacaq, bundan sonra “təhqir edilmiş” Pu­tin, şübhəsiz ki, sülh danışıqlarına başla­yacaq. Lakin bu macəra uğursuzluğa dü­çar oldu və indi münaqişənin daha canlı mərhələsində Zelenskinin verdiyi cəsarətli proqnozda qələbəyə birbaşa yol yoxdur. Ukrayna qoşunları Rusiyanın artan hü­cum gücünün qarşısını almaq və onu zəif­lətmək ümidi ilə şimal sərhədi boyunca və şərqdəki hazırkı cəbhə xəttinin arxasında tələsik müdafiə xətləri çəkirlər. Eynən bu yaxınlarda NATO-nun himayəsi altında formalaşdırılan Ukrayna Silahlı Qüvvələ­rinin zirehli briqadalarını məhv edən rus istehkamları kimi. Ancaq Rusiyanın Qər­bin səxavətlə bağışladığı silahların “po­lad dağı yaratmaq uğurunu” təkrarlamaq mümkün olmayacaq. Çünki artıq cəbhəyə həvəslə gedən könüllülər dalğası səngi­di. İndi onların yerini inadkar çağırışçılar tutub və belə bir vəziyyətdə Kiyev yalnız sıranı saxlamaq üçün yarım milyon insanı səfərbər etməyi planlaşdırır.

Ukrayna Silahlı Qüvvələrinin koman­danı Valeri Zalujnıy Prezident Zelenski­nin hərbi əməliyyatların sona çatması ilə bağlı hədsiz nikbin proqnozlarını təkzib edəndə və mövcud vəziyyəti “dalan” kimi səciyyələndirəndə, bu, Kiyevdə daxili si­yasi parçalanmanın böyüməsini ortaya çıxardı. Sərt reallıq isə ondan ibarətdir ki, indi təşəbbüs Rusiyaya keçib və Ukrayna yalnız bu gün az qala qələbə kimi görünən sülh danışıqları ümidi ilə döyüşləri dalana dirəyə bilər. Amma indiki vəziyyətdə Mos­kva öz imkanlarına arxayındır və Ukray­na ərazi və siyasi güzəştlərə getməyincə, onlara maraq göstərməyəcək. Ukrayna buna getsə, bu, artıq kapitulyasiyaya bə­rabər olacaq.

Əgər Kiyev bundan sonra axmaqlıq edərsə, deməli, hegemon dövlət artıq ona marağını itirər. Çünki Birləşmiş Ştatlar bir neçə onilliklər ərzində bataqlığa düş­düyü və çoxlu resurslar sərf etdiyi Yaxın Şərqlə yenidən diqqətini yayındırır. İsrail həm diplomatik, həm də hərbi cəhətdən Vaşinqtondan asılıdır, lakin bu, Netanya­hunun Qəzza zolağındakı cəza müharibə­sinə heç bir təsir göstərməyib. ABŞ elçiləri İsraildən hərbi şövqünü cilovlamağı xa­hiş edir, lakin Netanyahu, əksinə, dərhal hərbi əməliyyatları genişləndirəcəyini bil­dirir. Amerika strateqləri Ukraynaya görə qiymətli arsenallarının tükənməsindən narahatdırlar, İsrail isə ABŞ-ın bağışla­dığı hərbi sursatları hədələyici sürətlə atmaqda davam edir. Vaşinqton sursat istehsalını artırana və arsenalını doldura­na qədər – bu, illər çəkə bilər – Qəzza­ya və ya Ukraynanın şərqinə atılan hər mərmi Amerikanın hərbi gücünü zəiflədir. Nəticədə, bu “mərmi aclığı” yaradacaq və mövcud resurslar ABŞ-ın bütün dünyada hərbi öhdəliklərini yerinə yetirməsi üçün kifayət etməyə bilər. Bu kəsir Amerikanın rəqiblərinə fövqəldövlətə birbaşa meydan oxumaq üçün nadir və gözlənilməz fürsət verir. Çünki bilirlər ki, ABŞ üçün istənilən uzun sürən yüksək intensivli müharibə aparmaq çox çətin olacaq.

Amma istehsal məntiqi, diplomatik təc­rid və Qəzzadakı müharibə ilə bağlı daxili narazılıq birləşərək, ABŞ-ı münaqişənin tez bir zamanda həllini axtarmağa məcbur edirsə, hadisələrin məntiqi, əksinə, vəziy­yətin daha da gərginləşəcəyinə səbəb ola bilər. Münaqişənin Livana sıçrayacağı ris­ki heç də azalmayıb - əksinə, İsrail şimal sərhədlərində genişmiqyaslı müharibəyə başlamaq üçün bütün imkanları səfərbər edir, çünki minlərlə dinc israilli “Hizbul­lah”ın qarşılıqlı artilleriya atəşlərinə görə artıq evlərini tərk edib. Eyni zamanda, Yəmənin husilər hərəkatının Qırmızı də­nizdə gəmiçiliyi blokadaya alması göstərdi ki, İsrailə getdikcə artan dəstək üçün Qərb ölkələri birbaşa xərclər çəkir və regional güclər daha böyük əminliklə ABŞ-a mey­dan oxuyurlar.

Husilər Yəmənin mülki əhalisinə fə­lakətlər gətirən Səudiyyə Ərəbistanı ilə onilliklərlə davam edən müharibədən zəfərlə çıxdılar. Bu kampaniyalar zamanı Səudiyyə qüvvələri Amerika təyyarələrin­dən, bombalarından və ABŞ kəşfiyyatının dəstəyindən geniş istifadə etdi, lakin dö­yüş meydanında heç vaxt uğur qazana bilmədilər. Bununla müqayisədə Birləşmiş Ştatların qısa müddətli cəza bombardma­nı riski husilər üçün yəqin ki, məqbul gö­rünəcək. Amerikanın həm ölkədaxili, həm də beynəlxalq aləmdə İsraili dəstəkləmə­si kimi qiymətləndiriləcək daha geniş bir münaqişəyə qarışmaq istəmədiyini bilən husilər daha böyük cəsarətlə Amerika do­nanmasının konvoylarına birbaşa hücum edəcəklər. 

İsrailin Qəzza zolağındakı kampani­yası siyasi baxımdan o qədər zəhərlidir ki, hətta Amerikanın NATO üzrə ən yaxın müttəfiqləri belə, Vaşinqtonun Qırmızı dənizin təhlükəsizliyini təmin etmək səy­lərindən uzaq durmağı üstün tuturlar. Eyni zamanda, yanlış satınalma siyasəti nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələ­ri ticarət yollarının təhlükəsizliyini təmin etmək üçün resursları səfərbər etməkdə çətinlik çəkir - bu, əslində qlobal imperi­yanın əsas funksiyasıdır. Amma Birləşmiş Ştatlar hətta “Hizbullah” və ya husilərlə birbaşa döyüşməkdən yayındığına görə İrana zərbə endirmək perspektivi (bu hət­ta Amerikanın gücünün zirvədə olduğu bir zamanda həddən artıq iddialı məqsəd hesab olunurdu) çox az ehtimal olunur. Bu da öz növbəsində sonrakı risklərə get­mək üçün Tehranın iştahını artırır. Birləş­miş Ştatlar nəinki həddən artıq yüklənib və həddən artıq missiyalarla gəmilərini çox istismar edir, həm də kömək etməyə həvəsi olmayan daha zəif müttəfiqlərin­dən də asılı vəziyyətə düşüb. Nəticədə, biz Qırmızı dənizdə Amerikanın gələcək Sakit okean münaqişəsində özünü necə aparacağına dair müqəddiməni görürük: bu, başqasını olmasa da, Çini çox ilham­landıracaq.

Nizə zərbələri ilə zəifləmiş yaralı ma­mont kimi qanı axan “hegemon” dünya səhnəsində səndələdi. Amerika ayrı-ayrı­lıqda bütün rəqiblərindən güclü qalması­na baxmayaraq, güclü regional rəqiblərə qarşı eyni vaxtda üç böyük münaqişəyə tab gətirə bilməyəcək. Bunun üçün hazır­kı siyasi şəraitdə ağlasığmaz səfərbərlik lazımdır. Amerika öz gücünün zirvəsində olanda rəqibləri bölünüb itaətkarcasına oturdular. Birləşmiş Ştatlar qlobal təhlükə­sizlik yükünü öz üzərinə götürdü. O za­man bunun çox asanlıqla əldə edilə bilə­cəyi görünürdü, lakin bunun uzun müddət davam etməsi lazımi sənaye bazasını tükəndirdi. ABŞ səhv seçim etdi, indi isə geri qayıtmaq çətindir. Nəticədə Amerika artıq müdafiə rejiminə keçərək dirçələn rəqiblərdən müdafiə olunmaq və qlobal siyasətin möhtəşəm remeykini mümkün qədər gec təxirə salmaq cəhdi ilə daha yaxşı dövrlərdə əldə etdiyi nailiyyətləri qoruyub saxlamağa çalışır. Lakin Rusi­ya, İran və ya Çindən fərqli olaraq, Ame­rikanın demokratik sistemi qısamüddətli planlaşdırmanı stimullaşdırır və liderlərə uğursuzluğa görə məsuliyyəti növbəti ad­ministrasiya qismində fəaliyyət göstərə­cək rəqiblərin üzərinə atmaq imkanı təklif edir. Bayden administrasiyası artıq siyasi gücünü itirib və 2024-cü ildə, demək olar ki, müəyyən siyasi məğlubiyyətə doğru gedir. Onlar artıq yorğun və fikirləri dağı­nıq gerontokrat kimi hakimiyyətin sükanı arxasındadırlar. Amerika tarixinin daha erkən mərhələsində hakimiyyətin ötürül­məsinin rəvan davam edəcəyi, imperiya­nın strateji məqsədlərinin qorunub saxlan­masında lazımi varisliyin təmin ediləcəyi təbii qəbul edilmişdi. 2024-cü ildə belə da­vamlılığa ümid etmək olmaz. ABŞ-ın hər iki keçmiş seçki dövrü onilliklərin ən pis vətəndaş iğtişaşları və siyasi qeyri-sabitlik dalğaları ilə yadda qaldı. Hər iki partiya və onların bürokratik aparatı daxilindəki frak­siyaları, partiyanın silahı kimi çıxış edən satılmış mətbuatın asanlıqla radikallara çevirdiyi coşan vətəndaşlara arxalanaraq, bir-birinin legitimliyini şübhə altına alırlar. Bu il görünməmiş siyasi ixtilaflar Amerika­nı daxildən sarsıdacaq və dünyanın qalan hissəsi imperiya taxt-tacı uğrunda müba­rizənin kölgəsində donub qalacaq.

Vaşinqtonda hakimiyyət uğrunda mü­barizə təkcə Ukraynanın deyil, həm də bü­tün NATO alyansının taleyini həll edəcək. Amerikada seçki ilində Netanyahunun yeni ABŞ administrasiyasının daha əlve­rişli olacağı ümidi ilə İsrailin gələcək təh­lükəsizliyini riskə ataraq, öz müharibəsini daha da uzağa aparmaq, hətta onu regi­onal münaqişəyə çevirmək stimulu var. İran, “Hizbullah” və husilər üçün, Yaxın Şərqdə böyük bir münaqişədən qaçma­ğa çalışan ehtiyatlı Bayden administrasi­yasının məhvi eskalasiya üçün ən böyük fürsətdir. Həlledici zərbə vurmaq fürsəti gözləyən Çin üçün optimal vaxt Vaşinqto­nun daxili qarışıqlıqlardan ən çox diqqəti­ni yayındırdığı vaxt olacaq – ola bilsin ki, qarşıdan gələn seçki mövsümü bu fürsəti təmin etsin. Bunu əldən vermək olmaz, çünki o bir daha təkrarlanmaya bilər. Bu da öz növbəsində Tayvanın ələ keçirilmə­sini sürətləndirəcək.

Son onilliklər ərzində dünya özünün ən təhlükəli dönəmini yaşayır və hər bir teatrda baş verən hadisələrin məntiqi gər­ginliyin bu ilə də adlayacağını vəd edir. 2024-cü ildə ABŞ-ın gərgin daxili çəkiş­mələri Amerika imperiyasının qənimətləri uğrunda gedən qanlı dünya mübarizəsi ilə böyük rezonans doğuracaq. Ötən 2023-cü il qlobal münaqişələr səbəbindən qana bulanmış və insan iztirabları ilə müşayiət olunan çətin bir il oldu. Ancaq geriyə bax­saq, biz, bəlkə də, o ili qorxulu fırtınaların hələ üfüqdə olduğu il və dünya nizamı­nın qızıl payızı kimi xatırlayacağıq. Bu il tarixi il olacaq və biz ondan qorxmaqda həqiqətən haqlıyıq.

Aris Roussinos,

“UnHerd”, Böyük Britaniya

Tərcümə etdi:
İlqar RÜSTƏMOV
XQ

Dünya