Bir “Ürfani” çal, ay Mirzə...

post-img

Ulu Borçalının sazını-sözünü yaşadanların avazı Dədə Qorqud ruhundan yoğurulub. Bu diyar Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev kimi sənətkarlar yetirib. 

Aşıq Kamandarın layiqli davamçısı olan Mirzə Alı oğlu Məmmədov ustadının tövsiyəsi ilə saza, sözə ömürlük bağla­nıb. Onun istedadı, ədəb-ərkanı, ustad­lara sayğısı daim diqqət çəkib. Ustadı səpə-səpə gedib, o da onun arxasınca yığa-yığa. 

Bu gün Aşıq Kamandar cismən dün­yadan köçsə də, ruhən Aşıq Mirzənin sa­zında, sözündə yaşayır. Bir də onun mis­ralarından ustad Əmrahın ruhu boylanır. Danışanda sözləri sanki ahənglə, nəzmlə dildən çıxır. Buna görə də Borçalı məc­lislərinin bəzəyidir Aşıq Mirzə. Ustadla­rının ocağından köz götürüb, yana-yana püxtələşməsinə görədir ki, elin, obanın sevimlisi olub. 

...O, qısa müddət ərzində qardaşları­nı itirib. Bu səbəbdən ağır psixoloji sar­sıntılar keçirib. Uzun müddət sazı əlinə almayıb. Ancaq Aşıq Kamandarın, ustad Gülabı Vəliyevin “təpinmə”lərindən sonra yenə sazlı-sözlü dünyaya qayıdıb. Dostu Hümbət Mahmudoğlu da ona üz tutaraq deyib:

Ustadlara hörmət elə, 

Daim yada sal, ay Mirzə.

Al sinənə telli sazı, 

Bir “Urfanı” çal, ay Mirzə.

Onun qayıdışı daha sanballı olub, səsli-sədası təzədən aləmə yayılıb. Və sevinib ki, ustadlarının yeri boş qalma­yıb. Aşıq Mirzənin sinəsini sazsız, dilini sözsüz təsəvvür etmək mümkün deyil. Çox sevdiyi “Döşəmə Koroğlu”nu xüsusi zövqlə və şövqlə ifa edərək, dinləyicilə­rinə Vətənə məhəbbət, yurda bağlılıq ovqatı aşılayır, coşğun bir ortam yaradır ətrafında. Bu gün saz öz müqəddəsliyi, söz öz kəsəri ilə Aşıq Mirzənin ruhundan, qan yaddaşından qaynayır. 

El məclislərində onun ustad Kaman­dar tərzində ustad Əmrahdan oxuduğu sözlər dalqa-dalğa ətrafa yayılır, pər­vanələri dövrəsinə yığır. Hər çıxışını bir sənət imtahanı sayan Aşıq Mirzə məclis­lərdə canlı ifasıyla ilk növbədə ustadları­nın ruhunu şad eləyir. 

Aşıq Mirzənin qardaşları Aşıq Meh­man və Novruz da aşıqdırlar. Artıq onla­rın övladları da bu sənətə könül veriblər. Novruzun oğulları Cövdət, Səxavət, Söh­rabın oğlu Cəmil gözəl saz ifaçılarıdır, gözəl səsləri var. Alı isə gözəl nağara ifa­çısıdır, həm də oxumağı da bacarır. 

Sonda Aşıq Mirzənin təb töhfəsi olan “Kür üstündədir” şeirini təqdim edirik: 

O mənim elimdir, mənim Vətənim,

Adı çəkiləndə əsir bədənim.

Hər gələn mehmana hörmət edənim,

İnsanların xası Kür üstündədir.

Borçalı bulağı, Kürün qırağı,

Bütün mahallarda bəlli sorağı.

Marallar ovçusu, laçın yaylağı,

Elin xoş sədası Kür üstündədir.

Aşıq, nə deyirəm, başa düş məni, 

Qəriblik sözünə olmaram qəni.

Bu Aşıq Əmrahın ana Vətəni,

Anamın laylası Kür üstündədir.

 

Pünhan ƏFƏNDİYEV
XQ

Mədəniyyət