Bakı daha da gözəlləşəcək

post-img

Ötən ilin sonunda Nazirlər Kabinetinin təsdiq etdiyi Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planı paytaxtın bütün inzibati ərazisini əhatə etməklə qarşıdakı dövrdə şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Tanınmış memar Cahid Həsənov dünyanın böyük mədəniyyət mərkəzlərindən sayılan Bakıda nəzərdə tutulan yenilənmə tədbirlərini arxitektura tələbləri baxımından şərh edib. Onun şərhini təqdim edirik: 

Çoxdan gözlədiyimiz və nəhayət, təs­diq olunmuş Bakının Baş Planının me­marlıq və şəhərsalmamıza nə verəcəyi ilə bağlı onu deyə bilərəm ki, bu günə qədər memarlıq və şəhərsalmada olma­mış yeniliklər baş verəcək. Belə ki, bu gün əsas amil, üzləşdiyimiz, bütün dün­ya memarlıq və şəhərsalmanın başlıca problemi olan şəhər sıxlığı problemidir.

Sovet dövründə Baş Plan paytaxt şəhərinin əhali sayına və növbəti 10–30 ildə artım nisbəti nəzərə alınmaqla tərtib və təsdiq edilirdi. Dövlət müstəqilliyimiz də məhz həmin qaydaların mövcud oldu­ğu bir vaxtda əldə olundu. Bundan sonra əhali artımı proqnozlara qətiyyən uyğun gəlmədi. Bakıya axın artdı. Bir yandan məcburi köçkünlər, digər tərəfdən rayon­larda iş tapa bilməyib paytaxta üz tutan­lar çoxaldı. Eləcə də o dövrə hesab­lanmış yol infrastrukturu indiki tələblərə uyğun deyildi. Yeni Baş Plan isə əhali sayının artımına uyğun hazırlanıb. Buna uyğun tikintilər gedəcək və həmin sıxlıq azalacaq. 

Qeyd edim ki, sovet dövründə Bakı­nın bir mərkəzi – “Fəvvarələr meydanı”, sonra isə dənizkənarı bulvar vardı. İndi artıq Bilgəhdə istirahət kompleksi, Ağ Şəhər bulvarı, Bakının bütün rayonla­rında park və xiyabanlar salınıb, hər kəs öz ərazisində olan parka gedir. Məhz bu, Baş Planda nəzərə alınıb. Biz də şəhər­salma üzrə mütəxəssis, memar olaraq öz təkliflərimizi vermişik.

Əgər Bakıdan kənarda genişmiqyaslı sosial xarakterli bir park salınırsa, yaxud inzibati bina inşa olunursa, avtomatik olaraq özəl firmalar, MTK-lar tərəfindən bu etapın icrası başlanır. Şəhərsalma belə əmələ gəlir. Həmin binalarda qiy­mət baha olduğuna görə artıq insanlar düşünür ki, şəhərin sıxlığında nə işim var, yanında parkı, məktəbi, hətta met­rostansiyası olan evlər var. Deməli, Bakı şəhərinin mərkəzi ərazilərinin çoxalması şəhərdə sıxlıq yaradan amillərin aradan qaldırılmasına gətirib çıxaracaq. 

Yeni salınacaq yollarda zolaqların enli olması, uzunluğunun çoxalması, 360–400 kilometrlik əlavə yolların sa­lınması onu göstərir ki, yolların sıxlığı dünənin və bugünün problemidir, sabah vəziyyət düzələcək.

Onu da deyim ki, Baş Planın təsdiqi növbəti dövr üçün yalnız iqtisadiyyatın artımı deyil, memarlıq və şəhərsalmanın genişlənməsi, idman komplekslərinin, özəl sektorların yeni ərazilərdə sayının xeyli artırılması, iş yerlərinin açılması deməkdir. İndi həm də şəhərin Baş Pla­nında yaxın 50 ildə dünya sənayesində hansı nəqliyyat vasitələrinin inkişaf edə­cəyi nəzərə alınıb ki, bundan da məqsəd şəhərdə tıxacların ləğvi, sıxlığın aradan qaldırılması və bir çox digər infrastruktur problemlərin kompleks həllinə nail ol­maqdır. 

Baş Planda tam şəkildə, hətta Xırda­lan dairəsində olacaq qollar, yolayrıcla­rı, körpünün aşağı istiqamətdəki yoldan yükü öz üzərinə götürən şaxələr vasitə­silə ərazilərə istiqamətləndirilməsi mexa­nizmi özünün geniş əksini tapır. 

Bütün bunlar əminlik yaradır ki, yaxın gələcəkdə şəhərsalmada nümunə­vi qayda olacaq, yeni mədəni obyektlərlə, müasir üslubda tikiləcək binalarla, park və xiyabanlarla, möhtəşəm abidələrlə paytaxtımız daha da gözəlləşəcək. 

XQ



Mədəniyyət