NATO Ukrayna ilə bir az da yaxınlaşır

post-img

NATO xarici işlər nazirlərinin noyabrın 28-də Brüsseldə başlayan iclasının gündəliyi aktual və problemli məsələlərdən ibarət olub. Yaxın Şərqdəki münaqişədən tutmuş, il yarımdır alyansa qoşulmağa çalışan İsveçə qədər məsələlər müzakirə edilib. Ancaq prioritet mövzu, əlbəttə ki, Ukrayna olub. Qərb diplomatları ənənəvi olaraq Kiyevi dəstəkləyəcəklərinə söz veriblər. Ancaq bu dəstəyin necə göstərilməsi barədə yekdil fikrin də olmadığı iddia edilir. Doğrudur, NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, burada iki fikir ola bilməz. O bildirib ki, müharibənin sülh yolu ilə nizamlanmasını yalnız Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə yaxınlaşdırmaq olar. Tarixdə ilk dəfə keçirilən NATO-Ukrayna sammitində də məhz belə nikbin mesajlar səsləndirildi.

Belə görünür, NATO-nun baş katibi Yens Stoltenberq üçün başa çatmaqda olan il asan keçməyəcək. Bunu, xüsusən, noyabrın 28–29-da bloka daxil olan ölkələrin xarici işlər nazirlərinin iclasının gündəliyindəki problem­li məsələlər toplusu göstərdi. Mövzular arasın­da İsrail və HƏMAS arasındakı qarşıdurma­nın Qərb siyasətçiləri arasında qarışıq hisslərə səbəb olduğu Yaxın Şərqdəki münaqişə, Çinin artan təsiri, Qərbi Balkanlarla qarşılıqlı fəa­liyyət perspektivləri, nəhayət, İsveçin Şimali Atlantika blokuna üzvlüyü məsələsi var. Ümu­milikdə, İsveç məsələsi Yens Stoltenberq üçün travmatik oldu. Çünki İsvüç bir ildən çoxdur ki, NATO-ya üzv olmağa çalışır, ancaq Tür­kiyə və Macarıstan Stokholmun öhdəliklərini yetinə yetirməyinə görə razılıq vermədiklə­rindən məsələ öz həllini tapmır. Cənab Stol­tenberq iyulda Vilnüsdə keçiriləcək sammitdə Stokholmun bloka qoşulacağına ümid edirdi. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa qoşulması ilə bağlı protokol imzalasa da, sənəd Türkiyə parlamenti tərəfindən ratifikasiya olunmamış qalır. 

Bununla belə, NATO-nun diqqət mərkə­zində yenə Ukraynadır. Kiyevin müttəfiqləri “lazım olduğu qədər” tərəfdaşını dəstək­ləməyə hazır olduqlarını təkrarlamaqdan yorulmasalar da, 2023-cü ilin sonuna kimi əlavə yardım perspektivlərinin azalacağının proqnozu verilir. Məsələn, bir neçə aydır ki, ABŞ Konqresi Kiyev üçün 61 milyard dollar məbləğində əlavə maliyyələşdirmə paketini təsdiq edə bilmir. Aİ-də Avropa diplomatiya­sının rəhbəri Jozep Borrelin Brüsselin Kiyevə hərbi yardım üçün dörd il ərzində 21,9 milyard dollar ayırması ilə bağlı fikri etirazla qarşıla­nır. Bu hadisələr fonunda Yens Stoltenberq müttəfiqləri ilə eyni masa arxasında Ukrayna istiqamətində gələcək planları müzakirə et­məli olub. Buna baxmayaraq, noyabrın 28-də Yens Stoltenberq ruh düşkünlüyü hiss etdir­məyərək, alternativ ssenarilərdən danışma­yıb. Onun fikrincə, NATO-nun missiyası heç bir şəkildə dəyişməyib və buna görə də bütün müttəfiqlər “sadəcə, seçilmiş kursa sadiq qal­malıdırlar: “Bizim öhdəliyimiz Ukraynanı si­lahla təmin etməkdir”. 

Bununla bərabər, NATO baş katibi əmin edib ki, Avropa da daxil olmaqla, sülh danı­şıqlarına nail olmaq üçün Ukraynaya silah­ların çatdırılması əhəmiyyət kəsb edir. “Biz onu dəstəkləməyə davam etməliyik. Ukrayna döyüş meydanında nə qədər güclüdürsə, da­nışıqlar masası arxasında bir o qədər güclü olacaq. Əgər biz Ukraynanın müstəqilliyini qoruyub saxlamasını təmin edən sülh yolu ilə həll istəyiriksə, buna nail olmağın ən yaxşı yolu ona hərbi dəstək verməyə davam etmək­dir”. Hazırkı mənzərənin deyildiyi kimi qədər tutqun olmadığına misal olaraq o, Ukraynaya bir neçə milyard avro dəyərində yeni yardım paketləri elan edən Almaniya və Hollandiyanın qərarlarını göstərib və görüşlərin ilk gününün nəticələrinə həsr olunan mətbuat konfransında bildirib ki, müttəfiqlər Kiyevə silah tədarükünü ləngitməməyə və davam etdirməyə razılaşıblar. Brüsseldə Ukrayna–NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən tarixi ilk iclasında da NATO-nun baş katibi Ukraynaya həm alyansa qoşulmaq səyləri baxımından, həm də döyüş meydanında mövcud hərbi və­ziyyətlə bağlı dəstəyin müzakirəsinin vacibliyi­ni bəyan edib. 

BBC məlumat verir ki, NATO–Ukrayna Şurasının iclasında təsdiq edilmiş illik proqram çərçivəsində islahatların həyata keçirilməsinin gedişi ilə bağlı NATO ölkələrinin xarici işlər nazirləri tərəfindən monitorinqin yaradılması qərara alınıb. “NATO-ya üzv dövlətlər Uk­raynaya prioritet islahatlarla bağlı tövsiyələr veriblər. NATO–Ukrayna Şurası Ukraynanın 2024-cü il üçün illik milli proqram təqdim et­məsini alqışlayır və onun həyata keçirilməsini səbirsizliklə gözləyir. NATO xarici işlər nazir­ləri mütəmadi olaraq uyğunlaşdırılmış milli proqramın həyata keçirilməsində irəliləyişləri qiymətləndirəcəklər”, – deyə növbəti iclasın yekunlarına dair press-relizdə deyilir. İclas­da NATO baş katibi bir daha deyib ki, alyans Rusiyanı doğru qiymətləndirməlidir: “Gərgin döyüşlər görürük və daha çox hava və raket hücumlarına hazır olmalıyıq. Ona görə də va­cibdir ki, bizim Ukrayna ilə həmrəyliyimiz təkcə sözdə deyil, həm də əməldə nümayiş et­dirilsin”. Nümunə kim, cənab Stoltenberq Ru­mıniyada F-16 pilotları üçün təlim mərkəzinin açılmasını və Hollandiyadan 2,1 milyard avro dəyərində maliyyə yardımını qeyd edib. O, al­yansdan Ukraynaya davamlı və gücləndirilmiş dəstəyin vacibliyini vurğulayıb.

Bundan başqa, NATO baş katibi önəmli mesajlar da səsləndirib. O, NATO–Ukrayna Şurasının iclasından sonra bildirib ki, Uk­rayna NATO-ya əvvəlkindən daha yaxındır. Y. Stoltenberq bəyan edib ki, NATO ölkələri gələn il üçün enerji təhlükəsizliyi, innovasi­yalar və qarşılıqlı əlaqəni əhatə edən iddialı iş proqramını təsdiqləyiblər. Xarici işlər na­zirləri, həmçinin Ukraynanın alyansa üzvlük yolunu müzakirə edib və Ukraynanın pri­oritet islahatları, o cümlədən korrupsiya ilə mübarizə, qanunun aliliyinin gücləndirilmə­si, insan və azlıqların hüquqlarının dəstək­lənməsinə dair tövsiyələr veriblər. “Ən əsası odur ki, Ukrayna suveren, müstəqil, demok­ratik dövlət kimi qalib gəldi. Bu, böyük nai­liyyətdir – böyük qələbədir”. O, "Ukraynanın NATO-ya əvvəlkindən daha yaxın olduğunu" vurğulayaraq, “Ukraynaya üzvlük yolunda dəstəyimizi davam etdirəcəyik” deyib. Bu­nunla yanaşı, o vurğulayıb ki, “Rusiya qonşu ölkələrdə siyasi təsirini itirir, 300 mindən çox itki verib, adi silahlı qüvvələrinin əhəmiyyət­li hissəsini itirib və iqtisadi təzyiq altındadır”. 

Təbii ki, Rusiya NATO rəhbərliyinin dediklərini qəbil etmir. Rusiya prezidenti­nin mətbuat katibi Dmitri Peskov deyib ki, “NATO qarşıdurma aləti kimi yaradılmış bir ittifaqdır”. Onun fikrincə, blokun əsas məqsə­di Rusiyanı “inkişafdan saxlamaqdır” və buna görə də “nəyin icad edilməsindən asılı olma­yaraq, alyansın əsas məqsədi məhz bundan ibarətdir”. Cənab Peskov hesab edir ki, bu cür planlar naminə alyans “Rusiyaya qarşı mübarizədə ritual qurban kimi Ukrayna xalqı­nın qırğınından” əl çəkmir. İstənilən halda, NATO–Ukrayna münasibətlərinin inkişafının Qərbin Rusiya ilə donmuş vəziyyətdə olan münasibətlərini təzyiq altında saxlayacağı şü­bhə doğurmur. 

 

S.ELAY
XQ

Dünya