Virus yoluxmaları ciddi nəzarətdədir

post-img

Lakin peyvəndi gözdən salmaq olmaz

Ümumdünya Səhiyyə Təşkilatı 2015-ci ildən etibarən Azərbaycanda rəsmi ola­raq qızılca və məxmərək xəstəliklərinin eliminasiyasını (endemik halların qey­də alınmaması) elan edib. 2014 və 2018-ci illərdə ölkədə qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlərlə qısa müddətdə yoluxmalar dayandırılıb.

2023-cü ilin aprel ayından qonşu ölkələrdən gətirilmə qızılcanın əhali arasında yayılma halları qeydə alınıb. Aparılmış tibbi statistikanın nəticələri göstərir ki, ötən dövrdə ölkə ərazisində əsasən, uşaqlar arasında 300-ə yaxın qızılcaya yoluxma baş verib. Onların yalnız 35 nəfəri yaşlı insanlar olub. Ha­disələr təhlil edilərkən məlum olub ki, yoluxanların 95 faizi peyvənd təqviminə uyğun vaksin olunmayanlardır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunub. 

Bildirilir ki, yaranan vəziyyətlə əlaqədar məktəblərdə, uşaq evlərində, sanatoriyalarda uşaqların sıx təması nəticəsində infeksiyaların yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, tibb müəssisələri tərə­findən profilaktik peyvənd işi gücləndi­rilib. Yaşa görə peyvəndlərdən kənarda qalan uşaqların müəyyən edilməsi və təcili vaksinasiyaya cəlb olunmasına nəzarət artırılıb. Yoluxma olan yerlərdə əks-epidemik tədbirlər görülür, xəstələr­lə təmasda olanlar müəyyən edilir və 21 günlük müşahidə aparılır. 

Bunlardan əlavə, epidemioloji vəziy­yəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsə­di ilə vaksinasiya (qızılca–parotit–məxmərək) tətbiq olunmasına başlanıb.

Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edil­məsinə gəldikdə isə Səhiyyə Nazirliyi bildirib ki, noyabr ayında universitetdən cəmi 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub. Müayinələr diaq­nozun yanlış olduğunu aşkarlayıb.

TƏBİB-in yaydığı açıqlamada bil­dirilir ki, qızılca xəstəliyinə yoluxma­ların bu tipli artımları ÜST tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artıb. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrü CO­VID-19 pandemiyasına təsadüf edən uşaqların məhdudlaşma tədbirlərilə bağlı vaksin almamalarıdır.

Açıqlamada qeyd edilib ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasındadır. Bu yoluxma uşaqlıq dövrünün virus mənşəli, xüsusi müalicə və stasionara ehtiyacı olma­yan, ev şəraitində izolyasiya ilə sağaldı­lan xəstəlikdir. Əlavə edilir ki, qızılcaya yoluxmaqdan, baş verə biləcək ağırlaş­malardan, onun gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə vaksin milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə aparı­lır.

Ötən həftə Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma ilə bağlı xəbərlər verildi. Təsdiqlənmiş he­patit A diaqnozu ilə 5 xəstə barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Onlar­dan 4-ü qız, 1-i isə oğlan olmaqla, 6, 7, 9 və 11-ci sinif şagirdləridir. 

Yayılan viruslarla bağlı təcrübəli pediatr Vaqif Qarayev XQ-yə açıqla­masında dedi: 

– Qızılca pandemiyadan öncə çox yayılmışdı. Avropanın bir sıra ölkələ­rində olduğu kimi, Azərbaycanda da yoluxma artmışdı. COVID-19 özündən zəif virusları sıxışdırdı. Yalnız qızılca yox, hər mövsümdə gördüyümüz digər viruslar da yox oldu. Ötən il qızılcaya yoluxanlar az da olsa müşahidə edildi. Bu il isə həddən artıq çoxdur. Sosial şəbəkələrdə xəstə uşaqların şəkillərini yerləşdirirlər, peyvənd barədə inamsız­lıq yaradırlar. Amma bir vacib məqamı deyim ki, COVID-19-dan da əvvəl, dün­yada vaksin əleyhinə bir hərəkat var. 

Heç bir elmi mənbəyə əsaslanma­yan məlumat paylaşırlar. “Peyvənd iflic etdi, öldürdü, heç bir faydası yoxdur”– kimi tamamilə əsassız fikirlər səsləndi­rirlər. Anlamaq istəmirlər ki, qızılcadan qorunmağın yeganə yolu peyvənddir. Uşaqlar iki dəfə peyvənd olunmalıdır: 1 yaşında və 6 yaşında. İndi xəstəlik yayılıb, artıq poliklinikalar valideynləri məcbur edirlər ki, uşaqlarını peyvənd­ləməyə gətirsinlər. 

Həkim qızılcanın ağır fəsadların­dan da söz açdı:

– Belə ağırlaşmalara qızılca pnev­moniyası deyilir və müalicəyə çətin tabe olur. Qızılcanın ağırlaşması meningit, kar, kor edə bilər. Dəfələrlə görmüşəm, “istəmirəm, vurdurmuram” – deyən va­lideyn sonra oturub ağlayıb ki, uşağı­ma kömək et. Göyöskürək deyilən bir xəstəlik də var. Pandemiyadan əvvəl çox yayılmışdı, amma indi müşahidə edilmir. AKDS vaksini difteriya, tetanus və göyöskürək xəstəliklərinin əleyhinə olan peyvənddir. Uşağı boğula-boğula gətirən valideyndən soruşanda ki, “niyə peyvənd vurdurmamısan”, deyir: “bil­mirəm”. 

90-cı illərdə I Qarabağ müharibə­si ilə bağlı uşaqlar ölkənin hər yerinə səpələndilər və peyvəndsiz qaldılar. Həmin vaxt difteriyanın epidemiyası tüğyan edirdi. Ölümlə nəticələnə bilən həmin xəstəliyin qarşısı peyvəndlərin hesabına alındı. Rumıniyada virus ya­yılmışdı, ÜST onlara pulsuz vaksin ver­mədi, çünki bu ölkədə vaksinin əhəmiy­yətini əhaliyə başa sala bilməmişdilər.

Müsahibimiz Mingəçevirdə mək­təblilər arasında hepatit A (sarılıq) virusuna yoluxma hadisəsinə də toxundu:

– Hepatitlər arasında ən təhlükəlisi C-dir. Çünki vaxtında müalicə olunma­sa, qara ciyərin sirrozu başlayır. Hazır­da müşahidə edilən hepatit A daha çox çirkli sudan, zərərli qida maddələrindən, natəmizlikdən keçir. Misal üçün, bir su şəbəkəsində hepatit virusu varsa, o sudan istifadə edən əhali yoluxa bilər. Hansı rayonda 1 nəfərdə olsa yayılır və epidemiya baş verir. Digər hepatitlərə nisbətən A-nın həm gedişi yüngüldür, həm də cilovlanması asandır. 

Mingəçevirdə baş verən hadisə za­manı alovlanmanın qarşısı tez alındı­ğından ciddi fəsad olmadı. Bizdə uşaq doğulan kimi, ona hepatit B peyvəndi vurulur. Bu, məcburidir. Amma qeyd edim ki, vaksin sağlam uşağa vurulma­lıdır. Avropada, Amerikada elə alimlər var ki, hətta qızdırmanın fonunda belə peyvənd etməyin mümkünlüyünü deyir­lər. Amma mən uzun illərin təcrübəsinə əsaslanıb qızdırmalı uşağa peyvənd vurmaram, əks-təsir yarana bilər.

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat