Milli mətbuatımızın “ağbirçək” nəşri

post-img

“Şərq qadını” – 100

“Azərbaycan qadını” jurnalının 1 əsrlik yubileyi tarixi fakt kimi qeyd edilir

1923-cü ilin noyabr ayından Azərbaycanda və müsəlman Şərqində ilk qadın ədəbi, ictimai və siyasi jurnalının nəşrə başlaması həmin dövrdə böyük əks-sə­da doğurub. Ayda bir dəfə işıq üzü görən bu qadın hərəkatı carçısının ilk adı “Şərq qadını” olub və nəşrə Ayna Sultanova redaktorluq edib. Gülarə Qədirbə­yova, Pəri Həsənzadə kimi qadın fəallar da bu jurnalda çalışıblar. Hər nömrəsi maraqla qarşılanan dərgi elm sahəsində zəkası, zəhmət meydanında hünəri ilə seçilən, milli mədəniyyəti təmsil edən, bədii yaradıcılıq uğurları qazanan qadın­larımızı tanıtma tribunası kimi çıxış edib.

Şərqdə qadın mıtbuatının dan ul­duzu kimi parlayan jurnalda qadınların hüquqları uğrunda mübarizə, qadın klublarının və məktəblərin təşkili, ana və körpələrin mühafizəsi, uşaq bağça­larının yaradılması, sənətkarlıq koo­perativlərinin aktual mövzuları sistemli şəkildə işıqlandırılırdı. Jurnal təkcə Azərbaycanda deyil, həm də Özbəkis­tan, Türkmənistan, Tacikistan, Gürcüs­tan, Tatarıstan, Dağıstan, İran, Türkiyə, Əfqanıstan, Hindistan və başqa ölkələr­də oxunurdu. “Şərq qadını” 1938-ci ilin fevralından etibarən “Azərbaycan qa­dını” adı ilə çıxıb. 

Üzqabığındakı şəkilləri göz oxşa­yan, səhifələri müxtəlif publisistik jan­rlarda maraqlı yazılarla süslənən bu nəşr Azərbaycanda ədəbi məfkurənin yayılmasında, qadın yazıçı və şairlərin yetişməsində də mühüm rol oynayıb. Yazıçı Xalidə Hasilovanın baş redak­tor olduğu dövrlərdə jurnal əl-əl gəzib. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Əzizə Cəfərzadə, Xanımana Əlibəy­li və başqalarının bir sıra əsərləri ilk dəfə burada dərc edilib. Məmməd Səid Ordubadi, Mir Cəlal, Mirzə İbrahimov, Səməd Vurğun İlyas Əfəndiyev, Rəsul Rzanın da təqdim etdikləri nümunələr “Azərbaycan qadını” jurnalının sə­hifələrində yer alıb. 

1973-cü ildə jurnalın 50 illk yubile­yi dövlət səviyyəsində qeyd edilib. Yu­biley mərasimində dünyada ilk qadın kosmonavt Valentina Tereşkova da iş­tirak edib. Jurnalın bəzi nömrələri həm Azərbaycan, həm də rus dillərində nəşr olunub. Amma SSRİ-nin dağılması ilə müşayiət olunan siyasi, iqtisadi, və sosial böhran ölkədə çap edilən dövri nəşrlərin əksəriyyəti kimi, bu jurnaldan da yan ötməyib – dövriliyi azalıb, bir müddət çapı dayandırılıb. Yalnız 90-cı illərin ortalarında “Azərbaycan qadını” nəşrini bərpa edə bilib, nəşrə əvvəlcə Flora Xəlilzadə, ardınca Fatma Abdul­lazadə redaktorluq edib. 2009-cu ildən jurnal yeni poliqrafik format və tərtibat­da işıq üzü görməyə başlayıb. 

Jurnalın səhifələrində hər zaman çoxsaylı maraqlı yazılar bir-birini əvəz edib. Məsələn, buraxılışların birində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan “Zirvəyə doğru” sərlövhəli material diqqət çəkir. Məqalə­də deyilir: “O, daim yoldadır. Yeni-yeni zirvələrə aparan yolda. Bu enişli-yoxuş­lu yolla addımlayaraq o, çox gözəl bilir ki, qarşıda yeni üfüqlər və yeni zirvələr olacaqdır. Onun üçün əslində fəth olu­nan hər zirvə yeni məqsədə, yeni ama­la, yeni qələbəyə çatdıran yolun baş­lanğıcıdır”. – Göründüyü kimi, oxucunu daha işıqlı sabahlara kökləyən belə ya­zılar, sözün əsl mənasında, nikbinlik və fərəh yaradır.

Təəssüf ki, geniş populyarlığı və gözəl ənənələri olan “Azərbaycan qa­dını” jurnalının nəşri bir neçə ildir ki, dayandırılıb. “Şöhrət” ordenli Əməkdar jurnalist Flora Xəlilzadə bizimlə söh­bətində bunu ürək ağrısı ilə təsdiqlədi: “Ölkəmizin əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Əksəriyyətimiz bu jurnalda dərc olunan mətbu sözümü­zün gətirdiyi rəğbətdən, məhəbbətdən qədərincə bəhrələnmiş, “Azərbaycan qadını”nın sayəsində tanınmış, sevil­mişik. Bu gözəl dərgi nə qədər insanın taleyindən keçib, ailələrimizə, ana-ba­cılarımıza nə qədər sevinc bəxş edib... Ancaq bu gün Azərbaycan mətbuatı tarixinin 100 yaşlı “ağbirçək” nəşri olan bu jurnalın çıxmaması təəssüf doğurur. Çox istərdik ki, “Azərbaycan qadını” yenidən media aləminə qayıtsın. Buna bizim ruhumuzun ehtiyacı var”.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət