AMEA-da yeniləşmə davam edir

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının növbəti ümumi yığıncağında ölkənin baş elmi qurumunun fəaliyyəti, yeniləşməsi ilə bağlı tədbirlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib. 

Akademiyanın prezidenti, akade­mik İsa Həbibbəyli “AMEA-da yeniləş­mə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” möv­zusunda məruzə ilə çıxış edib.

Elm və təhsilin inkişafı ilə bağlı ən mühüm hadisələrdən birinin Prezidentİlham Əliyevin “Azərbaycan Respub­likasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli fərmanı olduğunu bildirən aka­demik İsa Həbibbəyli həmin sənədin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Rəyasət Heyəti­nin və AMEA-nın Ümumi yığıncağının müvafiq qərarlar qəbul etdiyini, kom-pleks tədbirlər həyata keçirdiyini söylə­yib.

Akademiya rəhbəri ölkə başçısının AMEA-nın yeni Nizamnaməsini təsdiq etməsinin 80 ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inki­şafına mühüm töhfələr vermiş Elmlər Akademiyasının müasir dövrdə, ölkə­mizin dünyada və regionda geosiyasi və iqtisadi arxitektonikanın müəyyən­ləşməsində əsas faktora çevrildiyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiy­yətə malik olduğunu deyib.

Bildirilib ki, AMEA-da başlanan və sürətlə davam etdirilən “Elektron Aka­demiya” hərəkatının həyata keçiril­məsi üçün aparılan elmi-təşkilati işlər struktur islahatlarının miqyasını daha da genişləndirib. Hazırda Milli Elmlər Akademiyası özünün yeniləşmə hərə­katı mərhələsini yaşayır. Mühüm ye­niliklərdən biri AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elektron akademiya şöbəsi­nin yaradılmasıdır. 

Həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini isə beynəlxalq əlaqələrin müasir tələblər səviyyəsində yenidən qurulması təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində AMEA Asiya Elmlər Akademiyaları və Cəmiy­yətləri Assosiasiyasına (AASSA), Av­rasiya Universitetlər Birliyinin (EURAS) və Beynəlxalq Elmi Şuranın rəsmi üzv­lüyünə, AMEA-nın “Elm” Nəşriyyatı isə Avropa Elmi Redaktorlar Assosiasiya­sına üzv kimi qəbul edilib.

Müzakirələrdə Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs, aka­demiklər Gövhər Baxşəliyeva, Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış ediblər. 

Məruzə və çıxışlarda qeyd olunan­ları nəzərə alaraq, ümumi yığıncaq son bir ildə AMEA-da həyata keçirilən çoxşaxəli islahatları qənaətbəxş hesab edib və müvafiq tapşırıqlar verib. Ümu­mi yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və ke­çirilmə qaydası haqqında Əsasnamə” təsdiq edilib. 

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. Bundan əlavə, akademik İsmayıl Ha­cıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə se­çiliblər.

Sonda AMEA-nın Elm Tarixi İnsti­tutunun, AMEA-nın nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliy­yətli Cəmiyyətinin, AMEA-nın Mərkəzi Nəbatat Bağının, AMEA-nın Təmir-ti­kinti və quraşdırma idarəsinin, AMEA-nın təsərrüfat hesablı Avtobazasının, AMEA-nın Mineral Xammalın Kom-pleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu­nun və AMEA-nın “Selen” Elmi İstehsa­lat Birliyinin ləğv edilməsinin rəsmiləş­dirilməsinin başa çatdırılması haqqında qərarlar qəbul olunub.

 

Tahir AYDINOĞLU
XQ



Sosial həyat