Uinston Çörçill bir dəfə demişdir ki, “Amerikalılar həmişə yeganə düzgün həlli tapırlar. Ancaq geridə qalan bütün yanlış həll yollarını təkrar-təkrar yoxlayandan sonra”! Rəsmi Vaşinqtonun Cənubi Qafqazla bağlı apardığı siyasətin bir sıra məqamları göstərir ki, amerikalılar mövcud istiqamətdə hələlik yanlış olan bütün həll yollarını təkrar-təkrar yoxlamaq mərhələsindədirlər. Bununla yanaşı, qoca U.Çörçill də bir məqamı unutmuşdur: avropalılar da amerikalıların təsirinə təkrar-təkrar uyub böyük zərər görəndən sonra düzgün mövqe seçirlər! Burada da hələlik Amerikanın təsiri altında olmaq mərhələsini yaşayırlar!
ABŞ və Avropa Azərbaycanın Zəfər Savaşından və suvereneliyini tam təmin edəndən sonra səhvlərini artırdılar. Bədnam “907-ci düzəliş”in utancını doya-doya yaşamadan rəsmi Vaşinqton ondan böyük yanlışlıq etdi. Bəyan etdi ki, Azərbaycan Ermənistana hücum etsə, İrəvanın yanında olacaq, rəsmi Bakı ermənilərin hüquqlarını pozmamalıdır və ermənilər Qarabağa qayıtmalıdırlar. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Qarabağdan Rusiya sülhməramlılarını çıxarılmasının lazımlılığını vurğulamaqla yanaşı, Azərbaycana qarşı da bir sıra absurd ittihamlar irəli sürmüşdür. Azərbaycanı qondarma ittiham üzərində amerikalılar ona nail olmaq istəyirlər ki, birincisi, “ABŞ və Qərb sülh prosesinə dərindən daxil olsun”, ikincisi, “ən yaxşı yanaşma ABŞ və Qərblə işləməkdir”!
Bax, bu məqamda nəinki U.Çörçill, hətta amerikalı analitik Martin Sif də tam haqlıdır. Sonuncu 2018-ci ildə Vaşinqtonun Türkiyə siyasətinin yanlışlığını vurğulayaraq demişdi ki, “ABŞ Çörçillin I Dünya Savaşında Osmanlıya etdiyi yanlışlığı indi Türkiyəyə qarşı edir”. O zaman Qərb Osmanlını hərbi baxımdan cəzalandırmaq fonunda onunla həm də yaxın olmaq kimi absurd mövqe tutmuşdu. İndi də Azərbaycanı süni arqumentlər əsasında ittiham etməyin fonunda həm də bildirilir ki, “yeganə düzgün yanaşma ABŞ və Qərblə birgə hərəkət etməkdir”! Bunun realpolitikadakı adı ikili standartdır.
Həmin ikili standarta görə, Amerika indi Azərbaycana hər cür yardımı dayandırıb və birbaşa Ermənistanı müdafiə edir, İrəvanın təcavüzkarlığına min bəhanə ilə haqq qazandırmağa çalışır. Və bu prosesdə Avropa onun hərəkətlərini yamsılayır və bir sıra məqamlarda hətta daha irəli gedir.
Düşündürücüdür ki, BMT-nin nəzdindəki məhkəmə sistemi də siyasi sifarişləri yerinə yetirməklə məşğuldur. Konkret olaraq, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın şikayəti əsasında Azərbaycanla bağlı qəbul etdiyi qərarda ölkəmizdən “doqquz aylıq blokadadan (??- F.Q.) sonra Qarabağdan deportasiya olunmuş erməni əhalisi”ndən geri qayıtmaq istəyənlərin hüquqlarının, təhlükəsizliyinin, əmlakının toxunulmazlığının təminatını tələb edir.
Eyni zamanda, həmin məhkəmə Qarabağda yaşayan erməniləri çıxarmaq məqsədilə güc tətbiqindən çəkinməyə də çağırmışdır. Bununla kifayətlənməyərək, BMT məhkəməsi Azərbaycandan iki ay ərzində qərarlarının icrası ilə bağlı hesabat verməyi tələb etmişdir. Ekspertlər bu müddəaları Azərbaycanı “blokada və deportasiya”da ittiham etmək kimi qiymətləndirirlər. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və tam suverenliyə nail olmuşdur!
Məsələnin daha acınacaqlı tərəfi ondan ibarətdir ki, Avropa ölkələri Amerikanın dediklərini müxtəlif ritmlərdə təkrar edirlər. Onlar özlərini okeanın o tayından tam asılı aparırlar. Budur, Aİ rəsmisi Jozep Borrell deyir ki, biz Azərbaycana dəfələrlə ismarıc göndərmişik ki, Ermənistanın ərazi bütövlüyünün istənilən pozulmasına sərt reaksiya verəcəyik. Bu baxımdan qərara gəlmişik ki, sərhədin daha həssas hissələrində daha çox müşahidəçi yerləşdirək. Bundan başqa, J.Borrell vurğulamışdır ki, Ermənistana Avropa Sülh Fondu çərçivəsində dəstək verək.
Əlbəttə, Zəngəzur dəhlizi məsələsi də ABŞ və Avropa İttifaqı dövlətlərinin diqqətindən kənarda qalmır. Avropalılar amerikanların dediklərini təkrarlayaraq, bölgədə ancaq Qərb sülhməramlılarının ola biləcəyindən bəhs edirlər. Bu, o deməkdir ki, Zəngəzur məsələsinə də Rusiya və İran qarışmamalıdırlar.
Əslində, Amerika və Avropa Rusiya və İrandan cavab alıblar. Tehran və Moskva qərbliləri regionun işinə qarışmamağa çağırıblar. Ancaq bu səviyyədə diplomatik duel adi haldır və faktiki olaraq detalları əks etdirmir. Hər bir halda Brüssel Vaşinqtonun mövqeyini təkrar edir. Bunlardan Cənubi Qafqazla bağlı geosiyasi xarakterli bir neçə nəticə çıxarmaq olar.
Birincisi, hiss olunur ki, Qərb (ABŞ+Avropa) artıq Ukraynanı bir qədər arxa plana atmağa hazırlaşırlar. Onlar Rusiya ilə Şərqi Avropada daha dərindən çəkişməyə ehtiyat edirlər. Bununla Ukrayna taleyin ixtiyarına atılır və onun gələcəyində qeyri-müəyyənlik ssenarisinin çəkisi artır.
İkincisi, bu gedişatın fonunda Qərb Cənubi Qafqazda fəallaşır və keçmişdəki yanlışlıqlarını təkrar edir. Konkret olaraq, Azərbaycana qarşı ikili standart mövqe tutaraq təcavüzkara haqq qazandırmağa çalışır. Hətta köhnə üsullardan yararlanaraq Bakıya təzyiqlər göstərməyə cəhdlər edir. Bu zaman Avropa Amerikanın “geosiyasi forpostu” kimi çıxış edir.
Üçüncüsü, belə qənaət formalaşır ki, Qərbin Cənubi Qafqazda fəallığı qeyri-müəyyənliyi, riskli durumu və qarışıqlığı daha da artırır. Çünki əgər regionun ən güclü dövləti olan Azərbaycana qarşı ikili standart siyasəti tətbiq edilirsə, burada hər hansı qalıcı sabitlikdən danışmaq mümkün deyildir. Üstəlik, Bakını etmədiyi əməllərdə ittihama çalışmaq yaranmış vəziyyəti daha da ağırlaşdırmaq deməkdir. Belə bir şəraitdə regional sabitlik və əməkdaşlıq imkansız görünür.
Vurğuladıqlarımızın fonunda Qərbin hərəkətləri Ermənistanla Azərbaycan arasında imzalanmalı olan sülh müqaviləsini də təhlükəyə atır. Hər bir halda ABŞ və Aİ-nin hazırkı mövqeyi prizmasında ümidverici bir əlamət gözə dəymir.
Qeyd etdiyimiz geosiyasi məqamlar daha ümumi bir nəticə çıxarmağa da əsas verir. Yaxın Şərqdəki gərginlik fonunda Qərb Cənubi Qafqazda sabitliyin təminatında maraqlı görünmür. Paradoksdur və qlobal geosiyasətin sağlam məntiqinə uyğun deyildir. Çünki nəzəri araşdırmalar da göstərir ki, hazırda qlobal təhlükəsizlik regional təhlükəsizliyin üzərində bərqərar ola bilər. Bunun üçün bütün regionlarda sabitlik, sülh və əməkdaşlıq mühiti yaradılmalıdır. Cənubi Qafqazda isə ABŞ ikili standart mövqeyi ilə regionda maraqların toqquşmasına səbəb olur və bu zaman təcavüzkara əlavə imkanlar yaradılır. Məsələn, Vaşinqtonun Azərbaycana hər cür dəstəyi dayandırması və Aİ-nin Ermənistana dəstəyi yeni səviyyəyə yüksəltməsi bunun əlamətləri sayıla bilər.
Faktdır ki, bir sıra Avropa ölkəsi Ermənistanı silahlandırır. İndi Gürcüstan ərazisi vasitəsi ilə İrəvana hərbi texnika daşıyırlar. Naticədə rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yardımlarından imtina etdiyini bildirmişdir. KTMT isə Ermənistana hərbi dəstəyin son mərhələsinə başlamışdı.
Bəli, bu tendensiyalar regionu kifayət qədər təhlükəli istiqamətə sürükləyir. Artıq bu gedişatın dayanıqlı geosiyasi trekə çevrilməsi ehtimalından bəhs edirlər. Lakin nə Vaşinqton, nə Brüssel, nə də İrəvan sanki düşünmürlər, məsuliyyət hiss etmirlər! Bu isə regionu xaosa aparan yoldur!
F.MƏHƏMMƏDOĞLU
XQ