Beqlaryan cinayətlərin törədildiyi yerləri göstərib

post-img

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.

Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib ki, əv­vəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azər­baycanlı əsirlərə və beynəlxalq humani­tar hüquqla müdafiə olunan başqa şəxs­lərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı bir­ləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlar­yan Raşid Aramayisi Azərbaycan Res­publikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə it­tiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 1992-ci il fevralın 25-də Er­mənistan silahlı qüvvələri və onların ta­beçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qa­baqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonun­dan keçməklə Ağdam rayonu istiqamə­tində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 1992-ci il fevralın 26-da özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayət­kar dəstə üzvləri tərəfindən həlak olanla­rın üzərlərindəki şəxsi əşyalar talan edil­dikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədil­diyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir. 

XQ

Son xəbərlər