Pekin və Moskva çoxqütblü dünyaya üstünlük verir

post-img

Pekində 10-cu Syanşan Təhlükəsizlik Forumu keçirilib. Dünyanın 90-dan çox ölkəsinin nümayəndə heyətləri, hərbi idarə rəisləri və baş qərargah rəisləri hər keçən gün daha da ağırlaşan qlobal və regional təhlükəsizlik problemlərini müzakirə ediblər. Forumda çıxış edən Sergey Şoyqu planetdə sülhə əsas çağırışı “kollektiv Qərbin tətbiq etdiyi qarşıdurma gündəmi” adlandırıb. Pekindəki müzakirənin bir çox iştirakçıları yeni “soyuq müharibə” kontekstində qüvvələr balansını və strateji sabitliyi bərpa edə biləcək yeni məhdudlaşdırma strategiyasının hazırlanmasının zəruriliyini vurğulayıblar.

Ötən bazar günü Pekində açılan Syanşan Forumu Hind-Sakit Okean re­gionunun təhlükəsizlik məsələləri üzrə aparıcı forumlarından biri hesab olunur. Pekin tədbiri onuncu dəfədir keçirilir. Forumun təşkilatçıları Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyası və Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hazırda xidmət edən 90-dan çox hərbçi və istefada olan hərbi rəhbərləri, diplomatları və ekspertləri Pekində bir araya gətirib. İştirakçılar siyahısına təkcə Çinin ŞƏT və BRİKS-dəki tərəfdaş ölkələ­ri, Asiya və Yaxın Şərqin dost dövlətləri deyil, həmçinin ABŞ, Böyük Britaniya və onların Hind-Sakit okean regionundakı müttəfiqlərinin nümayəndələri də daxildir. Beləliklə, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Baydenin San-Fransisko­da Asiya-Sakit Okean İqtisadi əməkdaş­lıq Forumunun sammiti çərçivəsində iki həftə sonra gözlənilən görüşü ərəfəsin­də Pekin təhlükəsizlik dialoquna ABŞ-ı təhlükəsizliklərinin qarantı hesab edən ölkələri də cəlb etməyə çalışıb.

Bununla yanaşı, forumun əsas möv­zusu olan “Ümumi Təhlükəsizlik, Da­vamlı Sülh” getdikcə şərti görünür, çünki təhlükəsizlik getdikcə daha az ümumilə­şir, dünya isə getdikcə daha da qeyri-sa­bitləşir. Buna görə də, forumu planlaş­dırarkən təşkilatçılar bunun dünyadakı vəziyyəti daha da tarazsızlaşdıracaq ha­disələr fonunda baş verəcəyini nəzərə al­mamışdılar. Yaxın Şərqdə cərəyan edən hadisələr, ABŞ-Rusiya strateji sabitlik dialoqunun pozulması və digər mühüm hadisələrin baş verməsi müzakirələrə də təsir göstərdi. Bunu Çin Xalq Respubli­kasının Mərkəzi Hərbi Şurasının (CMC) sədr müavini Çjan Yuxianın forum iştirak­çılarına müraciətində də müşahifə etmək mümkündür: “Bəzi ölkələr bilərəkdən xaos və qeyri-sabitlik yaradır, regional və digər ölkələrin daxili işlərinə qarışır, “rəngli inqilablar” törədirlər. Biz fərqlilikləri süni şəkildə gücləndirməyə və qarşıdur­manı qızışdırmağa qarşı daha ayıq olma­lı, həmçinin strateji səhvlərdən qaçmalı­yıq. Əsas prioritet regional münaqişələrin nəzarətdən çıxmasının qarşısını almaq­dır”. Yüksək rütbəli hərbi zabit bir-birinə qarışan təhdid və çağırışları sadalamağa davam edərək vurğulayıb ki, enerji və ərzaq böhranları hər gün pisləşir, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyi hücuma məruz qalır, terrorizm, kiberhü­cumlar və transmilli cinayətlər bir-birinin ardınca ortaya çıxır. 

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Pe­kinin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğu ölkələr si­yahısında Rusiyanın adını birinci olaraq çəkməsi diqqətdən yayınmayıb. Xüsusilə də cənab Yuxianın Rusiya müdafiə na­ziri Sergey Şoyqu ilə ünsiyyəti forumun mərkəzi hadisəsi kimi qiymətləndirilir. Belə ki, Sergey Şoyqunun Pekinə gəli­şindən sonra fəxri qarovul dəstəsinin və orkestrin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Cənab Yuxia “Biz artıq Çin və Rusi­ya ərazilərində keçirilən əsas və mühüm çoxtərəfli tədbirlərdə qarşılıqlı iştirakın yaxşı ənənəsini formalaşdırmışıq. Yoldaş nazir, siz Çin xalqının və Çin silahlı qüv­vələrinin böyük dostusunuz” deməklə iki ölkə arasında hərbi əməkdaşlıq münasi­bətlərinin yüksək səviyyədə olmasına işarə vurub. 

Rusiya müdafiə naziri Sergey Şoyqu isə öz növbəsində çinli həmkarının qlo­bal və regional təhlükəsizliyin məyuse­dici vəziyyətinin əsas səbəbləri haqqın­da tezislərilə razı olduğunu vurğulayıb: “Avropada kəskin böhrana səbəb olan Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna və bir neçə istiqamət­də yaymağa çalışır. Son zamanlar NA­TO-nun hərbi potensialını Asiya-Sakit okean regionunda yerləşdirmək üçün aktiv cəhdlər olub”. Onun sözlərinə görə, “nüvə arsenalına malik dövlətlər arasın­da qarşıdurmada birbaşa iştirak strateji riskləri artırır”. Asiya-Sakit Okean regi­onunda siyasi vəziyyəti təsvir edən cə­nab Şoyqu bölgədə Amerika mərkəzli blokların qarşısının alınması şəbəkəsinin NATO-nun avanqardı kimi çıxış etdiyi qənaətində olduğunu bildirib. Bu bloklar arasında o, QUAD kvartetini (Hindistan, ABŞ, Avstraliya və Yaponiya), AUKUS (Böyük Britaniya, ABŞ və Avstraliya) və Asiya-Sakit okean dördlüyünü (Yaponi­ya, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya) sadalayıb. 

Bununla belə, Çin nümayəndələri Qərblə əməkdaşlığa hazır olduqları­nı açıqlayıblar. Cənab Yuxia sözlərinə görə, “cəngəllik qanunu ilə” hərəkət edən ölkələrin tənqidinə baxmayaraq, o, Çin ordusu ABŞ silahlı qüvvələri ilə münasi­bətləri qarşılıqlı hörmət, dinclik əsasında inkişaf etdirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Pekin, həmçinin “Avropa ölkələri ilə hərbi mübadilələ­ri genişləndirməyə hazırdır”. Vaşinqton səfərindən qayıdan Çinin xarici işlər na­ziri Vanq Yi də bildirib ki, “geosiyasi mü­naqişələr və dünya nizamının pozulması fonunda Çin və ABŞ əməkdaşlığı güclən­dirməli və qlobal çağırışlara birgə cavab verməlidir”.

Mütəxəssislərin fikrincə, ABŞ hər­bi heyətinin 2019-cu ildən bəri ilk dəfə Çinə gəlməsi iki tərəfin Tayvan ətrafın­dakı vəziyyət və Cənubi Çin dənizindəki mübahisəli adalar da daxil olmaqla hərbi danışıqları bərpa etmək istəyindən xə­bər verir. Məlumat mübadiləsinin bərpa­sı Çin və ABŞ arasında real toqquşma­ların qarşısını almaq üçün çox vacibdir. Əgər tərəflər Tayvan ətrafında gərginliyi azaltmağa nail olsalar, bu, ABŞ-Çin mü­nasibətlərinə müsbət təsir göstərəcək. Hadisələrin belə gedişatı da dünya üçün yaxşı perspektiv vəd edir.

S.ELAY
XQ

Dünya