Başıbəlalı yaşayış bölgəsidir Qəzza. Son onilliklər ərzində burada etnik, dini zəmində fələstinlilərlə israillilər arasında dəfələrlə ağır silahlı toqquşmalar olub. Hər dəfə də ölüm-itim və dağıntılar olub. Amma budəfəki qarşıdurma əsl qiyaməti xatırladır.
Oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə qəfil hücumu, bu zaman terrorçuların törətdiyi vəhşiliklər bütün dünyanı şoka salmışdır. Həqiqətən, terror bütün hallarda qəddar və amansızdır. O dəhşətli anlardan artıq 24 gün ötür.
İndi acı təəssüf doğuran hal həm də odur ki, HƏMAS-ın kökünü kəsərək məhv edəcəyini bəyan edən İsrail dövlətinin Qəzzada yaşayan əhaliyə qarşı gördüyü cəza tədbirləri hədsiz kəskinliyi ilə seçilir. Yəni, 1967-ci ildən başlayaraq bu ərazidə faktiki olaraq mühasirədə olan fələstinli ailələr – uşaq, qadın və ahıllar öz həyatları hesabına terrorçuların bədəllərini ödəməli olurlar. Bu, əlbəttə, insanlığa üzqaralığıdır!
Fakt və reallıq budur ki, məhz oktyabrın 7-dən başlayaraq və bir gün belə ara verilmədən ərazidə məskunlaşan 2,2 milyona yaxın fələstinli ərəb İsrail aviasiyasının ağır zərbələrinə məruz qalır. Bu zaman çox sayda dağıntılar baş verir. Elə yerlər var ki, sadəcə xarabalıqlara çevrilib.
Əraziyə atılan raket zərbələrindən hər gün onlarca dinc sakin həlak olur. “Sivil və demokratik” dünya bütün bunları görür, lakin sadəcə müşahidə edir, bəzi hallarda guya “etiraz edir”, əməldə isə tərəflər arasında atəşkəsin əldə olunması və fəlakətin qarşısının alınması üçün heç bir iş görmür.
Təkcə dünən İsrail aviasiyası Qəzzadakı 300 obyekti vurub. İsrail Müdafiə Ordusunun rəsmisi HƏMAS-ın Beyt Lahia batalyonunun komandiri Nəsim Əbu Ajinanın öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, Ajina oktyabrın 7-də İsrail vətəndaşlarına qarşı qətliam törətməkdə təqsirləndirilir. O, keçmişdə HƏMAS-ın “Aerial Array” qruplaşmasına komandanlıq edib, təşkilatın terror aktlarının hazırlanmasında iştirak edib.
Bundan başqa, İsrailin Baş Təhlükəsizlik Xidməti polislə birlikdə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 3 israillinin saxlanılması üçün əməliyyat keçirib.
Amma adıçəkilən terrorçu ilə bərabər yüzlərlə insan ölüb. Bu faktı sadəcə dilə gətirəndə adamı vahimə basır. Görün, orada yaşayan ailələr hazırda hansı ağrı-acıları çəkir?!
İsrail hökuməti Aralıq dənizinin sahilində yerləşən, uzunluğu təxminən 41 kilometr olan Qəzzanın şimal hissəsindən əhalini qovmağa cəhd edir və buna artıq müvəffəq olur.
İsrail Müdafiə Ordusunun sözçüsü Conatan Konrikus döyüşlər gedən əsas ərazidən, Qəzzanın şimalından 800 mindən çox fələstinlinin təxliyə edildiyini bildirib. Köçkünlər əhalinin onsuz da çox sıx məskunlaşdığı Qəzza şəhərinə və onun ətrafındakı yaşayış məntəqələrindəki ailələrə sığınıblar.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2020-ci ilin iyul ayına olan hesablamalarına görə, Qəzza zolağında cəmi 360 kvadratkilometrlik ərazidə 1 milyon 918 min 221 nəfər yaşayır. Bu insanların az qala yarısı öz yurdunda məcburi köçkünə çevrilib.
İsrail Ordusu hazırda təkcə Qəzzada hərbi əməliyyatlar aparmır, qatı düşməni, Livanda yerləşən “Hizbullah”a da ara-sıra aviazərbələr endirir. “Blomberg” nəşri yazır ki, son 3 həftə ərzində İsraillə sərhəddə baş verən toqquşmalarda onlarla “Hizbullah” döyüşçüsü öldürülüb. Livan itkilərin qarşısının alınması üçün uzunmüddətli müharibəyə hazırlıq görür.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsraillə arasında müharibə başlayandan bəri Livan 47 döyüşçü itirib. u rəqəm 2006-cı ildə “Hizbullah” və İsrail arasında genişmiqyaslı müharibədə həlak olanların təxminən beşdə biri qədərdir. Siyasi təhlilçilər bu faktdan çıxış edərək İsrail-Hizbullah savaşının tezliklə başlaya biləcəyini istisna etmirlər.
Bundan başqa, nəşr İsrailin Baş naziri Benyamin Netanyahunun fikirlərini xatırladıb. Hökumətin başçısı bir müddət əvvəl söyləmişdi ki, əgər Livanla müharibə başlasa, bu ölkə viran qalacaq. Eyni sərt ritorikanı “Hizbullah” başçılarının dilindən də eşitmək mümkündür.
“Blomberg”in təqdim etdiyi yazıda qeyd olunub ki, Hizbullah 2006-cı ildən bəri silah arsenalını genişləndirir: “Hizbullah”ın cəbbəxanasında hazırda İsrailin bütün hissələrini vura bilən pilotsuz təyyarələr və raketlər var”. Dünən Livanın Baş naziri Nəcib Mikati Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib.
Yaxın Şərqdə eskalasiya baş verir. Münaqişəyə cəlb olunan tərəflərin heç biri geri çəkilmək istəmir. Görünür, bu vəziyyət böyük güclərin maraqlarına uyğundur. Böyük siyasətdə sadə, günahsız insanların taleyini düşünmək, sadəcə, dəbdə deyil.
Məsaim ABDULLAYEV
XQ

