Rusiya–Ukrayna münaqişəsi: gərgin döyüşlər ara vermir

post-img

Ukraynada vəziyyət gərgin olaraq qalır. Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə bütün şiddəti ilə davam edir. Hər iki tərəfin ciddi itkilərə məruz qaldıqları vurğulanır. Şiddətli döyüşlərin xüsusilə də Avdeyevka şəhəri uğrunda getdiyi bildirilir. Strateji əhəmiyyətli bu şəhər Donetskdən 13 kilometr şimalda, Kamenka çayının yuxarı axarında yerləşir. Xarici KİV şəhər uğrunda gedən döyüşlərdə hər iki tərəfin minlərlə hərbçi itirdiyini iddia edir. Bununla yanaşı, həm Rusiyanın, həm də Ukraynanın bir-birilərinin ərazilərinə raket və dron zərbələri də endirirlər. 

Avdeyevka hərbi administrasiyasının rəhbəri Vitali Barabaş “Azadlıq” radiosuna bildirib ki, Donetsk vilayətində Avdeevkaya gedən yolun Rusiya tərəfindən davamlı atəşə tutulması evakuasiya və humanitar yardımın şəhərə çatdırılmasını çətinləşdirir. Onun söz­lərinə görə, şəhər həm gecə, həm də gündüz atəş altındadır: “Buna görə də bu, həm evaku­asiyanı, həm də humanitar yardımın gətirilmə­sini xeyli çətinləşdirir. İstənilən logistika bir yoldan keçir. Təbii ki, düşmən onu kəsməyə çalışır”. Vitali Barabaş vurğulayıb ki, təkcə atəşə məruz qalma risklərinə görə deyil, in­sanların oranı tərk etmək istəməməsinə görə son üç gündə təxliyə olmayıb. Oktyabrın 23-ü səhər saatlarına olan məlumata görə, şəhərdə 1601 nəfər qalıb. O qeyd edib ki, son günlər rütubətin artması səbəbindən Rusiya zirehli texnikadan az istifadə etməyə başlayıb.

Şimal qonşumuzun KİV-i isə yazır ki, Rusiyanın hücum qrupları Avdeyevkanın şimalında Ukraynanın müdafiəsini yarıb, dəmir yolu boyunca hücumu davam etdirir. Xəbər verilir ki, Rusiya ordusunun bölmələri Avdeyevka ərazisində təzyiqləri davam etdi­rir, “düşmən hücumu pozmağa və qoşunları­mızı geri çəkməyə cəhd edir”. Bununla belə, qeyd olunur ki, hazırda irəliləyiş bir az dala­na dirənib, amma Ukrayna da irəliləyə bilmir. Rusiya mətbuatı iddia edir ki, Avdeyevkanın şimal və cənub cinahlarından ikinci hücum­dan sonra Rusiya qoşunları Berdiçev şəhə­rinə doğru irəliləməyə və yeni mövqelərdə möhkəmlənməyə nail olublar. Eyni zaman­da, Ukrayna əməliyyat fasiləsindən istifadə edərək, Pesok istiqamətində əks-hücuma ke­çib. Rusiya mətbuatı bildirir ki, ukraynalılar istədiklərinə nail ola bilməyiblər. 

Ukrayna tərəfi iddia edir ki, Rusiya Av­deyevkada çox sayda hərbçi və hərbi texnika itirib. Müharibə Tədqiqat İnstitutu da bil­dirib ki, Rusiya əhəmiyyətli itkiləri nəzərə almır və Avdeyevkaya yeni qüvvələr köçür­məyə davam edir. Analitiklər qeyd edirlər ki, cəbhədən mexanikləşdirilmiş hücumlarla bağlı davamlı problemlərə və oktyabrın 19-20-də yeni hücum cəhdinin uğursuzluğa dü­çar olmasına baxmayaraq, Rusiya qoşunları Avdeyevka istiqamətinə əlavə qüvvələr yeri­dir. Bir neçə rus hərbi müxbiri də oktyabrın 22-də Avdeyevka istiqamətində ciddi dəyi­şiklik olmadığını iddia edir. Rusiya qoşun­larının uğursuz və əhəmiyyətli itkilərlə nəti­cələnən böyük bir hücumdan sonra yenidən fasilə verəcəyi ehtimal olunur. Rusiyalı hərbi müxbirlər iddia edirlər ki, Ukrayna qüvvələri “gözlənilməz şəkildə” Pesok istiqamətində (Donetskdən 8 kilometr cənub-qərbdə yerlə­şir-red.) əks-hücuma keçərək, rus qoşunlarını ərazidəki mövqelərdən sıxışdırıb çıxarıblar. 

Digər hərbi müxbir isə bildirir ki, Uk­rayna qoşunlarının Peskov və Opıtnı (Avde­yevkadan 4 kilometr cənubda yerləşir-red.) bölgələrində irəliləməsi ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil. Oktyabrın 21-də ya­yılan geolokasiya görüntüləri göstərir ki, rus qoşunları bu yaxınlarda Pervomayskidən cənub-şərqdə (Avdeyevkadan 11 kilometr cənub-qərbdə) kiçik irəliləyiş əldə ediblər. Rusiyalı “hərbi müxbir” iddia edir ki, rus qo­şunları Avdeyevkada terrikon (tullantı yığını, zibillik, kömür və digər faydalı qazıntı yataq­larının yeraltı hasilatı zamanı çıxarılan tul­lantı süxurlarından ibarət süni təpə, müxtəlif sənaye sahələrinin tullantılarının və bərk ya­nacağın yanması zamanı yaranan bənd-red.) ərazisini tam ələ keçirməyiblər və bu ərazi hazırda “boz zona” olaraq qalır. Hərbi müx­bir Rusiyanın Avdeyevka istiqamətindəki hücum əməliyyatları üçün “mövqe dalanına” gətirib çıxara biləcək çətinliklərin olduğunu vurğulayıb. Bundan əlavə, Rusiya mənbələri əvvəllər Ukraynanın müdafiə istehkamları­nın Avdeyevka ətrafında Rusiyanın irəlilə­yişləri üçün əhəmiyyətli problem yaratdığını bildirmişdilər. Ekspertlər qeyd edirlər ki, bu problemlər 2023-cü ilin iyununda davam edən Ukrayna əks-hücumunun ilk həftələrin­də Ukraynanın cənubunda Ukrayna qüvvələ­rinin üzləşdiyi problemlərlə çox oxşardır. 

Ukraynadan verilən məlumatlara görə, cəbhədə mövqe döyüşləri gedir və ciddi üs­tünlük barədə danışmaq hələ tezdir. Hər iki tərəf sonadək vuruşacaqlarını bildirir. Amma bu da bir faktdır ki, döyüş sursatları baxımın­dan hər iki tərəfin də müəyyən çətinlikləri var. Ukrayna baş naziri Denis Şmıqal bildi­rib ki, dünyada və Ukraynada “böyük sursat çatışmazlığı” var, ona görə də ölkədə istehsal prosesini yaratmaq lazımdır. “Financial Ti­mes” qəzetinə müsahibəsində cənab Şmıqal etiraf edib ki, Ukraynada böyük sursat çatış­mazlığı var. Doğrudur, o, bu çatışmazlığın bütün dünyada hiss oldunduğunu da vurğula­yıb. Onun sözlərinə görə, Ukrayna hökuməti bu il dron istehsalının kəskin artımından dərs çıxarır. Bununla belə, əsas komponentlərin və xammalın qlobal qıtlığını nəzərə alsaq, mərmi, artilleriya və hava hücumundan mü­dafiə sistemlərinin tədarükü üçün sənayenin inkişafı pilotsuz təyyarələrə nisbətən daha çətin məsələdir. Rəsmilərdən biri mediaya deyib ki, Ukrayna qlobal “barıt qıtlığı” da daxil olmaqla, mərmi istehsalını sürətlə də­yişdirə bilməz.

Bir sözlə, Rusiya–Ukrayna münaqişə­sində “hava tutqun” olaraq qalır. Rusiya Kupyanskdan Verbovoya doğru irəliləyir, Avdeyevkaya isə şiddətli hücumlar edir. Uk­raynalı hərbçilər bildirirlər ki, 24 saat ərzin­də cəbhədə 90-dan çox hərbi toqquşma baş verib. Kupyansk istiqamətində Sinkovka və İvanovka ərazilərində 15-dən çox hücum dəf edilib. “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru Aleksandr Leo­nov qeyd edir ki, yaxın gələcəkdə təkcə Avde­yevka istiqamətində deyil, həm Ukraynadan, həm də Rusiyadan hərbi əməliyyatlar davam etdiriləcək: “Ukrayna Tokmakı tuta bilsə, bu vəziyyətə kifayət qədər ciddi təsir göstərə bilər. Tokmakdan Ukrayna öz vasitələri ilə Azov dənizinin sahillərinə çata biləcək. Və bu, Rusiya üçün logistikanı mümkün qədər çətinləşdirəcək”. A.Leonovun sözlərinə görə, döyüşlərin bu qış davam edəcəyi ehtimalı daha yüksəkdir. Bununla belə, mütəxəssislər ehtimal edirlər ki, 2024-cü ilin yayına qədər cəbhədəki vəziyyət kəskin şəkildə dəyiş­məyəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya