Nigerə hərbi müdaxilə olacaqmı?

post-img

Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (EKOVAS) sammiti avqustun 10-da başa çatdı. Görüşün yekununda üzv ölkələrin qərargah rəislərinə ehtiyat qüvvələrini dərhal hazır vəziyyətə gətirmək barədə tapşırıq verildi. EKOVAS ölkələri, həmçinin Nigerdəki böhranın həlli üçün bütün variantları nəzərdən keçirməyə davam etdiklərini də təsdiqlədilər. Yekun kommünikedə vurğulanır ki, “Nigerdə konstitusiya quruluşunun bərpası üçün bütün variantlar masadadır”. Bu o deməkdirmi ki, Nigerə hərbi müdaxilə olacaq?

EKOVAS sammiti Nigeriyanın paytax­tı Abucada keçirildi. Qeyd etmək yerinə düşər ki, Nigeriya ilə Niger arasında sər­hədin uzunluğu təxminən min kilometrdir. On beş ölkənin üzv olduğu EKOVAS-da hərbi çevrilişlər baş verəndən sonra Bur­kino-Fasonun, Malinin və Qvineyanın üzvlüyünün dayandırıldığı vurğulanır. İyulun 30-da Nigerdəki vəziyyətlə bağlı keçirilən ilk sammitdə EKOVAS liderləri Nigerdəki qiyamçılara qarşı sanksiyalar tətbiq etmək qərarına gəldilər: ölkələr Nigerlə sərhədlərin bağlandığını və hava nəqliyyatına qadağa qoyulduğunu elan etdilər. Bundan başqa, Nigerlə bütün maliyyə əməliyyatları dayandırıldı. Eyni zamanda, birlik 2021-ci ildə seçilən və 26 iyul çevrilişi nəticəsində hakimiyyətdən kənarlaşdırılan prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün hərbi müdaxilə ilə hədələdi. Ancaq qiyamçılar ultimatumu yerinə yetirmə­dilər.

Avqustun 8-də icma nümayəndələrin­dən ibarət heyət Nigerin paytaxtına gəl­mək istəsələr də, qiyamçı hərbçilər son anda onları qəbul edə bilməyəcəklərini bildirdilər. Amma avqustun 7-də qiyamçı­lar ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüşməyə razılıq vermişdilər. Xanım Nuland Niger paytaxtında qiyam­çıların nümayəndəsi general Mussa Sa­lau Barmo və üç polkovniklə görüşdü. İki saatdan çox “son dərəcə səmimi və bəzən çətin” söhbətlər keçirdiyini və bunu telefonla jurnalistlərə söyləyən ABŞ döv­lət katibinin müavini dedi ki, “Biz onlara söhbəti davam etdirmək üçün bir neçə variant təqdim etdik və ümid edirik ki, bu işdə bizə dəstək olacaqlar”. Maraqlıdır ki, xanım Nulandın danışıqlar apardığı Mussa Salau Barmonun uzun illər ABŞ ordusu ilə əməkdaşlıq etdiyi, okeanın o tayında təlim keçdiyi məlumdur.

Avropa İttifaqı EKOVAS-ın mövqeyini tamamilə bölüşür. Xatırladaq ki, Brüssel çevrilişini dərhal pislədi və qiyamçıları ta­nımadığını və tanımayacağını da bildirdi. Aİ Nigerə qarşı sanksiyalar tətbiq etməyə tələsmir, ancaq təhlükəsizlik sahəsində əməkdaşlığı və onun maliyyə dəstəyi­ni (2021-ci ildən 2024-cü ilə qədər 554 milyon dollar) dondurdu. Bununla belə, “Reuters”in mənbəyə istinadən verdiyi məlumata görə, Aİ ölkələri “xunta üzvlə­rinə qarşı ilk sanksiyaların tətbiqi üçün zəmin yaradırlar”. Bu məsələdə xüsusilə də Fransa canfəşanlıq edir. Paris Nigerlə bağlı siyasətini EKOVAS-ın qərarları ilə uzlaşdırır. 

Bəs Nigerə hərbi müdaxilə niyə lən­giyir? Axı EKOVAS buna qədər üzv ölkələrə hərbi müdaxiləyə yol vermişdi. Məsələn, birliyin 1990-cı ildən bəri yed­di hərbi müdaxilə həyata keçirdiyi mə­lumdur: Liberiya, Sierra Leone, Qvine­ya-Bisau, Kot-d'İvuar, Mali və Qambiya. Əməliyyatların məqsədləri də fərqlənirdi - seçilmiş liderlərin hakimiyyətə bərpası, islamçılara qarşı mübarizə və vətəndaş barışığını təşviq etmək. 1997-ci ildə Syer­ra-Leonedə qanuni prezident Əhməd Tejan Kabbahın devrilməsi zamanı EKO­VAS hadisələrə müdaxilə etmişdi. Birli­yin köməyi ilə Syerra-Leone prezidenti hakimiyyətə qayıtmışdı. Bütün bu hərbi müdaxilələri ona görə həyata keçirmək mümkün olmuşdu ki, birlik üzvləri ara­sında yekdil mövqe sərgilənmişdi. Ancaq hazırda EKOVAS-da Nigerlə bağlı vahid mövqe yoxdur. Təşkilatda üzvlükləri don­durulmuş Burkina-Faso, Mali və Qvineya Nigerə hərbi müdaxilə olacağı təqdirdə, qiyamçı hərbçilərə yardım edəcəklərini bildirirlər. Nigerlə həmsərhəd olan Əlcə­zair də hərbi müdaxiləyə qarşıdır. 

Nigeriyada da müdaxilə məsələsin­də birlik yoxdur. Parlament müdaxiləyə qarşıdır. Yerli ekspertlər də hərbi mü­daxilə ideyasını dəstəkləmirlər. Nigeriya mütəxəssisləri vurğulayırlar ki, Nigerə hərbi müdaxilə hərbi və maliyyə itkilərinə səbəb olacaq. Belə deməyə ciddi əsaslar da var. Məsələ ondadır ki, Niger silahlı qüvvələri döyüş təcrübəsinə malikdir və nisbətən yaxşı hazırlıqlıdırlar və bu pro­sesdə Fransa, İtaliya və ABŞ hərbçiləri də yaxından iştirak ediblər. Nigerin hətta ABŞ hərbçiləri ilə birgə əməliyyatlar ke­çirdiyi də məlumdur. Bununla belə, Niger bölmələrinin yaxşı təchiz olunmadığı və kifayət qədər zəruri resurslara malik ol­madığı bildirilir. “The Military Balance”ın məlumatına görə, 26,2 milyon əhali­si olan Niger silahlı qüvvələrinin şəxsi heyəti 33,1 min nəfərdir. Niger hökumə­tinin ixtiyarında 24,5 min jandarma və yarımhərbi birləşmələr də var.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, qiyamçıların prezident Bazumun iqamətgahını mühasirəyə al­masından altı həftədən az müddət əv­vəl amerikalı hərbçilər xanım Nulandın görüşdüyü general Barmanın paytaxtda yerləşən Niamey Hava Bazasında ABŞ Ordusu Xüsusi Əməliyyatlar Komandan­lığı komandanı general-leytenant Cona­tan Braqanı gülümsəyərək qucaqladığı əks olunan fotosunu paylaşmışdılar. Qəzetin istinad etdiyi generalın sözlərinə görə, 2021-ci ildə general Barma Nia­meydəki evində fransız zabitlərini deyil, amerikalı və ingilisləri dəvət edərək Yeni il şənliyi təşkil etmişdi. Niger generalı Fransanın yerli komandirlərlə məsləhət­ləşmədən silahlı qruplara qarşı hərbi əməliyyatlar aparmasından narazıdır. Buna görə də, qiyamçıların Fransanın hər hansı vasitəçiliyinə razılıq verməyə­cəyi şübhə doğurmur. 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Dünya