Rubl və lirənin ucuzlaşması ölkəmizə necə təsir edir?

post-img

Rubl dollar qarşısında, təxminən, 0,88 faiz ucuzlaşıb, dollar/rubl pariteti isə 98-ə yüksəlib. Beləliklə, dollar/rubl pariteti 2022-ci il martın 25-dən bəri ilk dəfə olaraq 95-dən yuxarı qalxıb. Bundan sonra Rusiya Mərkəzi Bankı avqustun 10-dan 2023-cü ilin sonuna qədər xarici valyuta almaqdan imtina etmək qərarına gəlib. Bununla rublun ucuzlaşması müvəqqəti dayandırılıb.

Mərkəzi Bank bunu niyə edir və rubla necə kömək edəcək? “Freedom Finance Global”ın analitiki Vladimir Çernov deyib: “Mərkəzi Bank rublun dəyərinin kəskin ucuzlaşmasından narahatdır, çünki bü­tün idxal malları bahalaşır və bu da təd­ricən Rusiyada qiymətlərin artmasına səbəb olur. Mərkəzi Bankın əsas vəzifəsi isə inflyasiya ilə mübarizədir. Buna görə də tənzimləyici dolların 98 rubldan yuxarı qalxdığını görəndə, istehlak qiymətlərinin artım tempini sürətləndirməmək qərarına gəldi”. 

Mərkəzi Bankın xarici valyuta al­maqdan imtina qərarından sonra rublun, həqiqətən, enişi dayandı və bir az möh­kəmləndi.

Xatırladaq ki, bu ilin ilk aylarında neft və qaz gəlirləri sanksiyalar səbəbindən azaldığı üçün Rusiya büdcəsi kəsirlə üzləşmişdi. Büdcə kəsirini ödəmək üçün ehtiyatları xərcləmək lazım gəlirdi. Lakin sonrakı aylarda neftin qiyməti qalxmağa başladı. Buna görə də, Mərkəzi Bank avqustun 7-dən ehtiyatları artırmaq üçün yenidən valyuta almağa başladı. Eyni za­manda, Maliyyə Nazirliyi fonddan xarici valyuta satışını davam etdirdi. Bütün val­yuta alqı-satqısı əməliyyatları nəzarətdə saxlanıldı. Ona görə də, Mərkəzi Bank bunun rublun məzənnəsinə təsir etməyə­cəyini hesabladı. Lakin rublun devalvasi­yası tənzimləyicinin fikrini dəyişdirdi.

İndi yalnız valyutanın satışı qalır, alış isə dayandırılıb. Yəni, Rusiya ehtiyat top­layana qədər, ancaq onları xərcləyəcək. Beləliklə, xarici valyuta almaqdan imtina rublu dəstəklədi. 

Ekspertlər belə müsbət təsirin uzun müddət davam edəcəyinə şübhə edirlər. Çernov deyib: “Xarici valyutanın alın­masından imtina birjada ona olan tələbi azaltdı. Bu da nəzəri olaraq onun dəyə­rini aşağı salmalıdır. Beləliklə, Mərkəzi Bank bu gün rublun ucuzlaşmasını da­yandırmaq və onun bir dollar üçün 100 rubl olan mühüm psixoloji həddi keçmə­sinin qarşısını almaq üçün müdaxilələr edib. Ola bilsin ki, rubla daha güclü dəstək üçün növbəti addıma hazırlaşmaq üçün vaxt qazanılıb. 2023-cü ilin üçüncü rübündə dollar/rubl paritetini 93–103 rubl diapazonunda gözləyirik. Dördüncü rüb­də büdcə gəlirləri və xərcləri planlaşdırı­lan hədəflərə cavab verərsə, rubl möh­kəmlənə bilər”.

Bəs rublun ucuzlaşması Azərbaycana nə kimi təsir edə bilər? İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, dollara nis­bətdə rubl yeni psixoloji həddə yaxınlaş­maqdadır. ABŞ puluna nisbətən, Rusiya valyutasının tezliklə üçrəqəmli həddədək ucuzlaşacağı da istisna deyil. Artıq Rusi­yada 1 dollar almaq üçün 98 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8 faiz çox dəyər itirib. Əsas ticarət tərəfdaşlarımızla milli valyutaların dəyərsizləşməsi manatın no­minal effektiv məzənnəsini möhkəmlən­dirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər.

Qonşu Rusiya kimi Türkiyənin də milli valyutası dollara nisbətən dəyər itirmək­dədir. Türkiyədə lirə də yeni psixloji həd­də yaxınlaşmaqdadır. Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən, milli valyutanın ucuz­laşmasının qarşısını almaq mümkün de­yil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi. Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin, sa­dəcə, orta müddətli dövrdə sabitləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaq­dadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. 

Milli Məclisin deputatı Vüqar Bayra­mov bildirib: Bu ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Türkiyə Azər­baycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə tə­sirlərinə gəldikdə isə, xatırlatmaq lazım­dır ki, kursun müyyənləşməsində əsas iqtisadi amillər ölkəyə daxil olan valyu­tanın həcmi, eyni zamanda, dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyu­tanın məbləğidir. Amma xarici tərəfdaşla­rımızda milli valyutaların məzənnələri də, əslində, iqtisadi amillərdən biridir. 

Azərbaycanda hələ ki, məzənnə reji­minə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanları­nı qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq. 

Nəticə etibarilə, ölkəmiz qonşu Rusi­ya və Türkiyənin milli valyutalarının ucuz­laşmalarının mənfi təsirlərindən etibarlı şəkildə qorunur.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Son xəbərlər