“Azərbaycan”da “Ad günü” məclisi

post-img

İntiqam Qasımzadə - 80

 

Sürpriz reportaj

...Azərbaycan Yazıçılar Birliyinin binası. “Azərbaycan” ədəbi-bədii jurnalının redaksiyası. İntiqam Qasımzadədir, Şəmistan Nəzirlidir, bir də Elçin Mirzəbəyli. Eyni bir gündə – avqustun 12-də hərəsi bir diyarda doğulmuş qələmdaşlar Bakıda – “Azərbaycan”da bir araya gəliblər. 

Bəs, niyə məhz orada? Çünki arala­rında təkcə “Azərbaycan”ın baş redaktoru olan Əməkdar incəsənət xadimi, Prezi­dentin fərdi təqaüdçüsü İntiqam müəllimin yubiley günüdür, qalanlarının isə təqvim üzrə növbəti ad günü. 

İntiqam müəllim hər kəsi salamla­yaraq sözə başlayır:

– Gözəl ildir. Ulu öndərin 1əsrlik yubi­leyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Eyni zamanda, “Azərbay­can”ın 100, mənimsə 80 yaşımdır. Odur ki, birlikdə tortla çay içməyə dəyər. 

Bu qısa girişdən sonra çay süfrəsi arxasında ədəbiyyat, poeziya və publi­sistika haqqında söhbət başlanır. Əlbət­tə, söz hərlənib-fırlanıb, tənqidçi-publi­sist-tərcüməçi, kino xadimi olan yubilyarın – ev sahibinin üstünə yönəlir. Xatırlanır ki, o, mədəniyyət paytaxtımız Şuşada do­ğulub. BDU-nun filologiya fakültəsini biti­rib. Nizami adına Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsinin aspirantı olub. Bir müddət hazırda 100 yaşı olan kinostudi­yada çalışıb. 1976-cı ildən isə həyatdan vaxtsız getmiş atası – şair, tərcüməçi Bö­yükağa Qasımzadənin poeziya şöbəsinin müdiri olduğu “Azərbaycan”dadır. Burada ədəbi işçi, tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini olub. 1997-ci ildən baş redaktordur. 

İntiqam Qasımzadə yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Gözəl bədii tərcümələri var. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povest­lərini, Şandor Radonun “Dora” romanını ruscadan dilimizə çevirib. Uzun illərdən bəri “Bayatı” ədəbi televiziya almanaxının müəllifidir. Onun ssenarisi əsasında neçə-neçə sənədli və animasiya filmi çəkilib.

Bir azdan məclisə akademik Rafa­el Hüseynov da gəlir. Axı, o da günün “günahkar”larından, avqustun 12-də do­ğulanlardandır. Söhbətə elmi çaların qa­tılması ilə məclis bir qədər də sanballı, bir qədər də maraqlı olur. Arada bu gün ana­dan olmuş daha bir ədəbi şəxsiyyət, mər­hum Vilayət Rüstəmzadə də xatırlanır...

Sonra kimsə İntiqam müəllimin Şu­şadan, yoxsa Bakıdan olduğunu soru­şur. Gülümsəyərək cavab verir:

– Əlbəttə, əslən Bakıdanam, amma 1943-cü ildə Şuşada anadan olmuşam və bunun çox maraqlı tarixçəsi var. Mü­haribə başlananda atam zabitlər kursuna yazılıb, oranı bitirəndə ailəsi ilə görüşüb, vidalaşmaq üçün ona qısamüddətli məzu­niyyət veriblər. Bakıya qayıdan kimi ailə­sini - anamı və qardaşım Daşqını götürüb Şuşaya, ana qohumlarının yanına aparıb. 

– Bəs sizin dünyaya gəlişiniz? Axı, bu,1943-cü ildə olub... 

– (Gülür). Hə, bu, bir qəribə təsadüf­dür. Atamın komandiri olduğu bölük 42-ci ilin noyabrında 3 kəndi faşistlərdən azad edib və həmin döyüşdə atam xüsusi şü­caət göstərdiyinə görə ona 10 günlük mə­zuniyyət veriblər. Şuşaya, ailəsinin yanına qayıdıb və həmin məzuniyyətin “nişanəsi” olaraq 1943-cü ildə mən dünyaya gəl­mişəm. Dava bitəndən sonra, 1945-ci ilin sonuna qədər Şuşada yaşamışıq. Yəni mənim ciyərlərim ilk dəfə Şuşanın məl­həm havası ilə dolub, ilk illər Şuşanın saf suyunu içmişəm, ona görə Şuşa mənə çox doğmadır.

Sonra şair, politoloq Elçin Mirzə­bəyli təsirli bir şeir oxuyur.

Mahnı bitən kimi qəfil qapıda gene­ral libasında Milli Qəhrəman Fəxrəddin Cəbrayılov görünür. Hamı salamlaşmaq üçün ayağa qalxır. Görüşüb bir-birini təb­rik edirlər. Sən demə, yubilyar İntiqam müəllimlə məxsusi görüşən generalın da yubileyi imiş – 65 yaşı tamam olurmuş... 

Beləcə, məclis şən ovqatda davam eləyir. Axırda “ev sahibi” İntiqam Qasımza­də hərəyə “Azərbaycan” jurnalının yenicə çapdan çıxmış son nömrəsindən bir nüsxə bağışlayır. Eyni gündə dünyaya gələn və Azərbaycanın tanınmış şəxsləri olan ünlü söz-sənət sahibləri “Azərbaycan”ı xoş təəssüratlarla, deyə-gülə tərk edirlər... 

100 yaşasınlar!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat