“Hamıdan ucadır alimin yeri”

post-img

Şəhla ASLAN,
Təhsil araşdırmaları üzrə doktorant

 

Müasir həyatın ən güclü istinad nöqtəsi elmdir. Elm həmişə insanın özü, yaşadığı kainat və cəmiyyət haqqında həqiqətə çatmaq cəhdi kimi mövcud olmuşdur. Bu baxımdan elm bütün cəmiyyətlərdə var olan bir fəaliyyətdir.

Elm həm də, xüsusi bir intizamdır. Bunun müəyyən bir üsulu var. Elmlə ciddi şəkildə məşğul olmaq mütərəqqi bir fəaliyyətdir. Elm insan həyatına təsir edir. Elm adamları xarici aləmdəki hadisələri tədqiq edir, onların baş vermə şəraitini qiymətləndirir, aralarında sə­bəb-nəticə əlaqəsini tapıb proqnozlaşdırmağa çalışırlar. Onlar bu münasibətləri ümumbəşəri ifadələrlə əks edirlər. Bu mənada elmi araş­dırma da, xüsusi nizam-intizam tələb edir; burada ciddi qaydalar mövcuddur. Alimlər bu qaydalar çərçivəsində təbiətə üz tuturlar.

Elm adamı bir problemə fokuslanıb, mümkün həll yollarını nəzərdən keçirir, eks­perimental üsulla yeni həllər istehsal edir. Elm adamı araşdıran insandır. O, xarici aləmi tədqiq edir; insanın, kainatın mənşəyini araş­dırır. Problemlərin nəzəri həlli yollarını göstə­rir; əvvəlki həll yollarını yoxlayır, bu yollar kifayət etmirsə, yeni həll yolları təqdim edir. Bəzən özünün təqdim etdiyi həll yollarını da yetərli hesab etmir. Araşdırmalarını davam etdirir, təkrar-təkrar yeni mövzu ətrafında tədqiqatlar aparır, həll yolları axtarırlar. Əsl elm adamı səbrlidir. O, bəzən bütün həyatını eyni bir mövzuda araşdırmalara sərf edir, tükən­məz enerji və öyrənmək istəyi ilə problemləri həll etməyə çalışır. Sözsüz, maraq və səbr elm adamının ən vacib cəhətləridir.

Elmlə ciddi şəkildə məşğul olanlar böyük insanlardır. Onlar fikirləri, ixtiraları ilə cəmiy­yəti dəyişmək gücünə malik olurlar, insanlığı bir addım daha önə aparırlar. Dahi Nizami de­yirdi: “Hamıdan ucadır alimin yeri”.

Məlumdur ki, insana xas ehtiyaclarla bağ­lı aparılan elmi araşdırmalar insan həyatı üçün daha yaxşı yaşayış şəraiti təmin etmək üçün irəliləyir. Lakin elmin digər hərəkətverici qüvvəsi maraqdır. Elm adamları daim sorğu-sual edir, ona görə də, tədqiqat predmetinə təbiəti və insanları daxil edirlər. Elm adamlarının ye­tişdirilmə məqsədi də elə budur. Elm adam­larına əvvəlcə suallar vermək, problemlər üzərində dərindəm düşünmək öyrədilir. Digər tərəfdən, elm adamlarının yetişmə şərtlərini təkcə elm və ya onun araşdırma, öyrənmə ma­rağı deyil, həm də cəmiyyət formalaşdırır.

Sözsüz, ciddi elm adamlarının meydana çıxmasında və yetişməsində, ilk növbədə, cəmiyyətin elmə verdiyi dəyər və cəmiyyətin yeni bilgilərə hazır olması böyük əhəmiyyət kəsb edir. Əminliklə söyləmək olar ki, elm adamlarını həm də, cəmiyyət yetişdirir. Cə­miyyətin şəraiti kafi deyilsə, orada böyük elm adamının meydana çıxması çox çətindir.

Elmi təfəkkür və tədqiqat metodlarının tətbiqi cəmiyyətləri innovativ edir. İnsanlar elmi təfəkkürün olmamasından başqa millət­lərdən geri qalırlar. Elm bəşəriyyəti maarif­ləndirən, ona bu yolda bilik və söz sahibi ol­mağı təmin edən ən mühüm ünsürdür. Elmin məqsədi də, insan həyatını asanlaşdırmaq və dünyanı daha yaşana bilən etməkdir. Əlbəttə ki, buna nail ola bilən cəmiyyətlər dünyanın aparıcı cəmiyyətləri olacaqlar.

Sosial həyat