İnsan “Atira” asteroidində məskən salacaq

post-img

“ScienceAlert”in verdiyi xəbərə görə, “Rockwell Collins” aerokosmik şirkətinin hazırda təqaüddə olan mühəndisi David Jensen maraqlı layihə ilə gündəmə gəlib. O, asteroid üzərində yeni kosmik stansiyanın və eyni zamanda insanlar üçün koloniya tikilməsi planını təkif edib. 

Mütəxəssis tərəfindən hazırlanmış 65 səhifəlik sənədə əsasən, asteroidi öl­çüsünə, Yer kürəsinə nə dərəcədə yaxın olmasına və kimyəvi tərkibinə görə seç­mək lazımdır. Jensenin fikrincə, bunun üçün ən uyğun obyekt 2003-cü ildə kəşf edilmiş “Atira” asteroididir.

“Atira” 4.8 kilometr diametrə malikdir və onun hətta öz peyki də mövcuddur. Asteroid Günəş sistemində yaşayış zo­nası (kosmik obyektin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edir və planetimizdən 1.8 AV (astronomik vahid / 1 AV = 149 597 870 km) məsafədə yer­ləşir. 

Layihədə qeyd edilib ki, asteroiddə insanlar üçün nəzərdə tutulmuş koloniya “kökə” formasında inşa edilməlidir. Birin­cisi, toroid forma asteroiddə süni cazibə qüvvəsini yaratmaq üçün daha əlverişli­dir. İkincisi, bu cür koloniyanın radiasiya­dan və mikroölçülü meteoritlərdən qorun­ması üçün o qədər də çox tikinti materialı sərf olunmayacaq. Üçüncüsü isə, belə stansiyada daha çox yaşayış zonası sal­maq mümkün olacaq.

David Jensen tikinti materialı kimi su­itələyici şüşədən istifadəni təklif edir. Ko­loniyanın inşasında robotlardan istifadə olunacaq. Yer kürəsindən “Atira”ya yalnız lazımi təchizat göndərilməldir. Yerdə qa­lan bütün xammal isə asteroiddən əldə edilməlidir. Lakin stansiyadakı bir neçə robotun və lazımi təchizatdan ibarət yü­kün minimal kütləsi 8,6 ton ola bilər. Qeyd edək ki, hazırda müasir dövrümüzdə heç bir raket bu qədər yükü bir dəfəyə kosmik obyektə çatdıra bilməz. Lakin 2-3 ildən sonra “SpaceX” şirkətinin “Starship + Su­per Heavy” sistemi bu gücdə ola biləcək.

Mütəxəssisin hesablamalarına görə, layihə 4,1 milyard dollara başa gələcək. Bu, NASA-nın Aydakı bazaya sərf edəcə­yi vəsaitdən (93 milyard dollar) çox azdır. Asteroiddə bu cür koloniyanın inşası 12 ilə yekunlaşa bilər. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya