Koronavirusun yeni ştammı – Eris gəlir...

post-img

Vaksinasiya isə davam etməlidir

 

Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında COVID-19 dalğasının hələ də davam etməsini – yoluxma hadisələrinin sayının artmasına görə virusun “Eris” ştammını yeni variant kimi elan edib. Omikronun alt variantı ilə əlaqəli olan EG.5 ştammının sağlamlıq riski hazırda qiymətləndirilir. Qurumun rəsmiləri bu ştammın böyük infeksiya dalğasına səbəb ola biləcəyini istisna etmirlər. 

Qeyd edək ki, ÜST- nın Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla bağlı 15-ci iclasında pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib. 2023-cü il may ayının 5-də keçirilən həmin top­lantıda bildirilib ki, ÜST-nın Baş direk­toru Tedros Adhanom Qebreyesus ko­ronavirus pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. Bu, o demək idi ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəlik­lərlə birlikdə idarə olunduğu sabit mər­hələyə keçə bilərlər.

T. A. Qebreyesus, eyni zamanda, bildirib ki, bu qərar COVID-19-un qlo­bal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölüm­lərin artmasına səbəb ola biləcək yeni ştammların yaranma riski qalmaqda davam edir.

Həmin vaxt təşkilatın ölkələrə mü­raciətində bildirilirdi ki, insanlar sağlam­lıqlarını qorumaq, virusa yoluxmamaq üçün gigiyena tədbirlərinə əməl etmə­lidirlər. Zaman keçdikcə, yeni yaranan ştammlar bir-birini əvəz etdikcə, yolux­ma hallarındakı say artımı, hətta ölüm faktları dünyada olduğu kimi Azərbay­canda da müşahidə edildi. Ürək prob­lemlərinin, infarktların, təzyiq, əsəb və digər xəstəliklərin son illərdə artmasını tibb mütəxəssisləri məhz koronaviru­sun fəsadları ilə əlaqələndirirlər. 

ÜST-nın yeni məlumatına görə, koronavirusun EG.5 variantının təsiri altına düşən ölkələr arasında Böyük Britaniya, Çin və ABŞ var, getdikcə xəstəlik bütün dünyada genişlənmək­dədir. Bununla belə, ÜST bu variantın indiyədək çox da təhlükə yaratmadığı fikrini də irəli sürüb. Ümumiyyətlə isə pandemiyanın başlandığı vaxtdan 20 milyon insanın vəfat etdiyini bildirib. Azərbaycanda avqust ayında ötən həftə koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər və­fat edib. İndiyədək ölkədə, ümumilikdə, 832 min 36 nəfərin koronavirus infeksi­yasına yoluxması faktı müəyyənləşdiri­lib, onlardan 821 min 731 nəfər müali­cə olunaraq sağalıb, 10 min 293 nəfər vəfat edib. Hazırda 12 nəfər xəstə müalicə alır.

Təşkilatın rəsmiləri bildirib ki, möv­cud sübutlara əsasən, EG.5-in yarat­dığı ictimai sağlamlıq riski qlobal miq­yasda aşağı səviyyədə qiymətləndirilir. “Eris”in yayılması və böyümə üstün­lüyünə baxmayaraq, bu günə qədər xəstəliyin şiddətində heç bir dəyişiklik aşkarlanmayıb.

London Universitet Kollecinin pro­fessoru Christina Pagel bu variantın daha ağır bir xəstəliyə səbəb olduğu­na dair bir dəlil olmadığını vurğulayır. Onun sözlərinə görə, bu virus yalnız xəstəxanaya yerləşdirmə sayının art­masına və ya uzun müddət davam edən koronavirusa səbəb ola bilər. An­caq bu ştammın çox yayılacağı təqdir­də belə, əvvəlki dalğalardan daha təh­lükəli olacağını düşünmək üçün heç bir səbəb yoxdur.

Bu məsələ ilə məşğul olan digər mütəxəssislər də qeyd ediblər ki, hələ də peyvəndlərin qəbulu arzuolunandır və vaksinasiya prosesi davam etməli­dir. Çünki peyvənd COVID–19 dalğala­rına qarşı ən yaxşı müdafiəmiz olaraq qalır.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

Dünya