İstiləşmə və su qıtlığı insanları hara aparır?

post-img

Son 200 ildə qlobal istiləşməyə görə insanlar məsuliyyət daşıyır. İndi Yer kürəsi XIX əsrin sonlarında (Sənaye İnqilabından əvvəl) olduğundan 1,1°C və son 100 min ilin istənilən vaxtından daha istidir. 

Yüksələn temperatur isə gələcəkdə baş verəcək faciələrin xəbərçisidir. Çünki Yer kürəsi hər şeyin bir-biri ilə əlaqəli ol­duğu bir sistemdir, bir sahədəki dəyişik­liklər digər sahələrdə dəyişikliklərə təsir edir. Hazırda iqlim dəyişikliyinin nəticələ­rinə şiddətli quraqlıqlar, su çatışmazlığı, güclü meşə yanğınları, dəniz səviyyə­sinin qalxması, daşqınlar, qütb buzlaq­larının əriməsi, fəlakətli tufanlar və bio­müxtəlifliyin itirilməsi və digərləri daxildir. Məsələn, dəniz səviyyəsinin qalxması və duzlu suyun torpağa təsirləri o həddə çatıb ki, adalarda yaşayan insanlar köç­mək məcburiyyətində qalır. Uzun sürən quraqlıq və torpaqların şoranlaşması isə insanları aclıq təhlükəsi ilə üz-üzə qoyur.

Dəniz biomüxtəlifliyi üçün hətta, tem­peraturun 2 dərəcə istiləşməsi çox riskli­dir. Çünki, iqlim dəyişikliyi mərcan rifləri­nin yox olmasına və bəzi balıq növlərinin məhvinə səbəb olur. Nəticədə balıq ovu da azalır.

O insanların səhhətinə də təhlükə yaradır. Çox isti hava səbəbindən ölüm halları artır.

Əsrin sonunadək istiləşmə 2,8°C artacaq

Birləşmiş Millətlər Təşkilatının hesa­batlarında qeyd edilir ki, qlobal tempera­tur artımının 1,5°C-dən çox olmamaqla məhdudlaşdırılması bizə ən pis iqlim tə­sirlərindən qaçmağa və yaşamaq üçün əlverişli iqlimi saxlamağa kömək edə­cək. Bununla belə, hazırkı araşdırmalar göstərir ki, bu əsrin sonunadək qlobal istiləşmə 2,8°C artacaq. Buna ən çox sə­bəb olan ölkələr Çin, ABŞ, Hindistan, Aİ, İndoneziya, Rusiya və Braziliyadır. 7 ölkə qlobal istixana qazının, təxminən, yarısı­nın səbəbkarıdır. 

Su niyə çatışmır?

Su və iqlim dəyişikliyi ayrılmaz şə­kildə bağlıdır. İqlim dəyişikliyi dünyanın su ehtiyatlarına kompleks təsir göstərir. Təkcə su qıtlığını deyil, həm də bununla bağlı fəlakətləri (məsələn, daşqınlar və quraqlıqlar) daha da gücləndirir, çünki ar­tan temperatur yağışların yağıntı rejimini və bütün su dövranını pozur, dağlardakı buzları əridir. Bu səbəbdən də buzlaqlar­da və qar örtüyündə saxlanılan su ehti­yatları XXI əsr ərzində azalacaq. İri dağ silsilələrinin ərimiş suları ilə təmin olu­nan bölgələrdə su problemi yaşanacaq. Məsələn, Hind, Braxmaputra və Yant­zı kimi bəzi çaylar hələlik Himalaydakı buzlaqların əriməsi hesabına qidalanır. Buzlaqlar isə iqlimin istiləşməsi nəticə­sində əvvəlki vəziyyətdə bərpa olunmur və onun sahəsi hər il azalır. 30-40 ildən sonra həmin çaylarda suyun səviyyəsi minimum həddə düşəcək. Bu ərazidə isə dünya əhalisinin ən azı 30 faizi yaşayır.

Amazon meşələrinin sürətlə qırılması və yandırılması isə bu çayın bir çox qol­larının qurumasına səbəb olur. Oxşar və­ziyyət digər regionlar, o cümlədən Azər­baycan üçün də xarakterikdir. 

Ekspertlər qeyd edirlər ki, buzlaqların əriməsi (Antraktida buzlaqları da daxil ol­maqla) dənizlərin səviyyəsinin qalxması­na səbəb olur. Bu da qrunt sularının daha da şoranlaşması, sahilyanı ərazilərdə in­sanlar və ekosistemlər üçün şirin suyun əlçatanlığını azaldır. Bu səbəbdən içməli su çatışmazlığından əziyyət çəkən regi­onların siyahısı genişlənir.

2 milyard insan sudan əziyyət çəkir

İçməli su mənbyi azaldığı bir vaxtda isə əhalinin sayı artır. Əhali artdıqca suya da tələb artır. Hazırda dünyada təxminən 2 milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin təx­minən yarısı ilin müəyyən bir hissəsində ciddi su qıtlığı yaşayır. Bu rəqəmlərin ar­tacağı və tendensiyanın iqlim dəyişikliyi və əhalinin artımı (WMO) ilə daha da şid­dətlənəcəyi gözlənilir. Bildirilir ki, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi içməli su qıtlığından əziyyət çəkəcək. 

Su qıtlığı, quraqlıq isə birbaşa kənd təsərrüfatına təsir edir. Planetimizin bir çox regionlarında yaşayış şəraitini pis­ləşdirir, ərzaq qıtlığı yaradır. Proqnozla­ra görə, 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının istehsalı 25 faizə­dək azalacaq. Əhalinin sayı isə nəzərdə tutulan dövrdə 9 milyardı keçəcək. Yəni dünyada əhalinin sayı artacaq, su qıtlığı səbəbindən əsas kənd təsərrüfatı məh­sullarının istehsalı azalacaq. Çünki isteh­lak edilən şirin suyun böyük hissəsi – orta hesabla təxminən 70 faizi kənd təsərrüfa­tında istifadə olunur. 

Problemin yaranmasına digər sə­bəb isə insanların yemək alışqanlığının dəyişməsidir. Bu sizə qəribə gələ bilər. Məsələn, insanlar XXI əsrdə daha çox ət yeməyə başlayıblar. Bu zaman bir ki­loqram ət istehsalı üçün tələb olunan su­varma suyunun həcmi 1 kiloqram meyvə yetişdirmək üçün tələb olunandan 7 dəfə çoxdur. Artan əhalinin bəslənməsi üçün fermerlər 60 faiz daha çox su istifadə et­mək məcburiyyətindədir. 

Üçüncü dünya ölkələrində səna­yeləşmə və kənd təsərrüfatının kortəbii inkişafı və onların maliyyə mənbələrinin məhdudluğu problemi daha da ağırlaş­dırır. Bu gün Hindistan və Braziliyada 1 kiloqram taxıl yetişdirmək üçün ABŞ və Çindən iki dəfə çox su istifadə olunur.

Ölkələrin həm də sənayesi sürətlə inkişaf edir. Aydındır ki, suya da tələbat artır. 

Səhralaşma prosesini də sürətləndirir

Su çatışmazlığı və onun yaratdığı quraqlıq isə yaşayış məskənlərini təd­ricən “cəhənnəmə” çevirir, səhralaşma prosesini sürətləndirir. Qlobal iqlim dəyi­şikliyi on milyonlarla insanı inkişaf etmiş ölkələrə miqrasiyasına təkan verir. Trans­sərhəd suları və su çatışmazlığı tədricən siyasi-iqtisadi təzyiq vasitəsinə çevrilir.

Bir sözlə su, yaxın dövrdə neftdən baha olacaq və hətta müharibələrə sə­bəb ola bilər. Bu, günün reallığıdır. Hətta havadan tes-tez barıt iyi gəlir. Məsələn, Nil çayının aşağı axında yerləşən və su ehtiyacının 90 faizindən artığını həmin çaydan təmin edən Misir Efiopiyanın Mavi Nil çayı üzərində tikdiyi su anbarı səbəbindən çox ciddi su və qida böhranı ilə üzləşəcəkdir. 

Qahirə Nil çayının su həcmində hər hansısa bir dəyişikliyi “qırmız xətt” kimi görür. Çünki bu ölkə ərazisinin cəmi 3 faizini təşkil edən əkinə yararlı torpaqları­nın ən azı 35 faizini itirməsi ilə nəticələnə bilərdi. Bu da 100 milyondan artıq əhalisi olan ölkə üçün fəlakətə çevrilərdi. Hətta bu vəziyyət Misirlə Efiopiya arasında az qala müharibəyə səbəb olacaqdı. Qahirə birbaşa müharibəyə girməsə də Efiopi­ya üsyançılarına hərtərəfli hərbi yardım göstərirdi. 

Hazırda iki ölkə arasında müharibə təhlükəsi bu gün də qalmaqdadır.

İordan çayının içməli suyu İsrail, Fələstin, İordaniya və hətta Suriya ara­sında, Dəclə və Fərat çaylarının içməli suyu isə Türkiyə, İraq və Suriya arasında gələcəkdə ciddi problem yaradacaq. Bu cür nümunələr isə kifayət qədər çoxdur. Yalnız bir neçəsini xatırlatdıq. Göründüyü kimi, dünya ölkələri üçün bir əcəl zəngi o qədər uzaqda deyil. 

Kimin nə deməsindən asılı olmaya­raq, hazırda dünyada su qıtlığı özünü ciddi şəkildə göstərir. Unutmayaq ki, dünyada əhalinin sayı sürətlə artır, kənd təsərrüfatı və sənaye inkişaf edir, şəhər­ləşmə prosesi gedir, iqlim dəyişir, amma su mənbələri azalır. Su problemi bey­nəlxalq əməkdaşlıq yolu ilə həll olunmalı və bütün ölkələr qlobal su problemini bir­likdə həll etməlidir. Hələ ki, gec deyil. 

Gələcək inkişaf ilk növbədə ekoloji problemlərin, o cümlədən su problemi­nin həll olunmasından asılı olacaq. İndi hərəkətə keçilməlidir ki, sonralar milyard­larla vəsait xərclənməsin.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya