Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana “Togg” avtomobili hədiyyə edib.
Bu barədə TRT məlumat yayıb.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında həmin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verdiyini bildirmişdi.
Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg” elektromobilini sınaqdan keçirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.
“Togg” elektromobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.
Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən yerli avtomobil “Togg”un T10X modeli üçün sifariş hüququ qazanan 20 min əsas və 20 min ehtiyat qalibin siyahısı da artıq açıqlanıb. Püşkatma nəticəsində T10X modelini almaq hüququ qazanan şəxslərin siyahısı “Togg”un rəsmi internet saytında elan edilib. Bu modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfər yerli avtomobil sahibi olub.
Rizvan FIKRƏTOĞLU,
“Xalq qəzeti”