İtaliya Ukraynada sülhün əldə edilməsi şərtini açıqlayıb

post-img

İtaliyanın baş naziri Meloni bildirib ki, Ukrayna sülh naminə real təhlükəsizlik zəmanətlərinə ehtiyac duyur.

“Sky TG24”-in xəbərinə görə, İtaliyanın baş naziri Giorgia Meloni Varşavaya səfəri zamanı bildirib ki, İtaliya və Polşa hakimiyyətləri Rusiyanın müharibəni davam etdirilməsi fonunda Ukraynaya dəstək barədə mövqelərini razılaşdırırlar. Onun sözlərinə görə, bu, Kiyev üçün təhlükəsizlik təminatı ilə bağlı məsələlərə də aiddir.

“Biz lazım olduğu müddətdə Ukraynanın tərəfində olmağa davam edəcəyik, onu dəstəkləyəcəyik <…> Biz sülhə nail olmaq üçün əsas şərt olan Ukrayna üçün real təhlükəsizlik zəmanətlərinin zəruriliyi ilə bağlı Polşa ilə tam razıyıq”, - Meloni bildirib.

O, həmçinin əlavə edib ki, Roma Ukraynadakı münaqişəni dayandırmaq üçün əlindən gələni edəcək. Meloni vurğulayıb ki, İtaliya da Polşa kimi, Kiyevin Moldova və Qərbi Balkanlarla birlikdə Avropa İttifaqına daxil olmasını dəstəkləyir.

“Mən bunu genişlənmə deyil, yenidən birləşmə adlandırmağı xoşlayıram, çünki hesab etmirəm ki, Aİ kimin üzvü olub, kimin olmadığına qərar verəcəyimiz bir klubdur. Avropa sivilizasiyadır, onun kimin bir parçası olduğuna tarix qərar verir”, - deyə İtaliyanın baş naziri fikrini yekunlaşdırıb.

"Xalq qəzeti"

Dünya