Mayın 1-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə müvafiq dövlət orqanlarının və özəl sektorda çalışan şirkətlərin rəhbər şəxslərinin iştirakı ilə tikinti sahəsində mövcud icazə prosedurlarına, tikinti obyektlərinin layihələndirilməsinin keyfiyyətinin artırılması, habelə bu sektorda çalışan sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə çevik platformanın yaradılması məsələlərinə həsr olunmuş tədbir keçirilmişdir.
XQ xəbər verir ki, açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud aktual problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, mövcud qanunvericiliyin tələbləri və normativlər, Komitə tərəfindən yaradılmış elektron icazə portalı (e-tikinti) üzərindən işin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin tikintisinə və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirildi.
Görüşün nəticəsində iştirakçılar yarana biləcək məsələlərin çevik qaydada həll edilməsi üçün dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin davamlı təşkil edilməsi barədə razılığa gəlmişdir.

