İsveç Ali Məhkəməsi “Qurani-Kərim”in yandırılmasına qarşı deyil

post-img

Rusiya – Ukrayna müharibəsi başlayandan bəri İsveçin NATO-ya üzvlüyü məsələsi gündəmdədir. Lakin bu ölkə Üçtərəfli Sazişin şərtlərinə, verdiyi vədlərə əməl etməyib. Bu səbəbdən də Türkiyə bu günədək İsveçin NATO-ya üzvlük tələbinə veto qoyub. Hazırda həm ABŞ, həm də Qərb İsveçin NATO-ya üzv olması üçün çox çalışır, qarşıya çıxan problemləri həll etmək istəyir. “İsveç NATO-nun strukturuna getdikcə daha çox inteqrasiya olunub. Lakin bizim tam ratifikasiyaya ehtiyacımız var. Bunun baş tutması üçün əlimizdən gələni edirik", - deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

İyunun 14-də İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı imzala­nan Üçtərəfli Sazişin dördüncü iclasının Ankaradakı Prezident iqamətgahında baş tutacaq toplantısı da bu məqsədə xidmət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti bil­dirib ki, Stokholmun NATO-ya üzvlük is­tiqamətində irəliləyişini müzakirə etmək üçün NATO, Finlandiya və İsveç arasın­da iyunun 14-də keçiriləcək görüş planı təsdiqlənib.

Dünyanın gözü bu gərgin görüşə dikildiyi bir vaxtda İsveçdə bir-birinin ar­dınca iki fərqli qərar verilib. Bu isə "İsveç nə etməyə çalışır?" sualının yaranması­na səbəb olub. Birinci qərarda İsveç Ali Məhkəməsi ölkə polisinin “Qurani-Kə­rim”in yandırılmasını qadağan edən qə­rarının təhlükəsizlik baxımından heç bir hüquqi əsası olmadığını bildirib və bu səbəblə onu ləğv edib.

Xatırladaq ki, bu ilin yanvar ayında danimarkalı ekstremist siyasətçi Rasmus Paludan Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. Hə­min vaxt İsveç polisi hadisəyə müdaxilə etməyib. Türkiyə Xarici İşlər Nazirliyi Stokholm şəhərində müqəddəs "Qura­ni-Kərim"in yandırılmasını pisləyib. Sö­zügedən təxribatdan sonra NATO-ya üzv olmaq istəyən və Türkiyə tərəfindən veto qoyulan İsveçlə bu ölkə arasında müna­sibətlər gərginləşib.

Bu hadisədən sonra İsveç polisi fev­ral ayında paytaxt Stokholmda Türkiyə və İraq səfirlikləri qarşısında “Qurani– Kərim”in yandırılması ilə bağlı iki təx­ribata icazə verməmisdi. Narazı qalan təxribatçılar Stokholm İnzibati Məhkəmə­sinə müraciət edəcək qərarın ləğv olun­masını istəmişdilər. İnzibati Məhkəmə isə təhlükəsizlik problemlərinin nümayiş hüququnu məhdudlaşdırmaq üçün yetərli olmadığını bildirərək polisin qərarını ləğv etmiş, bu da İsveç polisinin apellyasiya şikayəti verməsinə səbəb olmuşdu. İsveç Ali Məhkəməsinin qərarından aydın olur ki, bu qurum təxribatçıların tərəfini tutub. 

Türkiyə ilə İsveç arasında gərginliyə səbəb olan əsas məsələlərdən biri də bu ölkədən siyasi sığınacaq almış terrorda ittiham olunan PKK fəallarının ekstradisi­yasıdır. İsveç tərəfi iddia edir ki, ölkənin NATO-ya qəbulunu təsdiqləmək üçün Ankaranın bütün şərtlərini yerinə yetirib. O ki qaldı konkret şəxslərin Türkiyəyə ekstradisiyası məsələsinə, buna yalnız İsveç məhkəməsi qərar verir, çünki bu, İsveçrə hökumətinin səlahiyyətindən kə­nardır. 

Hər halda İsveçdən gələn ikinci qə­rarda yumşalma var. Belə ki, İsveç hö­kuməti 2013-cü ildə Türkiyədə narkotik cinayətlərinə görə məhkum olunan və 5 il İsveçdə yaşayan şəxsin ekstradisiyasına qərar verib. İsveç dövlət televiziyası SVT-yə açıqlama verən Ədliyyə Nazirliyinin Hüquq Komitəsinin sədri Əşrəf Əhməd “İsveç Ali Məhkəməsi sözügedən şəxsin Türkiyəyə ekstradisiyasına iyunun 12-də qərar verdi. Hökumət də bu qərarı qüvvə­də saxladı", – deyib.

İstənilən halda Ankara çətin ki, 14 iyunda keçiriləcək məsləhətləşmələrdə Stokholmun NATO-ya üzvlüyünü təsdiq etsin.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

Dünya