Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi ilə əlaqədar “Kukla teatrları həftəsi” öz işinə başlayıb.
Ötən gün baş tutan açılış mərasimi balaca teatrsevərlər üçün nəzərdə tutulmuş maraqlı tamaşalarla yadda qaldı. Uşaqların ən sevimli tamaşaları olan “Ağca və yeddi cırtdan”, “Üç donuz balası”, “Qırmızıpapaq”, “Gözəl və bədheybət” böyük şövqlə teatrın səhnəsində nümayiş olundu.
Sonra Gəncə Dövlət Kukla Teatrının aktyor heyətinin ifasında görkəmli şair, dramaturq Rəsul Rzanın “Ana Qaz” şeirinə həsr olunmuş tamaşa təqdim olundu.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Şamil Məmmədli, xoreoqrafı Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir. Səhnə əsərini Gəncə Dövlət Kukla Teatrının aktyorları Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov, Məhəmməd Hacıyev, Nahidə Namazova, Nərmin Şərifova ifa edirlər.
Tamaşadan sonra Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Gəncə Dövlət Kukla Teatrının rəhbəri Fərmail Paşayevi teatrın adından mükafatla təltif etdi.
Qeyd edək ki, “Kukla teatrları həftəsi” iyunun 17-dək “açıq qapı” formatında reallaşacaq. Bölgələrdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq və onların yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etmək məqsədilə ölkənin bütün kukla teatrları bir səhnədə toplaşacaq.
Tamaşa nümayişləri ilə yanaşı, həftə çərçivəsində müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr–tamaşaçı əlaqələri ilə bağlı müzakirələr də təşkil olunacaq.
Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”

