ASELSAN AKKOR aktiv müdafiə sisteminin işlərini tamamlayıb

post-img

Türkiyənin ASELSAN şirkətinin hazırladığı AKKOR aktiv müdafiə sisteminin işləri tamamlanıb.

AKKOR aktiv müdafiə sistemi döyüş meydanında ən çox rast gəlinən və böyük təhlükələrdən olan həm tank əleyhinə raketləri, həm də idarə olunan raketləri havada məhv edərək ordunun zirehli texnika bölmələrini qoruyur.

AKKOR aktiv müdafiə sisteminin inkişaf etdirilməsi üzrə ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Nazirliyi arasındaki müqavilə 2015-ci ildə imzalanıb. ASELSAN şirkətinin 2008-ci ildən bəri üzərində çalışdığı AKKOR Türkiyənin milli “Altay” tankını qorumaq üçün nəzərdə tutulsa da, modulyar dizaynı sayəsində “Altay” ilə yanaşı müxtəlif tank və zirehli maşınlarda da tətbiq edilə bilər. Sistemin müvafiq radar, mərkəzi komputer və fiziki məhvetmə mərmisinin sınaqdan keçirildiyi testlər 2010-cu ildən etibarən uğurla yerinə yetirilib.

AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradır. Sistemin yüksək texnologiyalara əsaslanan radarı üzərinə gələn raket və mərmini qısa zaman içində təyin edir. Həmin təhdidə qarşı yönləndiriləcək sursat üzərindəki sensorun yardımı ilə yaxınlaşmaqda olan tank əleyhinə təhdidi ən yaxın olduğu anda partladraq təsirsiz hala gətirir.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya