İtaliyanın xarici işlər naziri: NATO sammiti Ukraynanın alyansa daxil olması yolunu müəyyən edəcək

post-img

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bildirib ki, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammiti Ukraynanın alyansa qoşulma yolunu müəyyən edəcək.

“NATO-nun Vilnüs sammitində biz Ukraynanın daxil olma yolunu müəyyən edəcəyik. Bu arada biz daimi fəaliyyət göstərən Ukrayna-NATO Şurasının yaradılması istiqamətində gedirik. Bu, mühüm addımdır, çünki Kiyevə beynəlxalq qərarların qəbulunda iştirak etməyə imkan verəcək”. TASS xəbər verir ki, bunu italiyalı nazir bazar günü “La Repubblica” qəzetinə müsahibəsində bildirib. 

İtaliyanın xarici işlər naziri qeyd edib ki, Roma Ukraynaya F-16 qırıcılarını “sadəcə respublikada olmadığı üçün” göndərə bilməz və eyni səbəbdən bu ölkə ukraynalı pilotlara təlim keçə bilməyəcək. Eyni zamanda, cənab Tayani Kiyevə hərbi yardım haqqında daha bir fərmanın hazırlandığını xatırladıb. “Bizim paketimiz hərbi materiallar, uniformalar, jiletlər, sursatlardan ibarətdir. Lazım olanı edirik. Biz həmçinin Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik”, - deyə o əlavə edib.

ABŞ-a qarşıdakı səfərinin mövzusuna toxunan italiyalı nazir qeyd edib ki, onun səfəri “ABŞ ilə transatlantik həmrəylik bağlarını və Ukrayna böhranı ilə bağlı ümumi baxışı təsdiqləmək üçün bir fürsət olacaq”. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun “ədalətli sülhə doğru bir addım olacağına” ümid etdiyini bildirib.

E.ELAY,

"Xalq qəzeti"

Dünya