İsveç NATO-ya üzvlüyə ümidlidir

post-img

Rusiya-Ukrayna müharibəsinin daha dağıdıcı bir mərhələyə daxil olduğu bir məqamda rəsmi Stokholm Şimali Atlantika Alyansına üzv olmağa can atır. İsveçin müdafiə naziri Pol Yunson bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki, İsveç hökuməti alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinədək NATO-nun tamhüquqlu üzvü olacağına ümid edir. 

“NATO-ya mümkün qədər tez bir zamanda tamhüquqlu üzvlük İsveç hö­kumətinin ən ali prioritetidir. Biz Vilnüsdə keçiriləcək sammitə qədər alyansa daxil olacağımıza ümid edirik. Eyni zamanda, Türkiyə tərəfdən buna yalnız Ankaranın, Macarıstan tərəfdən isə yalnız Budapeş­tin qərar vermə haqqına hörmətlə yana­şırıq”, - deyə nazir bildirib.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət edib. Türkiyə alyansın üzvü kimi sənədi ratifikasiya etmək üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər ara­sında kürd separatçılarının terror təşkilatı kimi tanınması, terrorda ittiham olunan şəxslərin Türkiyəyə ekstradisiyası və An­karaya silah tədarükünə qoyulan qada­ğanın aradan qaldırılması yer alıb. Fin­landiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. İsveçin NATO-ya üzvlüyünə isə Türkiyə və Macarıstan razılıq verməyib.

“Xalq qəzeti”

Dünya