Prezidentin xüsusi nümayəndəsi ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

post-img

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Avstriyada yaşayan müsabiqə qalibi Emil Məmmədli ilə onlayn, Əli Əhmədovla isə üz-üzə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Emil Məmmədli və Əli Əhmədovu ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Emin Hüseynov onların praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyini, onlarla təcrübəsini bölüşəcəyini və beləliklə, potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib.

Emin Hüseynov vurğulayıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün lazımi şərait yaradılacaq.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində Prezidentin xüsusi nümayəndəsinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.





Təhsil