Mən burda qəribəm, yurd orda qərib

post-img

Sən burda qəribsən, yurd orda qərib.
Hüseyn ARİF

 

Mən burda qəribəm, yurd orda qərib

Baş əydim bu dürlü hikmət önündə,

Sən mənə verdiyin qiymət önündə,

Qalmışam, ay ustad, töhmət önündə

Mən burda qəribəm, yurd orda qərib...

 

Ömrün göylərində buludam, çənəm,

Elə alışmışam, inanma sönəm.

Məni xoşbəxt sayan kimsəm, kimsənəm,

Mən burda qəribəm, yurd orda qərib...

 

Ay mənə zülm edən zalım insanlar,

Dönüb bir-birinə qənim olanlar.

Ay məni anlayıb, məni qananlar,

Mən burda qəribəm, yurd orda qərib...

Yurdun başı üstə dinsiz qoymuşam,

Döşündə min cığır, min iz qoymuşam.

Göyçə gölü kimi dəniz qoymuşam,

Mən burda qəribəm, yurd orda qərib...

Bir Vətən harayı, ünü beynimdə,

Həsrətdən biçilən kəfən əynimdə.

Qələmim əlimdə, heybəm çiynimdə

Mən burda qəribəm, yurd orda qərib...

Gətirdi başıma əngəli dövran,

Məni zarınc etdi gülməli dövran.

Eşitsin zamana, bu dəli dövran,

Mən burda qəribəm, yurd orda qərib...

 

Ay Tovuz dağları, Gəncə dağları,

Sinəmdə düşmənin neçə dağları...

Yadıma düşübdü Göyçə dağları,

Mən burda qəribəm, yurd orda qərib...

 

Səs verin səsimə, ay əsən yellər,

Buludlu göylərin gözündə sellər.

Hanı Ələsgərli, Alılı ellər,

Mən burda qəribəm, yurd orda qərib...

 

Taleyi mənimtək dolaşıq durna,

Sən, ey Kərəm durna, ay aşıq durna...

Mən səndən yazığam, ay yazıq durna...

Mən burda qəribəm, yurd orda qərib...

Ruhlar bir də gəlib yoxlasın məni,

Çəkib yüz yerimdən oxlasın məni,

Anama çatdırın ağlasın məni

Mən burda qəribəm, yurd orda qərib...

 

Hər yuva Eldara yurd olmaz, Allah,

Qürbətdə şadlanan mərd olmaz, Allah,

Mənim dərdim kimi dərd olmaz, Allah,

Mən burda qəribəm, yurd orda qərib...

 

Eldar İSMAYIL

Sosial həyat