Fransalı ekspert Avropada erməni diasporunun korrupsiya əməllərini ifşa edib

post-img

Avropa Parlamentini, Avropa institutlarını sarsıdan korrupsiya işi qurumu yenidən pis vəziyyətə sala bilər. Avropa İttifaqı öz nümayəndələrini bütün vasitələrlə maarifləndirməlidir. Avropada böyük erməni diasporu onilliklər ərzində Azərbaycana, eləcə də onların maraqlarına xələl gətirə biləcək hər kəsə qarşı radikal mesajlar yayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər www.levif.be  portalında dərc olunmuş siyasi elmlər doktoru, Yaxın Şərq üzrə ekspert Sebastyan Bussuanın “ArmenianGate”? Avropa təcili olaraq dostluq qruplarını təmizləməlidir” sərlövhəli məqalədə qeyd edilib. S.Bussua məqalədə erməni Kaspar Karampetyanın qeyri-qanuni əməllərindən bəhs edib, Avropa Parlamentində Azərbaycana qarşı imzalanmış bəyanatın qeyri-qanuni yolla necə təşkil olunmasından söz açıb. Qeyd edilib ki, Azərbaycanın ittiham olunduğu bəyanatı imzalayan 33 ölkə Avropa Parlamentində Ermənistanla dostluq qrupunun üzvləridir və Yunanıstanda anadan olmuş, Lüksemburq və erməni vətəndaşlığı olan Kaspar Karampetyan tərəfindən maliyyələşdirilən Avropanın ermənipərəst təşkilatı EAFJD (Ermənistan Ədalət və Demokratiya Federasiyası) ilə sıx əlaqələri olub.

Avropa Parlamentində Ermənistanla dostluq qrupuna Karampetyana çox yaxın olan yunan deputat Lukas Furlas rəhbərlik edib və onun tviter hesabı bu istiqamətdə çox fəaldır.

Bildirilir ki, Avropa Parlamentinin deputatlarının bir sıra ölkələrə, xüsusilə Ermənistana məhz onun dəvəti əsasında səfər ediblər.

2018-ci ildə Ermənistana və Qarabağa reallaşdırılmış səfərlər zamanı çəkilmiş fotolardan da görmək olur ki, Karampetyan avropalı deputatlarla görüşlərdə iştirak edib. Məlum olub ki, EAFJD təşkilatı Qarabağdakı separatçı nümayəndələri də Strasburq və Brüsselə dəvət edib. 2021-ci il noyabrın 10-da Brüsseldə Karampetyanın rəhbərliyi ilə dostluq qrupu yenidən fəaliyyətə başlayıb. EAFJD-ın rəsmi saytında ermənipərəst fransız deputat Fransua-Ksavye Bellaminin də onunla fotosu yayımlanıb.

Məqalədə erməni milyonçunun qeyri-qanuni biznesindən də söz açılıb. Vurğulanıb ki, Karampetyanın biznesi üçün Brüsseli seçməsi heç də təsadüfi deyil. O, Belçikada almaz biznesində qeyri-şəffaflığı, xüsusilə də Afrikanın münaqişə zonalarından Avropaya mineralların idxalı və qeyri-qanuni sertifikatlaşdırılması ilə məşhurdur. Belçikada zərgər butiklərini satın alan Karampetyan almaz ticarətinin geniş qanlı şəbəkəsini yaradıb. O, Afrikanın münaqişə bölgələrindən rəngli uzunsov brilyantları qaçaqmalçılıq yolu ilə Belçikaya keçirərək, burada onları cilalayır. Sonra bu brilyantlar müfəssəl şəkildə tərtib edilmiş korrupsiya sxeminə uyğun olaraq sertifikatlaşdırılır və Avropada marka butiklərə göndərilir.

Digər özəl mənbələrə görə, milyonerin vəsaitinin bir hissəsi beynəlxalq hüquqazidd olaraq, 1992-ci ildən regionu işğal etmiş Qarabağ separatçılarının silahlı təxribatlarına dəstək üçün istifadə olunub, həmçinin Avropadakı erməni diasporunun radikal qruplarının xeyrinə fəaliyyət göstərib. Rusiyanın Avropa və ya Qərb həyatına müdaxiləsindən çox danışılır, ancaq Yerevanın Moskva ilə müttəfiqliyi, xüsusilə də Ukrayna müharibəsi başlayandan daha da fəal olan erməni təsirlərindən danışılmır.

“Yaşı 70-dən yuxarı olan Kaspar Karampetyan uzun müddətdir ki, bu şəbəkədə işləyir. Qarabağın separatçı liderləri ilə tez-tez görüşməyə, 2020-ci ilə qədər keçmiş “president” Bako Saakyan rejiminə, ermənilərin “Artsax” adlandırdıqları və dünyada heç kimin, hətta Ermənistanın belə tanınmadığı bu rejimə pul yığmağa öyrəşib”, - deyə məqalədə vurğulanıb.

Qeyd edilib ki, bir müddət erməni terror təşkilatı ASALA-ya yaxın olmaqla K.Karampetyan uzun illərdir Avropanın siyasi salonlarında, Avropa Parlamentində də işğalçı rejiminin legitimləşdirilməsi cəhdlərində aparıcı rol oynayıb. Brüsseldə keçirilən qala gecəsində o, hətta bir neçə il əvvəl erməni separatizmini dəstəkləmək üçün 3,8 milyon avro toplaması ilə öyünüb. O, xüsusilə Azərbaycanı gözdən salmaq üçün bir sıra qurumların nümayəndələrinə Ermənistana və Qarabağa səfərlər təklif etməsi ilə tanınır. Erməni mənbələrinin bildirdiyinə görə, Avropa Parlamentinin kiprli deputatı Eleni Teokarus da bu səfərdə olub, hətta 2018-ci ildə yerli parlamentin rəhbəri ilə şəkil də çəkdirib.

Məqalədə, eyni zamanda, bildirilir ki, son vaxtlar Avropa qurumları yanında lobbiçilik edən almaz qaçaqmalçısı haqqında danışarkən artıq qarşıdan gələn “Kaspargate”dən söhbət getdiyi deyilir. Avropa-Ermənistan dostluq qrupu və onun bu şəxslə əlaqələrinin tezliklə daha ətraflı araşdırılmalı olduğu vurğulanır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Siyasət