Laçın yolunda hərəkətin şəffaflığı təmin edilməlidir

post-img

Ötən günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın–Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın–Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun, guya, bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. 

Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 mindən çox nəqliyyat va­sitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

Həmçinin Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Ameri­ka Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı zamanı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında nəzarət-buraxılış məntəqəsinin yaradılmasının əhəmiy­yəti bir daha qeyd olunub. Nazir sülh sazişi üzrə danışıqlara maneçilik törə­dən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını da diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danı­şıqlara hər an başlamağa hazır oldu­ğunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezi­dentinin köməkçisi Elçin Əmirbəyov “France 24” telekanalına müsahibəsin­də deyib ki, sülh prosesi Azərbaycanla birbaşa danışıqlardan imtina edən və sülh prosesindən yayınmaq üçün istə­nilən bəhanələrə əl atan Ermənistanın destruktiv mövqeyi ilə əngəllənir. “La­çın yolu Azərbaycan tərəfindən bağ­lanmayıb. Bu yol Ermənistanın 10 min erməni əsgərinin hələ də yerləşdiyi suveren Azərbaycan ərazisində hərbi potensialının gücləndirilməsi məqsə­dilə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahların, piyada əleyhinə minaların və hərbi personalın daşın­ması üçün istifadə olunub”, – deyə El­çin Əmirbəyov bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bir neçə aydır ki, KİV-in və diasporun imkanları vasitəsilə müxtəlif bəhanələrə əl ataraq beynəlxalq icti­maiyyəti çaşdırır və destruktiv mövqe nümayiş etdirərək sülh prosesinə mane olur: “Laçın yolu ilə Azərbayca­nın faydalı qazıntıları və təbii sərvətləri Ermənistana daşınırdı. Üçtərəfli Bəya­nata əsasən, Laçın yolu yalnız huma­nitar məqsədlər üçün istifadə olunmalı idi. Azərbaycan Laçın yolundan qey­ri-qanuni məqsədlərdə istifadənin qar­şısının alınması üçün hərəkətin şəffaf­lığının təmin edilməsini tələb edir”.

***

Azərbaycanın Qarabağ iqtisadi ra­yonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın–Xankəndi yolunda keçirilən etiraz ak­siyası 108 gündür davam edir. Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət