Mən ədəbiyyatı çox sevən adamam...

post-img

Vilayət QULİYEV, 
professor

II yazı

Faktlara müraciət edək. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin 840 illiyi qeyd olunmuş, şairin külliyyatı, habelə müxtəlif dilllərdə onlarla kitablar nəşr edilmiş, “Nizami” filmi çə­kilmişdi. Nizami irsinin öyrənilməsi, təb­liği istiqamətindəki işləri arasıkəsilməz proses sayan Heydər Əliyev “yuvarlaq” yubiley tarixinin (ən azı 850 illiyin) gəlib çatmasını gözləməyə lüzum görməmişdi. Müstəqil Azərbaycanın Prezidenti kimi uğurlu təşəbbüslərindən biri Rusiya mə­dəniyyətinin beşiyində – Sankt Peterburq şəhərində Nizami Gəncəvinin möhtəşəm abidəsinin ucaldılması olmuşdu. Bu gün fars-erməni alyansının cidd-cəhdlə “Gəncə dahisini” Azərbaycan ədəbiyyatı, mədəniyyəti arealından qoparmağa ça­lışdıqlarını görəndə zamanında atılmış addımların vacibliyinə və uzaqgörən­liyinə heyrətlənməyə bilmirsən. Çünki ədəbiyyat Heydər Əliyevin nəzərində yal­nız mənəvi tərbiyə vasitəsi deyildi, həm də xalqın tarixi idi, siyasi və ideoloji mü­barizə vasitəsi idi. Nəsiminin 600 illiyinin UNESCO səviyyəsində qeyd olunması, Bakıda şairə heykəl qoyulması ana dili­mizə və əqidəsi yolunda ölümə getmək­dən çəkinməyən böyük insan və sənət­kar şəxsiyyətinə ehtiramın nümunəsi idi. Vaqifin Şuşada məqbərəsinin və abidə­sinin ucaldılması, onun təkcə şair deyil, həm də dövlət xadimi kimi geniş təbliğ edilməsi də sözə, sənətə dərin hörmət duyğusu ilə yanaşı, həm də (və daha çox!) tarixi-ideoloji məna yükü daşıyırdı. Qarabağın tarixi mənsubluğu ilə bağlı saxtakar erməni millətçilərinə göndərilən qabaqlayıcı mesaj idi. Burada kimin döv­lət qurduğunu, kimin torpaq və iqtidar sahibi olduğunu vurğulayan simvol idi. Ona görə də təsadüfi deyil ki, ermənilər Şuşanı işğal edəndə ilk vandalizm aktı­nı bu abidəyə qarşı həyata keçirmişdilər. Prezident Heydər Əliyevin 2001-ci ildə Strasburqda quldur rejimin başçısı Ko­çaryanı məqbərənin dağıdılmasına görə necə sərt şəkildə ittiham etməsi indi də qulaqlarımda səslənir. Yaxud Nəriman Nərimanovun xatirəsinin əbədiləşdirilmə­si ilə bağlı ardıcıl, məqsədyönlü fəaliyyəti xatırlayaq. Nərimanov tək maarifçi-yazıçı kimi yox, həm də bolşevizm özbaşınalığı­nın tüğyan etdiyi 1920-ci illərin başlanğı­cında Azərbaycanın maraqları keşiyində dayanan milli düşüncəli siyasətçi kimi diqqət mərkəzinə çəkilmişdi. Bir daha təkrar edirəm: belə çətin işlərin öhdəsin­dən yalnız Heydər Əliyev kimi milli mədə­niyyətə, ədəbiyyat və sənət korifeylərinə böyük önəm verən bir lider gələ bilərdi. 

Bu işləri görərkən Heydər Əliyev sə­mimi şəkildə inanırdı ki, “ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlə­rimizdən biridir. Biz bununla fəxr etməli­yik. Şəxsən mən həmişə belə hesab et­mişəm, bu gün də hesab edirəm, həmişə belə düşünəcəyəm. Hesab edirəm bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı sö­zünün cəmiyyətə təsiri çox böyükdür”.

Ona görə də yaradıcı təşkilatlara xü­susi diqqətlə yanaşırdı. Sovet Azərbay­canına rəhbərlik etdiyi dövrdə milli-mə­dəni fikrin Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mikayıl Hüseynov kimi görkəmli nü­mayəndələri keçmiş SSRİ-də ən yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. Məşhur fil­mimizin epizodik, amma yaddaqalan qəhrəmanı kimi indi bu fakta da “Eh, nə olsun?” – deyə yanaşanlar tapıla bilər. Amma nəzərə alaq ki, Rusiya Federa­siyasını çıxmaq şərti ilə heç bir müttəfiq respublika sənət adamlarına münasibət­də belə “yüksək göstəriciyə” nail ola bil­məmişdi. Aydın məsələdir ki, Heydər Əli­yevin təşəbbüsü, təkidi, sovet rəhbərliyi yanında yüksək nüfuzu olmasaydı, adları çəkilən ədəbiyyat və mədəniyyət xadim­lərimizin zəhməti layiqincə qiymətləndiril­məyəcəkdi.

Təbii ki, belə yüksək reqaliyalara ma­lik olan yaradıcı insanlardan cəmiyyətin tələb və istəyi də böyük idi. Heydər Əli­yev onlardan təkcə ədəbiyyat və sənət tariximizi zənginləşdirən əsərlər deyil, həm də Azərbaycan dövləti naminə, mil­li maraqlarımızın müdafiəsi, dilimizin və mədəniyyətimizin dünya miqyasında təb­liği naminə qətiyyətli mövqe, yorulmaz fəaliyyət gözləyirdi. (Yuxarıda xatırlatdı­ğım monoloq da məhz bu istək və yan­ğıdan irəli gəlmişdi) Və sovet ideologiya­sının bütün qadağalarına baxmayaraq belə fəaliyyətin ibrətamiz nümunələrini ilk növbədə respublika rəhbərinin özü göstərirdi. Böyük filosof-şairimiz Hüseyn Cavidin cənazəsinin uzaq Maqadandan gətirilib doğulduğu Naxçıvan torpağında ehtiramla dəfn olunması tək Azərbay­can mədəniyyətinə əvəzsiz xidmət və qədirşünaslıq aktı deyildi. Həm də dahi sənətkarı saxta ittihamlarla məhv edən imperiyaya sərt şapalaq idi. Gizli deyil ki, keçmiş Sovet İttifaqının digər xalqlarının “böyük terrorun” qurbanı olan tanınmış ədəbiyyat və mədəniyyət xadimləri də tarixi vətənlərindən uzaqlarda, adsız mə­zarlarda uyuyurlar. Amma bildiyim qədər Qorbaçovun daha çox teatral səciyyə da­şıyan yenidənqurma və aşkarlıq dövrünə qədər belə cəsarəli addım yalnız Azər­baycanda atılmışdı. Bu cəsarətin sahibi isə özünə və xalqına güvənən Heydər Əliyev idi.

İstər sovet Azərbaycanına rəhbər­lik etdiyi dövrdə, istərsə də müstəqillik illərində birinci katib-Prezident, demək olar ki, bütün üzdə olan şairləri, yazıçı­ları, rəssam və bəstəkarları, memar və kino xadimlərini, tətbiqi sənət ustalarını şəxsən tanıyırdı. YaradıcIlıqları ilə yaxın­dan tanış idi. Bəziləri ilə dostluq əlaqələri saxlayırdı. Həm də təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqı miqyasın­da! Soydaşlarına gəldikdə isə həm Ba­kıda, həm də Moskvada çalışdığı illərdə qapısı bu adamların üzünə həmişə açıq idi. Onlarla görüşlərdə ictimai-siyasi və yaradıcılıq problemləri ilə bir sırada şəxsi həyat məsələlərini, məişət çətinliklərini də eyni dərəcədə səmimiyyətlə müzakirə edir, köməyinə ehtiyac duyulan yerdə heç vaxt yardımını əsirgəmirdi. 

Sovet İttifaqı dağılmamışdan əvvəl respublikaların birinci şəxslərinin Yazı­çılar İttifaqının qurultaylarında iştirakı yəqin ki, məcburi-könüllü xarakter daşı­yırdı. Əvvəla, çox güman ki, Moskva belə istəyirdi. İkinci tərəfdən rəhbərlər ideoloji cəbhədə hansı proseslərin getdiyindən, qələm adamlarının “nə ilə nəfəs aldıq­larından” xəbər tutmalı idilər. Müstəqil­lik dövründə isə artıq ədəbiyyat “partiya işinin təkərciyi və vintciyi olmaq” (Lenin) funksiyasını itirdiyindən yazıçıların nə­dən danışdıqları, hansı məsələləri mü­zakirə etdikləri rəsmi dairələrdə xüsusi maraq doğurmurdu. 

Amma Heydər Əliyev heç bir rəsmi vəzifə tutmayanda da ədəbiyyatın qay­ğılarından və yazıçı mühitindən kənar­da qalmamışdı. Yəqin ki, çoxlarının ya­dındadır – ölkənin keçmiş birinci şəxsi Azərbaycan yazıçılarının 1991-ci il 18-19 mart tarixlərində keçirilən IX qurultayının iştirakçıları arasında idi. Özü də bəzi qə­dirşünas qələm sahiblərinin təkidli xahiş­lərinə baxmayaraq məclisin işini həmişə olduğu kimi, rəyasət heyətindən deyil, zaldan izləmişdi. Respublikanın (elə JB-nin də!) çətin günlərində sıravi yazıçılar­la birlikdə olmağı daha üstün tutmuşdu. Sonralar qocaman şairə Mirvarid Dilbazi­nin də etiraf etdiyi kimi, Heydər Əliyevi öz aralarında görmək ölkənin və ədəbiyya­tın sabahına ümidlərini itirməkdə olan bir çox sənət adamları üçün sabaha, gələ­cəyə inam baxımından çox güclü stimula çevrilmişdi.

Azərbaycan yazıçılarının Prezident Heydər Əliyevin iştirakı ilə keçirilən və yuxarıda haqqında söz açdığım X qurul­tayını yaxşı xatırlayıram. Dövlət başçısı işinin çoxluğuna baxmayaraq həmin qu­rultaya üç gün – üst-üstə 15 saata yaxın vaxt sərf etmişdi! Oktyabrın 28-də yaşlı (yəqin ki, tanınmış desəm, daha yerinə düşərdi. Çünki həmin dövrdə 45 yaşı­nı tamam edən bəndeyi-həqir də həmin qocamanların sırasında idi), ertəsi gün gənc nəslin nümayəndələrini qəbul etdi. Bu görüşlər zamanı nə qədər maraqlı söhbətlər, mükalimələr oldu! Necə ibrə­tamiz fikirlər səsləndi! Yəqin ki, yaşın­dan, ədəbi şöhrətindən asılı olmayaraq bu günlərdə hər bir söz adamı, xüsusən də gənclər həmin görüşdə “öz” Heydər Əliyevini kəşf etmək imkanı qazandı. Prezident vəzifə və şəxsiyyətinin siqləti, ağırlığı ilə heç kəsi sıxıb əzmirdi. Əksinə, çıxış edənləri monoloqdan dialoqa, açıq və bərabərhüquqlu fikir mübadiləsinə səsləyirdi. 

Oktyabrın 30-da isə əvvəldən sona–seçkili orqanlara səsvermə başlaya­na qədər qurultayın işində iştirak etdi. Müstəqilliyin ədəbi-mədəni quruculuğu ilə bağlı proqram xarakterli nitq söylə­di. Həm də Heydər Əliyev qurultaya tək gəlməmişdi. Yeni dövrün ədəbiyyatı, mə­dəniyyəti, ideologiyası üçün cavabdeh olanların hamısını özü ilə gətirmişdi. Qu­rultayın məriuzəçilərindən biri olduğum üçün rəyasət heyətində oturmuşdum. Odur ki, zalı diqqətlə müşahidə edə bi­lirdim. Ədəbiyyat və ideologiya məmur­larının bəziləri yerlərində mürgülədikləri (xüsusən də nahar fasiləsindən sonra!) halda, Heydər Əliyev məruzə və çıxışla­ra böyük maraqla qulaq asırdı. Hiss olu­nurdu ki, ədəbiyyat adamları (son illərdə keyfiyyət baxımından sıraları xeyli zəif­ləsə də!, korifeylər aramızdan getsə də!) ilə birlikdə olmaqdan zövq alır. 

Bu, Azərbaycan yazıçılarının böyük və qədirbilən dostları – Prezident Heydər Əliyevin iştirakı ilə keçirilən sonuncu ya­radıcılıq hesabatı idi. Əslinə baxanda on­dan sonra qurultayların da bir dadı-duzu qalmadı. Heydər Əliyevin yoxluğu ölkə həyatının bütün digər sahələri ilə bir­likdə yaradıcı mühitdə də (bəlkə də hər yerdən daha çox) hiss olunmaqda idi. Çünki Azərbaycana rəhbərlik etdiyi dörd­də bir əsr ərzində bu mühitin ilham və istiqamətvericisi, ruhlandırıcı və qoruyu­cusu olmuşdu.

Mənə elə gəlir ki, o, sənət adamlarının mühitində ruhən dincəlirdi, daxilən zövq alır, hətta şənlənirdi. Bürokratik mühitin bozluğundan, tutuquşu kimi eyni sözləri, kəlmələri təkrarlayan bəzi məmurların da­rıxdırıcı yeknəsəkliyindən, dövlət idarəçili­yinin dəyişməz protokol qaydalarından bir neçə saatlığa da olsa uzaqlaşırdı. Təkcə elə Qabilin “Heydər müəllim, uşaqlar İntu­ristin Mramornı zalında yaxşı süfrə açıb­lar, qutab-filan da var, bizimlə adama yüz qram vurardınız” sözləri, yaxud Sirus Təb­rizlinin öcəşkənliyə varacaq dərəcədə söz güləşdirməsi (amma qarşısının inzibati-a­mirlik yolu ilə alınmaması!) dövlət başçı­sını vəzifə borcuna görə uzaq düşdüyü, darıxdığı adi, gündəlik həyata qaytarırdı. O biri tərəfdən ədəbiyyat əhli də başa düşürdü ki, Prezident məmurlarla müqa­yisədə onlara bəlli bir azadlıq, sərbəst davranmaq, gizli həqiqətləri demək üçün kart-blanş verib. Həm də bu azadlıqdan şəxsi problemlərin həlli üçün deyil, xalqın və dövlətin xeyrinə, ədəbiyyatın və bədii sözün faydasına istifadə olunanda daha məmnun qalır, yaradıcı insanlara daha böyük ehtiram göstərir.

Məmur və ədəbiyyat adamı...Heydər Əliyevin rəhbərliyi altında dörd ilə yaxın hər iki ipostasda görünmək imkanım olub... Bir epizodu xatırladım:

1990-cı ildə müdafiə etdiyim doktor­luq dissertasiyası 2002-ci ildə – XİN-də çalışdığım vaxt “Rusiya şərqşünaslığın­da Azərbaycan məktəbi” adı altında rus dilində çap olunmuşdu. Görünür, ani şöhrətpərəstlik hissi sağlam düşüncəyə üstün gəldi və kitabın bir nüsxəsini Prezi­dentə (daha doğrusu, Prezident kitabxa­nasına) hədiyyə etməyə qərar verdim. Amma hədiyyəmin xoş qarşılandığını deyə bilmərəm. Əksinə, özüm də göz­ləmədiyim halda dövlət başçısından na­razılıq ifadəsi olan sözlər eşitdim:

– Sənə etimad göstərib mühüm və­zifəyə irəli çəkmişik. Bütün vaxtını, ener­jini üzərinə düşən işi layiqincə yerinə yetirməyə sərf eləməlisən. Əsər, roman, şeir yazmaq kimi məsələlərlə pensiyaya çıxandan sonra məşğul olarsan...

Kitabın on-on beş il əvvəl yazıldığını, indi hətta istəsəm də belə işlərə qətiyyən vaxt tapılmadığını desəm də hiss etdim ki, inandırıcı alınmadı. Amma Prezident sərt, tələbkar olduğu qədər də həssas­lıq və mülayimlik nümayiş etdirməyi də bacarırdı. İradları qarşısında pərt vəziy­yətə düşdüyümü görüb kitabı masanın üstündən götürdü, mündəricata, şəkillərə baxdı, annotasiyaya göz gəzdirdi. Sonra mənə müraciətlə:

– Bu Kazımbəylərdən birinin Rusiya­nın çox mühüm keşişi olmağından xəbə­rin var? – deyə soruşdu.

Mən professor Mirzə Kazımbəyin Ka­zan Ruhani Akademiyasında çalışması, xristian dini kitablarının türk-tatar dillərinə tərcüməsi ilə bağlı Müqəddəs Sinoddakı fəaliyyəti haqda danışmağa başladım. Prezident sözümü yarıda kəsib:

– Yox, mən son vaxtları, 1970-ci il­ləri nəzərdə tuturam, – dedi. – Yadım­dadır ki, o vaxtlar Moskva Patriarxat­lığında Kazımbəy familiyalı bir nəfər vardı. Deyəsən, rus kilsəsinin beynəlxalq əlaqələr məsələsinə baxırdı. Bir-iki dəfə Nazirlər Sovetində görmüşdüm. Həmişə fikirləşirdim ki, Kazımbəy hara, keşişlik hara? Şəxsən tanış deyildik. Ona görə də özündən soruşa bilməmişdim. İmkan olanda, maraqlanarsan. Gələcəkdə, yəni vəzifədən gedəndən, pensiyaya çıxan­dan sonra! Yoxsa “Prezident mənə tap­şırıq verib” – bəhanəsi ilə iş-gücünü atıb yenə kitab yazmağa qurşanma! 

Heydər Əliyev bu sözləri əsəbi yox, gülümsər ifadə ilə dedi. Başa düşdüm ki, hətta “qadağanı” pozsam da, buna xüsu­si irad tutulmayacaq.

Amma sonralar maraqlandım və Mirzə Kazımbəyin oğlu xətti ilə nəticəsi, görkəmli din xadimi, 1930-cu illərdə Ru­siya siyasi mühacirətinin, Qərbdə böyük populyarlıq qazanmış “Molodaya Ros­siya” hərəkatının liderlərindən biri olan, Vətənə qayıdandan sonra ömrünün axı­rına qədər Moskva Patriarxatlığının bey­nəlxalq əlaqələr şöbəsinə rəhbərlik etmiş ilahiyyatşünas Lev Aleksandroviç Kazım­bəy (1902-1977) haqqında “Kazımbəy­lər nəsli: 200 il Rusiya ilə birlikdə” adlı məqalə yazdım. Araşdırma diqqəti çəkdi. Rus və ingilis dillərinə də tərcümə edildi. Mərhum Prezidentlə aramızdakı qısa di­aloqu da epiqraf kimi əvvəldə verdim.

Bu epizodu niyə xatırladım? Özü­mü çox bacarıqlı məmur saymıram. Və hərdən fikirləşirəm ki, bəlkə də Heydər Əliyevin rəhbərliyi altında işlədiyim döv­rdə yol verdiyim səhvləri, düşünülməmiş addımları da, necə deyərlər, “şairliyimə” bağışlayıb. Çünki o, sözün hikmətinə inanırdı, böyüklük və məşhurluq səviy­yəsindən asılı olmayaraq söz adamlarına həmişə diqqət və qayğı ilə yanaşırdı.

Azərbaycan ədəbiyyatı tarixində tək rəhbərlik fəaliyyəti deyil, həm də bədii yaradıcılığı ilə tanınan dövlət başçıları az olmamışdı – Qazi Bürhanəddin, Ca­hanşah Həqiqi, Şah İsmayıl Xətai, Nəri­man Nərimanov... Heydər Əliyev isə öz üzərinə daha böyük missiya – ədəbiyya­tın yaxın dostu, tələbkar oxucusu, çətin məqamlarda isə qoruyucusu, mühafizi olmaq vəzifəsini götürmüşdü. Və onillik­lər boyu bu missiyanı şərəflə yerinə ye­tirmişdi...

Sosial həyat