Şuşada qıy vuran qartallarla söhbət
Cıdır düzündəyəm, ilk dəfə görənlərin heyrətlə izlədikləri sıldırım qayaların başında dayanmışam. Yay fəslinin ilk günlərində günorta çağı həzin soyuqdan üşümək ruhumu təzələyir. Rəsul Rzanın təbirincə desək:
Kirsin sərin mehi gəlir,
sığallanır Cıdır düzü.
Dan yerindən qalxan günəş
xəbər verir,
zəfər dolu bir gündüzü.
Danış-danış Cıdır düzü...
Ancaq tarixlər şahidi, ərlər-ərənlər oylağı, türk oğlu türk igidlərinin at çapıb qurşaq tutduğu, qırmızı koftalı, yaşıl tumanlı, abırlı-həyalı qız-gəlinlərin onları oğrun-oğrun süzüb sevdalandıqları bu sehrli məkan doğmalarına qovuşmağın sərməstliyindən susub, danışmır.
Əvəzində dərin dərələrdən dolana-dolana pərvazlanmaqda olan bir cüt qartal “qıy” çəkərək duyğularıma qarşılıq verir, səssiz həmsöhbətimə çevrilir. Zirvələrin sahibi, masmavi səmanın hökmdarı olan bu qartallar o qədər qayğısız, o qədər firavan və xoşbəxt uçurlar ki... Qorxmadan, ürkmədən, başımın üstünə qədər yaxın gələrək, havada süzülüşlərinin səsini eşidə biləcəyim qədər...
Sanki illər boyu gördüklərini danışmaq, dərdləşmək istəyirlər. Sanki bir vaxtlar bu yamyaşıl çəmənliyin mənfur düşmənin sərxoş rəqslərindən inlədiyinə, Xarı bülbülün qəhrindən saralıb-solduğuna necə qəzəbləndiklərini xatırladırlar.
Elə bil yenilməz Sərkərdənin rəhbərliyi ilə başında dayandığım sıldırımlar yuxarı dırmaşaraq yalın əllə həmin kafirlərə qan udduran, soysuz-köksüz yağıları torpağımıza göz dikdiklərinə peşiman edən, gəldikləri yerə qədər qovan cəngavər oğullarımızın qəhrəmanlıqlarını qürurla yada salırlar.
Sanki Cıdır düzünün üzlərindən xoşbəxtlik, gözlərindən sevinc yağan, dillərindən şəhidlərimizin ruhuna dualar ucalan ziyarətçilərinə deyirlər ki, ehtiyatla addımlayın, ayaq basdığınız bu torpağın hər qarışı qanla yoğrularaq müqəddəsləşib.
Əziz Şuşam,
gözəl Cıdır düzüm,
tarix sənin
torpağında, daşındadır,
hər yan-yörən,
hər dolayın,
hər cığırın
Azərbaycan – Vətən dadır!
Azərbaycan, Vətən dadan torpağına, daşına, dolayına, cığırına qurban, Cıdır düzü. Səni daha heç vaxt tək qoymayacağıq!
Mahir Rəsuloğlu,
XQ-nin Qarabağ müxbiri,
Şuşa