Bakı konfransında “İslamofobiya və mediada nifrət çağırışları” mövzusu müzakirə edilib

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində "İslamofobiya və mediada nifrət çağırışları” adlı aralıq sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Televiziyasının sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən aralıq sessiyada çıxış edən “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui son 30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların aparıldığını deyib. Bildirib ki, bu tədqiqatlar faydalı olması ilə yanaşı, məhdud idi. İslamofobiya indi geniş vüsət alıb. Artıq biz tam fərqli səviyyəyə çıxmalıyıq. İslamofobiyanın mövcudluğu artıq faktdır. Tədqiqatlarda biz məhz medianın bunu necə qələmə verdiyinə baxmalıyıq.

Tarık Çerkaui, həmçinin bildirib ki, mövcud olan çərçivələr dərin kök salmış inanclar üzərindən qurulub. İnanc və miflər istənilən cəmiyyətdə formalaşıb. Zaman keçdikcə əsas çərçivə müəyyən prinsiplərə bağlı olur. Bunlar insanların şüurunda dərin kök salır. "Azərbaycanda və digər ölkələrdə islamofobiya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər keçirilir. Amma, eyni zamanda, bununla bağlı media sahəsindəki insanlarla təlimlər təşkil edilməlidir", - deyə Tarık Çerkaui qeyd edib.

Niderlanddan Media və Kommunikasiya üzrə professor, Qlobal Media və Kommunikasiya üzrə Proqram Direktoru İdil Osmanın sözlərinə görə, İslamın şeytan cildinə salınmasının şahidi oluruq. O diqqətə çatdırıb ki, 11 sentyabr terror aktları Qərb mediasında İslam dini ilə bağlı düşüncələri alt-üst elədi. İslam dini fərqli şəkildə qələmə verildi. Müsəlmanların Qərbi məhv etmək, onun mədəniyyətini dağıtmaq istədikləri düşünülür. Onlar fikir azadlığına bir təhdid kimi görülür.

İslamofobiyaya qarşı mübarizə yolları barədə fikirlərini səsləndirən İdil Osman qeyd edib ki, qeyri-müsəlman icmaları ilə daha çox əməkdaşlıq etmək lazımdır. Eyni zamanda, müsəlman cəmiyyətləri ilə də əlaqələr daha da genişləndirilməlidir: "Praktiki olaraq daha çox müsəlman mediasının nümayəndələri Qərbə getməli, orada çalışmalıdırlar. Bu məsələdə sosial media plaftormalarının da əhəmiyyəti olduqca böyükdür. Bundan maksimum faydalanmalıyıq. Müsəlman icmaları ilə kütləvi şəkildə işlənilməlidir", - deyə İdil Osman vurğulayıb.

Qətərdən olan Baş araşdırma mütəxəssisi Kərim Məcri müxtəlif ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Deyib ki, bu, daha səmərəli yanaşma hesab olunur. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır. Ona hörmətlə yanaşılmaldır.

"Düşünürəm ki, gənc müsəlmanlara daha çox dəstək vermək lazımdır. Onlar media sahəsində daha aktiv olmalıdırlar. Müsəlmanlar hazırkı günümüzdə bir çox ölkədə yaxşı vəzifələr tutmağa başlayıblar. Etik jurnalist düzgün və dürüst reportaj hazırlamalıdır. Jurnalistlər məlumatı araşdırmalı, dəqiqliyə əmin olmalıdırlar. Media nümayəndələri savadsızlıq nümayiş etdirməməlidirlər. Yaydıqları məlumatların nə kimi nəticələr verəcəyini öncədən müəyyənləşdirməlidirlər. Jurnalistlər öz xidmətlərinin məsuliyyətini başa düşməlidirlər", - deyə Kərim Məcri diqqətə çatdırıb.

ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə məşğul olan adamlar dövlətə daim ehtiramını bildirib, ona sadiq olublar. Son illər ərzində Azərbaycan dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün dindarlara hər bir şəraiti yaradıb.

Onun sözlərinə görə, Qərb mediasında 2011-2015-ci illərdə hansısa təcavüzü müsəlman törətsəydi bu beş dəfə daha çox qabardılırdı və cəmiyyətdə müsəlmanlara qarşı gərginliklər yaradırdı Bu sahədə ekspertlər iş görməli, təhlillər aparmalıdırlar. "Qurani-Kərim"in yandırılması, Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə fikir azadlığı demək olmaz. İfadə azadlığı qorunarkən digər insanların haqları alçaldıla bilməz. Təhqiramiz hərəkətlər mütləq cəzalandırılmalıdır.

Şəfəq Mehrəliyeva, həmçinin müsəlman jurnalistlərin daha çox maariflənmələrinin və tədqiqatlar həyata keçirmələrinin vacibliyini qeyd edib.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar Qərbi azərbaycanlıların türk və müsəlman olduğuna görə öz dədə-baba yurdlarından ermənilər tərəfindən qovulduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən bir neçə dəfə didərgin salınıb, öldürülüb, işgəncələrə məruz qalıblar. İslamofobiyaya misal olaraq Qərbi Azərbaycanda 300-ə yaxın dağıdılmış məscidi göstərmək olar. "Didərgin düşmüş insanlar sülh yolu ilə öz torpaqlarına qayıtmaq istəyirlər. Bununla bağlı dünya ictimaiyyətinə, həmçinin Ermənistan baş naziri Nikol Paşinyana müraciət ünvanlamışıq. 1988-ci ildə 300 min azərbaycanlının 11 gün ərzində Qərbi Azərbaycandan qovulması sadəcə dəhşətdir. Ermənistan bu insanların öz yurdlarına qayıtmasını istəmir və insan hüquqlarının pozulduğunu nümayiş etdirir, onların mediası da səhv məlumatlarla Qərb ictimaiyyətini yanlış yönləndirir", - deyə Ülviyyə Zülfiqar diqqətə çatdırıb.

Sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

rom1.jpg

Siyasət