Britaniyalı deputatlar: Xocalı qətliamının günahkarları ədalət qarşısına çıxarılmalıdır

post-img

Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycan xalqına və hökumətinə, xüsusən də Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş faciədən zərər çəkənlərə başsağlığı ifadə olunur. Qeyd edilir ki, müharibə zamanı mülki əhalinin ən böyük itki verdiyi Xocalı qətliamı Azərbaycanın yeni tarixinin ən faciəli səhifəsidir.

Sənəddə göstərilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə artilleriya ilə bombardmandan sonra Xocalı şəhəri ələ keçirilib. Xocalı qətliamı nəticəsində 5379 nəfər şəhər sakini öz evindən zorla qovulub, 1275 nəfər əsir və girov götürülüb, 487 nəfər yaralanıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə 613 nəfər qətlə yetirilib.

Bəyanatda bildirilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu hücumu həyata keçirənlərin davranışını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlərə səbəb ola biləcək hərəkətlər” kimi qiymətləndirib.

“Ukraynada baş verən beynəlxalq humanitar hüququn ağlasığmaz pozuntuları bu cür halların qarşısını almaq üçün təsirli tədbirlər görməklə beynəlxalq humanitar hüquq sisteminin gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Bu baxımdan, Xocalı qətliamı da daxil olmaqla, bütün qətliamların günahkarlarının təxirə salınmadan ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulamaq istərdik”, - deyə britaniyalı parlamentarilər qeyd ediblər.

Sənəddə 2020-ci ildə hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına nail olmaq məqsədi daşıyan bütün maraqlı tərəflərin iştirak etdiyi danışıqlara dəstək ifadə olunub. Minalardan təmizləmə, kommunikasiyaların açılması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı problemlər də daxil olmaqla, münaqişədən sonrakı bir sıra məsələləri tezliklə həll etməyin vacibliyi vurğulanıb. Sülh prosesinə dəstək olmaq üçün hər iki tərəflə əməkdaşlığı gücləndirilməsinə çağırış ifadə olunub. “Biz, həmçinin Böyük Britaniya hökumətini məcburi köçkünlərin geri qayıtması və məskunlaşması üçün normal şəraitin yaradılmasında mühüm məqsəd olan minalardan təmizləmə işlərinə töhfəsini davam etdirməyə təşviq edirik”, – deyə parlamentarilər vurğulayıblar.

Siyasət