Paşinyan Münxendə böhtan və təxribat xarakterli çıxışı ilə iç üzünü bir daha ortaya qoydu

post-img

Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz dövlətləri liderlərinin panel müzakirələrdə bir araya gəlməsini tarixi bir hadisə kimi qiymətləndirmək olar. Bölgədə sülhün bərqərar olunması üçün bu görüş müsbət nəticə verə bilər.  Lakin təəssüflə qeyd etmək lazımdır ki, Qərbdəki bəzi qüvvələr, xüsusən də Fransa prezidenti Makron bölgədə sülhün yaranmasına hər vasitə ilə maneələr törətməyə çalışır. Makron Münhendə çıxışı zamanı hər zaman Ermənistanın tərəfində olacağını bildirməklə  ölkəsinin vasitəçilik missiyasının yerinə yetirilməsinin üzərindən xətt çəkmiş oldu. 

Paneldə Paşinyan yazıq və “sülhsevər” obrazına girərək, Qərbdəki öz ağalarının dediklərini dilə gətirərək, böhtan və təxribat xarakterli çıxışı ilə yenə gündəmə gəldi. Paşinyan dünya ictimaiyyətinin diqqətini, guya, Laçın dəhlizində ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətini ittiham etməyə çalışdı. Digər tərəfdən Qarabağda baş verənləri dini konteksə yönəltməyə cəhd göstərmək istədi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış məscidləri Sovet İttifaqının üzərinə yıxmağa çalışması əsl erməni xisləti idi. Paneldə moderatorun da təxribat xarakterli sualları diqqətdən qaçmadı. Belə ki, o, Laçın dəhlizində ermənilərin humanitar fəlakətlə qarşılaşmaları barədə təxribat xarakterli suallar verirdi və sanki Paşinyana nədən danışmaq lazım olduğunu başa salırdı. 

Prezident İlham Əliyev isə qətiyyətlə Azərbaycan dövlətinin və Azərbaycan xalqının mövqeyini və bölgədə sülhün yaranmasına hər zaman tərəfdar olduğunu bildirdi. Ölkə başçımız müharibə və postmüharibə dövründə regionda baş verən bütün hadisələri faktlarla hər kəsin diqqətinə çatdırdı. Laçın dəhlizində yolun bağlı olmamasını, Rusiya sülhməramlı qüvvələrinin, Qırmızı Xaç Komitəsinin avtomobillərinin sərbəst formada hərəkət etdiyini vurğuladı. Laçın dəhlizi  bağlı olsaydı, separatçı Vardanyan Qarabağdan İrəvana, Moskvaya və yenidən Qarabağa gedən yolu “su yoluna” döndərə bilməzdi. Ölkə başçımız ABŞ Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşdə, eləcə də panel iclasında bir daha Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə  dövlətimizin zəmanət verdiyini, Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə müzakirə aparmağa razı olduğunu vurğuladı. Azərbaycan başqa ölkədən göndərilən və Qarabağa aidiyyəti olmayan separatçı Vardanyanla hər hansı məsələ barədə müzakirə aparmaq fikrində deyil. Bu, Azərbaycan dövlətinin qəti mövqeyidir.

Azərbaycan dövləti, Azərbaycan  - Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik etmək istəyən və ölkəmizin ərazibütövlüyünü, suverenliyini tanıyıb hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat və ölkə ilə əməkdaşlıq etməyə hazırdır. Əlbəttə  ki, Fransa istisna olmaqla.

Paneldə Paşinyan və moderator qismində iştirak edən Avropa İttifaqının nümayəndəsinin Dağlıq Qarabağ ifadəsini işlətməsi haqlı olaraq ölkə başçımız tərəfindən sərt şəkildə tənqid olundu. Prezident  İlham Əliyev həm Vətən müharibəsi,  həm də müharibə başa çatdıqdan sonra bütün çıxışlarında dünya ictimaiyyətinə çatdırırmışdır ki, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi mövcud deyil. İndiyə qədər baş tutan görüşlərin yekun bəyannamələrində də Dağlıq Qarabağ kəlməsi yer almamışdır.

Münhendə Prezident  İlham Əliyevin Laçın və Zəngəzur dəhlizlərində hər iki dövlət tərəfindən nəzarət  -  buraxılış məntəqələrinin yaradılması haqqında təklifi vasitəçilər tərəfindən müsbət qarşılandı. Düşünürəm ki, Ermənistan  rəhbərliyi də bu təklifi müsbət dəyərləndirərsə, sülhə yaxınlaşmağa böyük töhfə vermiş olar. İstənilən halda Münhen görüşləri yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək. 

 

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, BDU nun kafedra müdiri, professor

Son xəbərlər