Moldova mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib

post-img

Moldovanın “İnfotag” xəbər agentliyində Xocalı soyqırımına dair məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun müəllifi olduğu məqalədə Ermənistan dövlətinin soyqırımı siyasəti həyata keçirdiyi vurğulanıb.

Müəllif qeyd edir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylardır mühasirədə olan Xocalı şəhərinə hücum edərək onu yerlə-yeksan etdilər. Bu soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 nəfər isə ağır yaralanıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xəyanətkar hücum nəticəsində 1275 nəfər əsir və girov götürülüb, işgəncələrə məruz qalıb, onlardan 150-nin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.

Faciəyə ilk dəfə olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edərək, BMT-yə, dünya dövlətlərinə bu qətliamın əsl mahiyyətini açıqlayıb.

Bir müddət sonra, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verildi. Bu kampaniyanın məqsədi Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının qlobal səviyyədə tanınmasına, siyasi-hüquqi qiymət verilməsinə nail olmaq, həmçinin bu cinayəti törədən şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olmaqdır. Xocalı faciəsi soyqırımı aktı kimi artıq bir çox ölkələrin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb.

Səfir məqalədə, həmçinin yazır ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədalətə qovuşdu və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdi, ərazilərini işğaldan azad etdi. Bu gün bu ərazilərdə, Qarabağda çoxlu bərpa-quruculuq işləri aparılır.

Azərbaycan və ölkəmizin rəhbərliyi regionda sülhün və sabitliyin bərqərar olması üçün böyük səylər göstərir. Dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionun bütün xalqlarının mənafeyinə uyğun olan bu sülhə və firavanlığa nail olmağa imkan verəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Qan yaddaşı