Musiqinin haray səsi – Xocalı

post-img

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi təşkil edilib. 

Tədbirə başlamazdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra, dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Xocalı faciəsinin qurbanlarına dərin ehtiram hissi olaraq kədərli musiqi notlarının sədaları altında  instrumental musiqilər səsləndiriblər.

Anım mərasimində Qara Qarayev “Matəm odası”, Əli Əlizadə “Serenata dolore”, Soltan Hacıbəyov “Karvan” simfonik lövhəsi, Rauf Əliyev “Şuşanın dağları başı dumanlı” simfonik poeması, Aqşin Əlizadə 4 nömrəli “Muğamvari” simfoniyası, Rauf Əliyev “Azadlığa gedən yollar”, Aqşin Əlizadə “Azərilər” Kantatasından “Final” adlı musiqi əsərləri dinləyicilərə təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Gülbacı İmanova Xocalı faciəsinin qurbanlarını hər il olduğu kimi musiqinin dili ilə yad etdiklərini bildirib. Azərbaycan vətəndaşı olaraq Xocalı faciəsini bu cür təntənəli şəkildə qeyd etməyi özlərinə mənəvi borc bildiyini diqqətə çatdırıb.

Fidan Hüquqqızı
Elşən Ağalarov (foto)
“Xalq qəzeti”













Qan yaddaşı