Milli Kitabxanada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir təşkil olunub

post-img

Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar tədbir və Səkinə Turabqızının müəllifi olduğu “Əsir Xocalı” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, insanlığa sığmayan bir qətliamdır. Ötən əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı aktı heç vaxt xalqımızın yaddaşından silinməyəcək: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirdiyi təbliğat kampaniyası çərçivəsində keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Bizim vəzifəmiz belə qətliamların unudulmaması və yaddaşlarda qalması üçün daima geniş təbliğat işləri aparmaqdan ibarətdir.

Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı törədilən qanlı qətliam nəticəsində, 613-dən artıq dinc sakin məhz azərbaycanlı olduğuna görə qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1275-dən artıq insan isə girov götürülüb.

AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev 31 il əvvəl törədilmiş Xocalı faciəsinin tarixi faktlarından bəhs edərək bildirib ki, XX əsr bəşər tarixi iki böyük dünya müharibəsi ilə yadda qalıb. İlk dəfə XX əsrdə soyqırımı ifadəsi qocaların, uşaqların, günahsız insanların qətlini təsvir etmək üçün istifadə edilib: “Xalqımız da XX əsrdə bir neçə dəfə amansızlıqlara məruz qalıb. 1918-ci və 1991-ci ildə iki dəfə müstəqilliyini bərpa edib. Nəhayət, 1988-ci ildə ermənilər Moskvanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təcavüzlərə başlayıb. Biz mənbələrə əsaslanaraq sübut edə bilirik ki, məhz azərbaycanlı, türk olduğuna görə ermənilər dinc əhalini amansızcasına qətlə yetirib”.

Təqdimatı keçirilən “Əsir Xocalı” kitabının müəllifi Səkinə Turabqızı bildirdi ki, kitabda Xocalı faciəsi zamanı əsirlik həyatı yaşamış Xocalı sakinlərinin taleyindən, onlara verilən dözülməz işgəncələrdən, erməni vandalizmindən söhbət açılır.

Qarabağ Regional Təhsil idarəsinin metodisti, əslən Xocalıdan olan Samirə Hüseynova çıxışı zamanı faciənin dəhşətlərinə necə şahid olduğundan bəhs edərək, bütün ailə üzvlərini də həmin faciədə itirdiyini bildirib.

Tədbirin davamında Suraxanı rayonu 232 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndi.

Tədbir zamanı “XX əsrin faciəsi – Xocalı Soyqırımı” adlı elektron məlumat bazası (http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) və Xocalı ilə bağlı hazırlanmış sənədli film nümayiş edilib.

Sonda tədbir iştirakçıları və qonaqlar “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış oldular.



Qan yaddaşı