Polşa “Abrams” tankları alır

post-img

Polşa ABŞ-dan M1A1 “Abrams” əsas döyüş tanklarının ilk partiyasını bu ayın sonunda təhvil alacaq. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında bildirib.

Nazir yazıb ki, ilk partiyada 14 ədəd M1A1 “Abrams” tankı və 3 ədəd M88A2 “Hercules” xilasedicilər Polşaya təhvil veriləcək.

M1 “Abrams” keçən əsrin 70-ci illərində hazırlanmış və 1980-ci ildən bu yana istehsal olunan ABŞ-ın əsas döyüş tankıdır. Tank ABŞ Dəniz Qüvvələri Korpusunun və ABŞ ordusunun, habelə Misirin, Səudiyyə Ərəbistanının, Küveytin, İraqın, Avstraliyanın, Tayvanın və Mərakeşin silahlı qüvvələrinin sərəncamınadır. Tankların Ukraynaya tədarükü də nəzərdə tutulur. Belə ki, 25 yanvar 2023-cü ildə ABŞ-ın hərbi yardımı çərçivəsində 31 ədəd M1A2 “Abrams” tankının çatdırılması planlaşdırılır.

M1A1 “Abrams” modifikasiyası 1984-cü ildə hazırlanıb və əsas versiyasından 120 mm-lik hamar lüləli topu (əsas versiya 105 mm-lik yivli lüləli topla silahlanıb), gücləndirilmiş zirehi və kondisioner sistemi ilə fərqlənir.

Hazırda “Abrams” tankının ən yeni modifikasiyası ictimaiyyətə ilk dəfə 2014-cü ildə təqdim edilmiş M1A3 modelidir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Ordu